İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan üç böyük referendum astanasında

Ermənistanda avqustun 2-də yeni qanunverici orqanın fəaliyyətə başlaması ilə deputatların səlahiyyətləri rəsmən təsdiqlənəcək, parlamentin spikeri və vitse-spikerləri seçiləcək, daimi komitələrin tərkibi müəyyənləşdiriləcək və növbəti siyasi dövrün əsas fəaliyyət istiqamətləri formalaşdırılacaq.

Seçkilərin nəticələrinə əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə 64 mandat əldə edərək ən böyük fraksiya statusunu qoruyub saxlayıb. "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 deputatla qanunverici orqanda təmsil olunacaq.

Lakin yeni parlamenti gözləyən əsas məsələ təkcə daxili idarəetmə ilə bağlı deyil. Gündəliyin ən vacib mövzularından biri Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişikliklər olacaq. Rəsmi Bakı uzun müddətdir ki, Azərbaycan əleyhinə ərazi iddiaları kimi qiymətləndirilən konstitusion müddəaların aradan qaldırılmasını dayanıqlı sülhün əsas şərtlərindən biri kimi irəli sürür. Bu baxımdan, İrəvanda başlanacaq yeni parlament dövrü Cənubi Qafqazda sülh prosesinin gələcək istiqamətinə də birbaşa təsir göstərə bilər.

Hakim partiyanın parlamentdə çoxluğa malik olmasına baxmayaraq, Konstitusiyanın yenilənməsi yalnız deputatların səsverməsi ilə mümkün deyil. Ermənistan qanunvericiliyi əsas qanuna ciddi dəyişikliklərin və ya yeni Konstitusiyanın qəbulunun ümumxalq referendumu yolu ilə təsdiqlənməsini tələb edir.
Bu arada Ermənistanın sabiq fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan "Politik.am"ın YouTube kanalına müsahibəsində "TRIPP" layihəsi və Zəngəzur istiqamətində kommunikasiyaların açılması ilə bağlı diqqətçəkən açıqlamalar verib. Keçmiş diplomat bildirib ki, Ermənistan ərazisindən keçəcək nəqliyyat marşrutu ölkənin ərazi bütövlüyünə toxunan məsələ olduğundan belə bir razılaşma yalnız referendumun nəticəsi ilə hüquqi qüvvə qazana bilər.

Digər tərəfdən, Ermənistan Mərkəzi Seçki Komissiyası "Avrasiya Alyansı" vətəndaş təşəbbüs qrupunun referendumun təşkili ilə bağlı müraciətini qeydiyyata alıb. Müzakirəyə çıxarıla biləcək əsas mövzulardan biri isə Ermənistanın gələcək geosiyasi seçimi – Avropa İttifaqına inteqrasiya etmək, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi olacaq.

Ermənistan eyni vaxtda həm Konstitusiya dəyişiklikləri, həm də Zəngəzur dəhlizi ilə bağlı referendumlara gedə bilərmi? Referendumlar regionun siyasi xəritəsini dəyişəcəkmi? İrəvanın verəcəyi qərarlar Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərəcək? Ermənistan Avropa ilə inteqrasiyanı seçəcək, yoxsa Moskvanın rəhbərlik etdiyi ittifaqda qalmağa üstünlük verəcək?

1655131686_404201.jpg (103 KB)

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a dedi ki, Ermənistanda yeni parlamentin qarşısında duran əsas məsələ qanun qəbul etməkdən daha çox siyasi legitimlik yaratmaqdır: “Ermənistanda həm Konstitusiyanın dəyişdirilməsi, həm də ölkənin gələcəyini müəyyən edən qərarlar parlamentdə həll olmur. Ermənistan qanunvericiliyi belə dəyişikliklərin referendum yolu ilə təsdiqini tələb edir. Bu isə Paşinyan hakimiyyətini cəmiyyətin birbaşa dəstəyini almağa məcbur edir.

Bizim üçün ən vacib məsələ Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Əgər İrəvan sülh sazişini imzalamaq istəyirsə, mütləq referenduma getməlidir. Buna görə yeni parlament Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsini özünün əsas siyasi platformasına çevirməlidir.

Keçmiş səfir Dzyunik Ağacanyanın kommunikasiyaların açılması barədə səsləndirdiyi fikirlər Zəngəzur dəhlizi ilə bağlı Ermənistan daxilində kifayət qədər gərgin münasibətlərin olduğunu göstərir. O hesab edir ki, bu məsələ də referendum vasitəsilə həll olunmalıdır. Ermənistanda bəzi dairələr tərəfindən Zəngəzur dəhlizi məsələsi ölkənin suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirildiyindən belə bir təklif üzərində təkid edilir. Bütün bunlar Ermənistanda Zəngəzur marşrutu ətrafında siyasi mübarizənin və qütbləşmənin daha da güclənəcəyini göstərir. Paşinyan iqtidarının bu məsələ ilə bağlı manevr imkanları da faktiki olaraq minimuma yaxınlaşır. Ona görə də Paşinyan siyasi məsuliyyətin cəmiyyətlə bölüşdürülməsi məqsədi ilə bu məsələnin referenduma çıxarılmasını dəstəkləyə bilər.

Bununla yanaşı, Ermənistanın qarşısında daha bir referendum mövzusu formalaşır. Mərkəzi Seçki Komissiyasının “Avrasiya Alyansı” təşəbbüsünü qeydiyyata alması göstərir ki, ölkədə Avropa Birliyi ilə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı arasında seçim məsələsi də gündəmə gəlir. Bununla bağlı referendum təkcə iqtisadi seçim olmayacaq. Əslində söhbət Ermənistanın geosiyasi yönümünün müəyyənləşdirilməsindən gedir. Beləliklə, yaxın dövrdə Ermənistanda bir-biri ilə əlaqəli üç böyük referendum gündəliyi formalaşır. Bunlara Konstitusiya islahatı, Zəngəzur dəhlizi və ölkənin xarici siyasi kursu məsələsi daxildir.

“Putin ittifaqı” ifadəsi də məhz bu kontekstdə ortaya çıxır. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmağa üstünlük verərsə, bu, Rusiyanın regiondakı təsirini qoruyub saxlaması deməkdir. Əksinə, Avropa İttifaqına inteqrasiyaya üstünlük verilərsə Moskvanın Cənubi Qafqazdakı mövqelərinə ciddi zərbə vurulmuş olur. Buna görə də Ermənistanın mümkün referendumları təkcə ölkədaxili siyasi proses deyil, həm də Rusiya-Qərb rəqabətinin bu ölkədə üzə çıxan təzahürüdür.

Belə görünür ki, avqustun 2-də fəaliyyətə başlayacaq yeni parlamentin əsas missiyası qanunvericilik fəaliyyətindən daha çox bu referendumlara siyasi və hüquqi zəmin hazırlamaq və onu hökumətin arzu etdiyi kimi nəticələndirməkdir. Referendumların nəticələri həm Azərbaycan-Ermənistan sülh prosesinin taleyini, həm Zəngəzur marşrutunun reallaşmasını, həm də Ermənistanın gələcək geosiyasi kursunu müəyyən edəcək”.

Cavanşir Abbaslı
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR