Onlayn ictimai-siyasi qəzet
Bunlar Rusiyada yanacaq çatışmazlığından qaynaqlanan avtomobil növbələrini əks etdirən yeni şəkillərdir.
Rusiyada dizel yanacağı və benzin qıtlığının ikinci dalğası başlayıb və indilikdə 16 diyar və vilayəti əhatə edir. Onların hər biri ərazisinə görə Qafqaz ölkələrindən böyükdür.
Yolda hərəkətdə olan iki maşın görünür, biri gəlir, biri gedir, qalanları durub. Onların önündə sıraya durduqları yanacaqdoldurma məntəqəsinə yanacağın gəlib-gəlməyəcəyi bəlli deyil, sürücülər hər ehtimala qarşı gözləyirlər. Bəlkə də bəzilərinin növbədən çıxıb evinə getməyə bəs edəcək qədər yanacağı yoxdur.
Onları bu hala Ukrayna müharibəsi salıb. Daha dəqiqi, Ukrayna ordusu Rusiyanın “Axilles dabanı”nın yerini dəqiq tapıb və son iki aydır məhz həmin “daban”ı -neft emalı zavodlarını, yanacaq bazalarını vurur.
Nəticə budur: qıtlıq, növbələr, yanacağın qiymətinin artması, iş ritminin pozulması və s.
Beləcə, 10 gündən sonra beşinci ili yarı olacaq müharibənin ilk həftələrindəki eyforiya yerini depressiyaya verib. Növbəyə duranların çoxu müharibənin sıxıntı və məhrumiyyətini, çatışmazlıq və məhdudiyyətlərini hələ indi-indi hiss edirlər.
Bəzi vilayətlərdə yanacaq növbəsində sıxlıq və dava-dalaş olmaması üçün nömrə nişanı tək rəqəmlə bitən avtomobillərə yanacağı cüt günlər, cüt rəqəmlə bitənlərə isə tək günlər satırlar. Heç olmasa, bu “kreativ” ideya növbələri yarıbayarı azaldır.
Bir neçə diyarda isə qubernatorlar xalqa müraciət edib ki, öz avtomobillərindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üz tutsunlar. Bu da bir çıxış yoludur.
Hələlik heç kəsin ağlına və dilinə gəlmir ki, suveren dövlətin ərazisini işğal edən ölkə rəhbərliyinə qardaş xalqa qarşı aparılan hərbi aqressiyanı dayandırmaq üçün müraciət eləsin.
Bu, yanacaq qıtlığına, eləcə də digər sıxıntı və çatışmazlıqlara birdəfəlik son qoyar. Amma buna da kütləvi qanacaq və cəsarət lazımdır. Tək-tək belə deyənləri dərhal götürərlər, adını da “vətən xaini” qoyarlar.
Budur, xəbər gəlir ki, təkcə yanacaq deyil, qabağa verib qırdırmaq üçün əsgər də çatışmır. Ona görə də hüquq-mühafizə orqanları əllərinə düşən əmək miqrantlarını, dustaqları, hətta xarici tələbələri cəbhəyə basmaq üçün səbəblər və bəhanələr tapırlar.
Buryat, xantı, mansı, kalmık, kumık, çuvaş, tatar, başqırd kişilərin dilə gəlməsi və Putinə müraciət edərək, bir məşhur lətifədə deyildiyi kimi, “bizə arxayın olub müharibə etmə, daha əsgər göndərəsi oğlumuz yoxdur” demələri lazımdır.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ