İnsanlara hürriyət, millətlərə istiqlal!

Hizbullah-ın tərksilah olunmasına bu ölkələr nəzarət edəcək

İsrail və Livan Hizbullah-ın tərksilah olunmasına nəzarət edəcək beynəlxalq missiyaya hansı ölkələrin daxil ola biləcəyinə dair razılığa gəliblər.

Musavat.com "Reuters"-ə istinadən xəbər verir ki, bu ölkələr Britaniya, İtaliya, İsveçrə və İndoneziyadır. Mənbələrə görə, namizəd ölkələrin siyahısı ötən həftə ABŞ-ın vasitəçiliyi ilə Romada keçirilən danışıqlardan sonra tərtib edilib.

Bu, İsrail qoşunlarının Livandan mərhələli şəkildə çıxarılmasını və Hizbullahın tərksilah edilməsini nəzərdə tutan iyun sazişinin icrası ilə bağlı İsrail və Livan arasında danışıqların son mərhələsi idi. Mənbələr bildirirlər ki, hadı çəkilən ölkələr bu mexanizmin əhatə dairəsini müəyyən etməyə, onun icrasını izləmək üçün personal təmin etməyə və ya tərksilahı təsdiqləyən yoxlamalarda müşahidə etmək və ya iştirak etmək üçün qoşun göndərməyə kömək edə bilərlər.

Başqa bir mənbə siyahıya daxil olan ölkələrlə bağlı müzakirələrin hələ ilkin mərhələdə olduğunu bildirib. Lakin o, layihənin gedişatı ilə bağlı "ehtiyatlı nikbinlik" ifadə etdi.
Öz növbəsində, İsrailin ABŞ-dakı səfirliyinin nümayəndəsi Hizbullah-ın tərksilah edilməsini izləyəcək və yoxlayacaq qurumun tərkibi ilə bağlı danışıqların davam etdiyini və hələlik yekun razılaşma əldə olunmadığını bildirib.

"Reuters" həmçinin qeyd edir ki, İsrail ordusu Livanın cənubunda 10 kilometr uzanan zonanı təhlükəsizlik zolağı kimi tutur. Onlar Hizbullah tərksilah olunana qədər birtərəfli şəkildə geri çəkilməyəcəklərini bildirirlər.

İki mənbə həmçinin təklif olunan mexanizmin silahların olmamasını təmin etmək üçün Livanın cənubundakı kəndlərin yoxlanılmasını əhatə edəcəyini deyib. Onların sözlərinə görə, İsrail bu yoxlamalara şəxsi evlərin də daxil edilməsində israr edir.

Bu arada, Livan ordusu şəxsi mülklərin axtarışı ilə bağlı təzyiqlərə müqavimət göstərib, çünki bu cür axtarışların ölkənin cənubunda və ümumiyyətlə, Hizbullah-la gərginliyə səbəb ola biləcəyindən qorxur. Təhlükəsizlik rəsmiləri Reuters-ə bildiriblər ki, ordunun hər evdə axtarış aparması üçün məhkəmə orderi lazım gələcək.

Xarici İşlər Nazirliyinin təhlükəsizlik məsələləri departamentinin sözçüsü öz növbəsində bildirib ki, şəxsi mülk məsələsi, o cümlədən axtarışların necə və kim tərəfindən aparılacağı həll edilməlidir. O, həmçinin qeyd edib ki, xarici qoşunların hərəkət azadlığı dərəcəsi dəqiq müəyyən edilməlidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR