İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – “Nə dərd olaydı, nə dərman... nə böylə zillət olaydı”

Bunlara baxanda adamın yadına “Kor ərəbin mahnısı”ndan (Hüseyn Cavid, Fikrət Əmirov) misralar düşür:

“Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı!

...

Tükəndi taqəti-səbrim, ədalət, ah! Ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı!”

Üz-gözündən, quru torpaq üstündə oturuşundan, baxışından dərd-möhnət yağan bu adamlar Mərakeşdən kütləvi şəkildə İspaniyanın eksklavı Seutaya keçənlərin bir hissəsidir.

84 minlik şəhərə gələn 70 mindən çox miqrantın çoxu (65 500-ü) artıq yaxalanıb, geri qaytarılıb, azı (2500-ü) ordan-burda gizlənib, qalıb.

İndi İspaniya bu kütləvi keçidi öz sərhəd toxunulmazlığının pozulması sayır, “vəhşilik” adlandırır, ərazi bütövlüyünə hücum sayır.

Avropa İttifaqı İspaniyadan sərhədin keçilməz saxlanmasını tələb edir və onu Şengen sazişindən çıxarmaqla hədələyir.

Getdikcə artan səs xoru Mərakeşi Seutadakı böhranı alovlandırmağa kömək etməkdə günahlandırır.

Bəs birdən-birə necə olmuşdu ki, 70 mindən çox insan əvvəlcə Seutaya, sonra İspaniyaya, oradan da başqa Avropa ölkələrinə keçmək istəmişdilər? Bu cür kütləvi miqrasiya tarixdə az-az olub.

Deyilənə görə, buna səbəb İspaniya Ali Məhkəməsinin dəniz yolu ilə gələn miqrantların qısa müddətə deportasiya edilə bilməyəcəyi barədə qərarından sonra sosial mediada sürətlə yayılan bir saxtakarlıq olub. İnsanlar sosial şəbəkədə yayılan dezinformasiyanı ciddi sayıb, “fürsət bu fürsətdir” deyiblər.

bədbəxt.JPG (65 KB)

Bu avantüranın nəticələri isə çox faciəvi olub. Təsdiqlənmiş məlumata görə, morqda 88 cəsəd var. Sərhədin o biri tərəfində isə daha çox cəsədin olduğu bildirilir. Başqa sözlə, 200-ə yaxın insan dənizin o tayına, Avropaya adlamağı düşündüyü yerdə o biri dünyaya gedib.

Seuta küçələrində azyaşlı övladlarını axtaran analar var. Yerli əhali bunu nə miqrant böhranı, nə də insanlıq faciəsi sayır, onlara görə, bu, dövlətin ərazi bütövlüyünün pozulmasıdır, onların rahat yaşayışına təcavüzdür. Onlar üçün faciə narahat edilmələridir.

Sanki 19-cu əsrin ortalarında İspaniya, 20-ci əsrin əvvəllərində isə Fransa Mərakeşi zorla, silahla, qanlı qırğınlarla işğal edəndə, bu, təcavüz deyildi və bu işğallar yerli əhaliyə rahatlıq bəxş edirdi.

İndi tərsinədir, 37 milyonluq Mərakeş əhalisinin bir qismi əliyalın şəkildə tarixi metropoliyalarına can atırlar. Ancaq onların qarşısı kəsilir, suda batırlar, hərbi qüvvələr tərəfindən təqib olunur, döyülür, tutulur, geri qaytarılırlar və axırda gəlib bir ağacın dibinə çökür, başlarını tuturlar.

Beləcə, Avropada səadət və ədalət axtaran insanlar indi öz ölkələrində möhnət və zəlalətə düçar durumdadırlar.

A.Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR