Onlayn ictimai-siyasi qəzet
Hindistanda "Tejas Light Combat Aircraft" yüngül döyüş təyyarəsi (LCA) qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəza bu ayın əvvəlində, təyyarə təlim missiyasından sonra aviabazada eniş edərkən baş verib.
Pilot uğurla katapult edə bilib, lakin təyyarə ciddi zədələnib və istismara yararsız elan edilib.
Bu, "Tejas" təyyarələrinin iştirak etdiyi üçüncü qəzadır.
Qeyd edək ki, daha əvvəl "Dubay 2025" sərgisində də "Tejas" qırıcısı qəzaya uğramışdı.
"Tejas" yüngül çoxməqsədli qırıcı Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) şirkəti tərəfindən istehsal olunur. Layihə 1980-ci illərdə başlayıb, təyyarə ilk uçuşunu 2001-ci ildə edib. 2015-ci ildə isə "Tejas" Hindistan Hərbi Hava Qüvvələrinə daxil edilib. Hindistan Müdafiə Nazirliyi növbəti 15 il ərzində 180 "Tejas" Mk1A və 108 təkmilləşdirilmiş "Tejas" Mk2 qırıcısını xidmətə qəbul etməyi planlaşdırır.
Məlumata görə, 2024-2025 maliyyə ilində Hindistan 80 ölkəyə 230,6 milyard rupi (təxminən 2,76 milyard dollar) dəyərində silah ixrac edib.
Müdafiə naziri Racnath Sinqh bildirib ki, ölkənin müdafiə sənayesi istehsal həcmini artıq 12 milyard dollar səviyyəsinə çatdırıb və Hindistan dünyada ən çox silah ixrac edən 25 ölkə arasındadır.
Hindistanın planına görə, 2028-2029 maliyyə ilinə qədər müdafiə sənayesinin illik məhsulu 36 milyard dollara, ixracı isə 6 milyard dollara çatacaq. Hindistan "Tejas" təyyarəsini, aviasiya texnologiyasını paylaşmağa hazır olduğu Ermənistan, Misir və Cənub-Şərqi Asiya ölkələrinə təklif edir.
İqbal RZAYEV,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ