Onlayn ictimai-siyasi qəzet
Ermənistanda parlament seçkilərindən sonra siyasi proseslər nisbətən səngisə də, ölkədə sosial-iqtisadi gərginliyin artdığı müşahidə olunur.
Musavat.com xəbər verir ki, bu barədə "Ermənistanın səsi" geniş təhlil yazıb. Bildirilir ki, seçkisonrası yaranan nisbi sakitlik fonunda əsas diqqət artıq siyasi rəqabətdən daha çox iqtisadi problemlərə və onların cəmiyyətə təsirinə yönəlir. Son günlər baş verən hadisələr göstərir ki, sosial narazılıq tədricən yeni mərhələyə daxil olur.
![]()
Bunun ən aydın nümunəsi ölkənin iri biznes strukturlarından biri olan "Multi Group" konserninin əməkdaşlarının keçirdiyi etiraz aksiyalarıdır. Konsernin sahibi Qaqik Tsarukyanın həbsindən və bir sıra müəssisələrin fəaliyyətinin dayandırılmasından sonra təxminən 10 min əməkdaş qeyri-müəyyən vəziyyətdə qalıb. Daş emalı, qida sənayesi, hotelçilik, idman və avtomobil satışı kimi müxtəlif sahələri əhatə edən müəssisələrin işçiləri iş yerlərinin bərpasını və fəaliyyətin yenidən başlamasını tələb edirlər. Bu etirazlar yalnız bir şirkətin taleyi ilə bağlı deyil, minlərlə ailənin gələcək dolanışıq imkanları ilə əlaqələndirilir.
Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Ermənistanda sosial-iqtisadi motivlərlə təşkil olunan kütləvi etirazlar siyasi aksiyalardan fərqli xarakter daşıyır. Gündəlik gəlirlərini və iş yerlərini itirmək təhlükəsi ilə üzləşən insanların etiraz potensialı adətən daha yüksək olur. Bu baxımdan "Multi Group" ətrafında yaranmış vəziyyət hökumət üçün təkcə hüquqi və ya iqtisadi məsələ deyil, həm də sosial sabitlik baxımından mühüm sınaq hesab oluna bilər. Bununla yanaşı, qeyd olunur ki, Ermənistan iqtisadiyyatı daha geniş problemlərlə üzləşməkdədir. Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri, ixrac marşrutlarında yaranan çətinliklər, kənd təsərrüfatı məhsullarının əsas bazarlara çıxarılmasında yaşanan problemlər və enerji qiymətlərinin artması iqtisadi fəallığı zəiflədən əsas amillər kimi qiymətləndirilir. Ermənistan iqtisadiyyatının uzun illər ərzində Rusiya bazarından yüksək asılılığı nəzərə alınarsa, bu məhdudiyyətlərin uzunmüddətli xarakter alması ölkənin istehsal və ixrac sektoruna ciddi təsir göstərə bilər.
"Bu şəraitdə hökumətin qarşısında duran əsas vəzifə yalnız yaranmış böhranları operativ şəkildə idarə etmək deyil, həm də iqtisadi fəaliyyətin davamlılığını təmin edəcək mexanizmlər formalaşdırmaqdır. Əks halda, ayrı-ayrı müəssisələrdə müşahidə olunan əmək etirazlarının tədricən daha geniş sosial narazılıq dalğasına çevrilməsi ehtimalı artır" deyə, "Ermənistanın səsi" bildirir.
:1200.jpg)
Nəticəyə gəlincə, nəşrə görə, Ermənistanda seçkilərdən sonra müşahidə olunan siyasi sakitlik ölkədə bütün problemlərin həll olunduğu anlamına gəlmir. Əksinə, sosial-iqtisadi çətinliklərin dərinləşməsi fonunda yeni risklər formalaşır. Mövcud tendensiyalar göstərir ki, yaxın aylarda hökumətin əsas sınağı siyasi rəqiblərlə mübarizədən daha çox, iqtisadi problemlərin yaratdığı sosial təzyiqləri idarə etmək olacaq. Bu isə Ermənistanın daxili sabitliyi və iqtisadi dayanıqlığı baxımından həlledici mərhələ hesab oluna bilər.
Musavat.com
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ