Onlayn ictimai-siyasi qəzet
1945-ci il avqustun 8-də Yaponiya səfiri Naotake Sato xarici işlər üzrə xalq komissarı Vyaçeslav Molotovun kabinetinə daxil olub. O, Moskvanın müttəfiqlərlə aparılan danışıqlarda vasitəçilik etməsini müzakirə etməyi planlaşdırıb. Lakin Molotov ilk söylədiyi sözlər iki dövlət arasında dörd il davam edən diplomatik tarazlığı alt-üst edib - Sovet İttifaqı Yaponiyaya müharibə elan edib.
Daha sonra Yaponiya tərəfi bunu “xəyanət” və “arxadan zərbə” adlandırıb. Tokio onilliklər boyu iddia edib ki, Moskva “Neytrallıq paktı”nı vicdansızcasına pozub.

Sovet İttifaqı ilə Yaponiya arasında “Neytrallıq paktı” 1941-ci il aprelin 13-də Moskvada imzalanıb. Kremldə keçirilən ziyafət zamanı Yaponiyanın xarici işlər naziri Yosuke Matsuoaka badə qaldıraraq gülümsəyərək deyib: “Razılaşma imzalandı. Mən yalan danışmıram. Əgər yalan danışsam, başım sizin olacaq. Əgər siz yalan danışsanız, mən sizin başınızın dalınca gələcəyəm”.
Stalin isə ciddi şəkildə cavab verib: “Mənim başım ölkəm üçün vacibdir. Sizin başınız da sizin ölkəniz üçün vacibdir. Gəlin çalışaq ki, başlarımız öz çiyinlərimizdə qalsın”. Daha sonra o, şəxsən Yaroslavski vağzalına gedərək Matsuoakanı yola salıb. Bu, Stalinin diplomatik fəaliyyətində yeganə belə hal olub. Sovet lideri müqavilənin əhəmiyyətini həm yaponlara, həm də almanlara göstərmək istəyib. Lakin Stalin perronda Matsuoaka ilə qucaqlaşdığı vaxt, yapon generallar artıq pakta tamamilə başqa cür yanaşıblar. Növbəti gün, 1941-ci il aprelin 14-də Yaponiya ordusunun baş qərargahının məxfi gündəliyində belə bir qeyd peyda olub: “Bu müqavilənin əhəmiyyəti cənub istiqamətində silahlı çıxışın təmin edilməsində deyil. O, yalnız sovet dövlətinə qarşı müharibəyə başlamaq barədə müstəqil qərar qəbul etmək üçün əlavə vaxt verir”.

Həmin vaxt hərbi nazir Hideki Tojo açıq şəkildə deyib: “Paktı nəzərə almadan, biz SSRİ-yə qarşı hərbi hazırlıqları fəal şəkildə həyata keçirəcəyik”.
Almaniya 1941-ci il iyunun 22-də Sovet İttifaqına hücum etdikdən sonra isə Stalinə yalan danışmayacağına söz verən həmin Matsuoaka dərhal imperator Hirohitonun yanına gedərək SSRİ-yə şərqdən təcili zərbə endirməyi təklif edib. “Şimaldan başlamaq, daha sonra isə cənuba doğru hərəkət etmək lazımdır. Pələngin yuvasına girmədən balasını çıxara bilməzsən”.
1941-ci il iyulun 2-də imperatorun iştirakı ilə keçirilən məxfi müşavirədə Yaponiya “neytrallığı” ilə bağlı bütün müzakirələrə son qoyan sözlər səslənib. Məxfi şuranın sədri Hara belə deyib: “Bəziləri deyə bilər ki, “Neytrallıq paktı” ilə əlaqədar olaraq Yaponiyanın Sovet İttifaqına hücum etməsi etik baxımdan düzgün olmaz. Lakin biz ona hücum etsək, heç kim bunu xəyanət hesab etməyəcək. Mən Sovet İttifaqına zərbə endirmək üçün fürsəti səbirsizliklə gözləyirəm”.

Baş qərargah hücum tarixini müəyyən edib - 1941-ci il avqustun 29-u. Plan “Kantokuen”- “Kvantun ordusunun xüsusi manevrləri” kod adını alıb. Hücum isə baş tutmayıb. Səbəb, sadəcə olaraq, Almaniyanın “blitskriq”inin uğursuzluğa düçar olması göstərilib. Yaponiya strategiyasında bu yanaşma “yetişmiş xurma” adlanıb: SSRİ-nin o qədər zəifləməsini gözləmək ki, meyvə özü ağacdan düşsün.
Lakin bütün bu müddət ərzində Yaponiya Moskva əleyhinə gizli müharibə aparıb. Müharibə illərində Kvantun ordusunun bölmələri SSRİ-nin quru sərhədini 779 dəfə pozub, təyyarələri 433 dəfə Sovet İttifaqının hava məkanına daxil olub. 1941-ci ilin iyunundan 1945-ci ilədək Yaponiya donanması 178 sovet ticarət və balıqçılıq gəmisini saxlayıb, 18-i batırılıb. Onların arasında iri gəmilər də olub: “Anqarstroy”, “Kola”, “İlmen”, “Perekop”, “Maykop”. Yaponiya sualtı qayıqları bu gəmiləri xəbərdarlıq etmədən torpedo ilə vurub.
Yaponiya hərbi kəşfiyyatı sistemli şəkildə Almaniyaya qırmızı ordunun bölmələrinin yerləşməsi, diviziyaların Uzaq Şərqdən qərbə köçürülməsi, təxliyə olunmuş sənayenin yerləşdirilməsi barədə məlumatlar ötürüb. Baş qərargahın kəşfiyyat idarəsinin Rusiya şöbəsinin rəhbəri, general-mayor Matsumura sonradan Tokio prosesində bunu etiraf edib. Müharibədən sonra Almaniya komandanlığının nümayəndələri təsdiqləyiblər ki, Yaponiyadan alınan məlumatlardan Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda geniş istifadə olunub.

Lakin 1942-ci il yanvarın 18-ə aid sənəd daha çox şeyi açıqlayır. Həmin gün Almaniya, İtaliya və Yaponiya SSRİ ərazisinin bölüşdürülməsi ilə bağlı məxfi saziş imzalayıblar. Yaponiyanın hərbi əməliyyatlar zonası kimi Asiya qitəsinin 70-ci şərq uzunluq dairəsindən şərqdə yerləşən hissəsi müəyyən edilib. Bölüşdürmə xəttinin Omsk meridianı boyunca keçməsi nəzərdə tutulub.
Yaponlar artıq ələ keçirmə ilə bağlı ətraflı proqram hazırlayıblar: Vladivostok, Xabarovsk, Çita, Ulan-Ude. Onlar hansı faydalı qazıntı yataqlarını (neft, kömür, dəmir filizi, molibden) ələ keçirəcəklərini də planlaşdırıblar. Yerli əhalinin şimala məcburi köçürülməsini, onların yerinə isə yaponların, koreyalıların və mancurların yerləşdirilməsi nəzərdə tutulub.
1945-ci il aprelin 5-də Sovet İttifaqı paktı denonsasiya edib. Formal olaraq, müqavilə hələ bir il — 1946-cı ilin aprelinədək qüvvədə qalmalı olub. Lakin Yalta konfransında Stalin artıq müttəfiqlərə Almaniyanın təslim olmasından iki-üç ay sonra müharibəyə qoşulacağı barədə söz verib. Mancuriya əməliyyatında qoşunlara nəzarəti itirən komandan general Yamada artıq avqustun 17-də danışıqlar aparmaq üçün müraciət edib. 1945-ci il sentyabrın 2-də Tokio körfəzindəki “Missuri” linkorunun göyərtəsində Yaponiyanın qeyd-şərtsiz təslim olması haqqında akt imzalanıb. Bununla da, Yaponiyanın planları reallaşmayıb, II dünya müharibəsi isə Almaniya, İtaliya və Yaponiyanın məğlubiyyəti ilə başa çatıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ