Onlayn ictimai-siyasi qəzet
Ermənistanın yeni Konstitusiya layihəsinin dərc olunub-olunmayacağı ilə bağlı qərar yaxın bir neçə həftə ərzində veriləcək.
Musavat.com xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.
Onun sözlərinə görə, layihənin dərc olunması məsələsi bir gün əvvəl hakim “Vətəndaş Müqaviləsi” partiyasında müzakirə edilib.
“Düşünürəm ki, yaxın vaxtlarda qərar veriləcək. Bunun üçün əvvəlcə bəzi həmkarlarımızın təqdim edəcəyi rəyləri ümumiləşdirməliyik. Bu prosesə daha bir və ya iki həftə lazım olacaq. Daha sonra bir və ya iki əlavə müzakirə aparacaq və mətnin dərc olunmağa hazır olub-olmadığına qərar verəcəyik”, – deyə Qalyan bildirib.
Nazir qeyd edib ki, layihənin indiyədək ictimaiyyətə təqdim edilməməsinin əsas səbəbi proses iştirakçılarının hamısının sənədin məzmunu ilə tam tanış olmağa vaxt tapmamasıdır.
Xatırladaq ki, Qalyan hələ 2026-cı ilin mart ayında yeni Konstitusiya mətninin hazırlanmasının başa çatdığını bildirmişdi. O zaman sənədin ayın sonuna qədər dərc ediləcəyini də açıqlamışdı. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar yer almamalıdır. Onun fikrincə, belə müddəalar regional sabitlik üçün risklər yarada bilər.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi sülh sazişinin imzalanması üçün vacib şərtlərdən biridir.

Topçubaşov Mərkəzinin direktoru, siyasi şərhçi Rusif Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyasının mətninin dəyişməsi üçün bir neçə şərt lazımdır. R.Hüseynov diqqətə çatdırıb ki, Ermənistan daxilində bəzi məsələlərə aydınlıq gətirilməməsi səbəbindən açıq qalan suallar çoxdur:
“Ermənistanda parlament seçkilərindən sonra Konstitusiyanın yenilənməsi üçün referendumun keçirilməsi Azərbaycanı ən çox maraqlandıran mövzudur. Nikol Paşinyan seçkilərdə qalib gəldi, amma Azərbaycan tərəfinə onun 2/3 səs çoxluğu ilə qalib gəlməsi daha çox sərf edirdi. Əgər Paşinyan, hazırkı səs çoxluğuna malik olacaqsa, referendum keçirmək iqtidarına olmayacaq. Belə olan halda proseslərin necə inkişaf edəcəyi sual altındadır. Ermənistan rəhbərliyinin özünə də Konstitusiya dəyişikliyi lazımdır çünki indiki hakimiyyət Serj Sərksyan tərəfindən qəbul edilmiş Konstitusiyanı tənqid edirdi. Odur ki, həm bu tənqidlərə görə, həm də Ermənistanın Avropa institutları ilə yaxınlaşması fonunda əsas qanun layihəsinin yenilənməsi Ermənistan establişmenti üçün aktual mövzudur. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın tələbləri Ermənistan əhalisi tərəfindən mənfi qarşılanır. Konstitusiya dəyişikliyi üçün referendumun keçiriləcəyi təqdirdə belə əhalinin səsverməyə gedib-getməyəcəyi sual altındadır. Digər tərəfdən hətta yetərsay olsa belə, əhalinin, xüsusilə Azərbaycanın tələbləri fonunda yeni Konstitusiya layihəsi qəbul ediləcəkmi? sualı var. Paşinyana Azərbaycanın tələblərinin reallaşması lazımdır. Bu, sırf Avropa ilə yaxınlaşmaq, Ermənistanın müasirləşdirilməsi üçün önəmlidir. Lakin Azərbaycan amili elektorat üçün əsas çəkindirici faktorlardan biridir”.
R.Hüseynov həmçinin, vurğulayıb ki, Ermənistanın hazırkı sistemi “Üçüncü respublika” adlanır: “Birinci respublika 1918-1920-ci illərdə, ikinci respublika SSRİ tərkibində mövcud olub, üçüncü respublika isə 1991-ci ildə qurulub. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra keçmiş Ermənistan prezidenti Armen Sarksyan bildirmişdi ki, üçüncü respublika uğursuzluğa düçar olduğundan bütün sistem yenilənməlidir. “Dördüncü respublikanın” elan olunması üçün isə Konstitusiya dəyişikliyi tələb olunur. Bu kontekstdən yanaşdıqda Konstitusiya dəyişikliyi Ermənistanda “Dördüncü respublikanın” elan olunması kimi başa düşülə bilər”.
Nigar Həsənli,
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ