İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzün ardınca Qara dəniz... – Dünya iqtisadiyyatına TƏHDİD artır

Avqustun 12-də Ukraynanın zərbə endirdiyi Novorossiysk limanında fəaliyyət göstərən 3 böyük taxıl terminalının üçü də fəaliyyətlərini qeyri-müəyyən müddətə dayandırıb. Onların ümumi ötürücülük gücü ildə 16-17 milyon tondan yuxarıdır.

Musavat.com xəbər verir ki, iyulda Ukrayna zərbələrindən sonra Azov dənizindəki terminalların fəaliyyətinin tam dayandırılmasından sonra Rusiyanın taxıl ixracında əsas yükün Novorossiyskdəki terminallara düşəcəyi gözlənilirdi. Treyderlər irihəcmli taxıl yüklərini Novorossiyskə daşımağa başlamışdılar, terminallarla taxıl daşınması 30 faizdən çox artmışdı. Lakin bu gündən sonuncu terminalın da fəaliyyətini dayandırması Rusiya taxılçıları üçün fəlakət ssenarisinin işə düşməsi kimi qiymətləndirilir.

Çünki Ukrayna Novorossiysk ətrafındakı Rusiyanın əsas hava hücumundan müdafiə sistemlərini sıradan çıxartdıqdan sonra bu terminalların bərpası mənasını itirir – yenidən hədəf olacaqlar. İyuldan bəri terminallara daşınaraq anbarlara vurulan milyonlarla ton taxılın vaxtında digər istiqamətlərə yönəldilməsi isə bir çox baxımından mümkünsüzdür.

Ukraynanın zərbələri Rusiyadan taxıl ixracını onsuz da kəskin azaldıb. İyul ayında Rusiyanın dəniz yolu ilə taxıl ixracı illik müqayisədə 20,3 faiz azalıb. Sənaye mənbələrinə görə, iyul ayında ixrac həcmləri hücumlardan təsirlənməmiş iyun ayı ilə müqayisədə isə 26,6 faiz az olub.

Ukraynanın dəniz yolu ilə taxıl ixracı imkanları üçdəbir azalıb

Rusiya taxılının əsas ixrac kanalları olan Qara dəniz və Azov dənizi terminalları vasitəsilə ixrac iyul ayında 22,8 faiz azalaraq 1,8 milyon tona düşüb. Baltik dənizi terminalları vasitəsilə ixrac 45 faiz azalaraq 50.000 tona, Xəzər dənizi terminalları vasitəsilə ixrac isə 22,8 faiz azalaraq 213.400 tona düşüb.

Yalnız Uzaq Şərqdəki terminallar vasitəsilə ixrac beş dəfə artaraq 103.800 tona çatıb.

Rusiya ənənəvi olaraq sentyabr və oktyabr aylarında ayda 5-7 milyon ton taxıl ixrac edir, lakin indi bu rəqəmin ayda 2 milyon tona düşməsi gözlənilir. Rusiya Taxıl İxracatçıları və İstehsalçıları Birliyi Forbes-ə bildirib ki, Qara dəniz ixracı tamamilə bloklanarsa, bu mövsüm Rusiyanın qlobal bazarlara buğda çatdırılmasında çatışmazlığı 30-35 milyon tona çata bilər. Bu, qlobal buğda ticarətinin təxminən 15 faizini təşkil edir və digər təchizatçı ölkələrin kompensasiya edə bilməyəcəyi həcmdir.

Bloomberg-in məlumatına görə, Azovdan ixrac dayandırıldıqdan sonra Rusiya Kənd Təsərrüfatı Nazirliyi treyderlərə Rostov vilayətindən Novorossiysk limanlarına, eləcə də Baltikyanı Vısotsk və Ust-Luqa limanlarına dəmir yolu ilə taxıl daşınmasının dəyərinin 90 faizini subsidiyalaşdırmağı təklif edib. 10 avqustda "Vedomosti" qəzeti hökumətin kənd təsərrüfatı sektoru üçün dəmir yolu daşınmasını dəstəkləmək üçün 10 milyard rubl ayıracağını bildirib. Lakin avqustun 12-dən sonra Novorossiysk limanlarının sıradan çıxması bu dəstəyi mənasızlaşdırır.

Türkiyə yük gəmisinə Qara dənizdə PUA hücumu olub, ölən və yaralananlar var

Bu gün Rusiya Kənd Təsərrüfatı Nazirliyi məhdud logistika şəraitində taxıl daşınmalarını əlaqələndirmək üçün xüsusi qərargahın yaradıldığını elan edib. Qərargah optimal çatdırılma marşrutlarını seçəcək, sifarişləri toplayacaq, qiymətləri izləyəcək və daşınmalara nəzarət edəcək. Əsas məqsəd taxıl və yağlı-paxlalı məhsulların vaxtında ixracını təmin etməkdir. Taxıl alternativ marşrutlara: Baltik, Xəzər və Uzaq Şərq dənizlərindəki limanlara, eləcə də quru yollarına yönləndiriləcək. Bildirilir ki, Baltik limanları ilin birinci yarısında taxıl ixracını 22 faiz artırıb və taxıl şimal limanları üçün biznes hərəkətverici qüvvələrindən birinə çevrilir. Xəzər dənizi limanları daha yaxındır, lakin onların tutumu daha azdır və okeana çıxışı yoxdur ki, bu da məhsulun Xəzər hövzəsinə yenidən bölüşdürülməsini məhdudlaşdıracaq. Uzaq Şərqə daşınma daha çox logistika xərcləri tələb edir, buna görə də Baltikyanı limanlara nisbətən Uzaq Şərq limanlarına daha az taxıl gedəcək. Lakin avqustun14-nə keçən gecə Ukraynanın Baltik sahillərindəki ən böyük limanlardan biri olan Ust-Luqaya hücumu bu istiqamətin də ixrac üçün qapanması ehtimalını artırır. Hətta bu baş verməsə belə, Baltik limanları Qara dənizlə daşınmaların 25 faizini ancaq ötürmək gücündədir. Məsələn, ilin birinci yarısında Novorossiyskdəki üç əsas terminal təxminən 8,4 milyon ton taxıl ötürüb, eyni dövrdə bütün Baltikyanı limanlardan birlikdə təxminən 1,2 milyon ton taxıl ixrac olunub. Bu baxımdan, sənaye mütəxəssisləri bildirirlər ki, Baltikyanı, Xəzəryanı və Uzaq Şərq limanları yük axınının bir hissəsini emal edə bilər, lakin onlar cənub limanlarını tez bir zamanda əvəz edə bilməyəcəklər.

Quru logistikası da qismən kömək edə bilər. Bu istiqamətdə mümkün variantlardan biri Azərbaycandan və İrandan keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir. Rusiya Dəmir Yolları artıq bu marşrutla taxıl daşınmasında əhəmiyyətli endirim təklif edir. Lakin quru yolu dəniz yolundan daha mürəkkəbdir. Nəqliyyat məsafəsi və əməliyyatların sayı, dəmir yolunun tutumundan və sərhəd infrastrukturundan asılılığı artırır. Bu isə daşınma müddəti və xərcinin artması deməkdir.

İyulun sonlarında Rusiya hücumları nəticəsində Odessa limanlarına giriş dayandırıldıqdan sonra Ukrayna da alternativ ixrac marşrutlarına keçmək məcburiyyətində qalıb. Rusiyanın hücumları Ukraynanın Qara dəniz limanlarından kənd təsərrüfatı məhsullarının ixracını demək olar ki, dayandırıb. Reuters-in məlumatına görə, avqustun ilk iki həftəsində taxıl ixracı illik müqayisədə 75 faiz azalıb.

Ukrayna liman administrasiyasının məlumatına görə, iyul və avqust aylarının əvvəllərində Rusiya Ukrayna liman infrastrukturuna 70-dən çox hücum və gəmilərə 62 hücum həyata keçirib. Taxıl yığımı mövsümü olduğuna görə Ukraynada daxili qiymətlər aşağı düşüb. Analitiklər hesablayırlar ki, hazırkı qiymətlərlə fermerlər yalnız buğda ixracından qazanc əldə edə bilərlər, digər taxılların istehsal xərclərini isə ödəyə bilməyəcəklər. Bu, sonrakı əkin mövsümü üçün risk yaradır, çünki fermerlər yanacaq alışı, əmək haqqı ödənişləri və qış bitkilərinin əkininə hazırlıq üçün vəsait itirirlər.

Reuters qeyd edir ki, Ukrayna bu il təxminən 60 milyon ton taxıl məhsulu gözləyir. Eyni zamanda taxıl saxlama tutumundakı kəsir 11 milyon tona çata bilər.

Ukrayna Milli Bankının (NBU) məlumatına görə, blokada Ukraynanın ilin sonuna qədər təxminən 2,5 milyard dollar valyuta gəliri itirməsinə səbəb ola bilər. ÜmumUkrayna Aqrar Şurası fermerlərin artan logistika xərcləri səbəbindən itkilərini təxminən 3 milyard dollar qiymətləndirir.

Ukrayna Mərkəzi Bankı uçotunu 30%-ə qaldırıb

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Rusiya və Ukrayna birlikdə 2026/27 mövsümündə qlobal buğda ticarətinin təxminən 28 faizini təmin edəcək. Bu həcmin hətta kiçik bir hissəsinin itirilməsi qiymətlərin artmasına səbəb olur. Novorossiyskə hücumdan sonra Çikaqo birjasında buğdanın qiyməti dərhal 4 faiz, il ərzində isə 30 faiz artıb.

Rusiya və Ukraynanın dünya bazarına çıxara bilməyəcəyi taxıl həcmini digər iştirakçıların kompensasiya etməsi mümkün deyil. Belə ki, quraqlıq səbəbindən Avropa İttifaqında məhsul proqnozları azalır: Fransada 33,3 milyon tondan 30,8 milyon tona, Almaniyada isə 23,2 milyon tondan 21,9 milyon tona. Belə şəraitdə mövcud mənfi amillər davam edərsə, qlobal bazarlarda buğdanın qiymətinin 1 ton üçün 340-370 dollara qədər artacağını, hətta 400 dollardan yuxarı artım potensialına malik olacağı gözlənilir.

Artıq BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı iyulda qlobal buğda qiymətlərinin 6 faizə yaxın artımını qeydə alıb. Avqustun əvvəlindən həm Rusiya, həm də Ukraynadan ixracın daha kəskin azalması bahalaşmanın davamlı olacağından xəbər verir.

Bu şəraitdə yeganə müsbət amil Ukraynanın Rusiyaya Qara dənizdə kommersiya gəmilərinə hücumların qarşılıqlı dayandırılmasını təklif etməsidir. Təklifin Türkiyənin vasitəçiliyi ilə Rusiyaya edildiyi bildirilib. Məlumat yayılan gün Rusiyanın rəsmi dairələri hər hansı təklif almadıqlarını bəyan ediblər. Lakin Ukraynanın Ust-Luqa və digər Baltik limanlarına hücumları bərpa etməsi fonunda Rusiyanın təklifi qəbul edəcəyinə ümid artır. Çünki Rusiya büdcəsinin 7 aylıq kəsiri 7 trilyon rubla – ölkə ÜDM-nin 3 faizinə yaxınlaşır. Neft qiymətləri yüksək olsa da, mövcdu sanksiyalar, həmçinin Ukraynanın Qara dənizlə ixracda yaratdığı problemlər Rusiyanın ondan gəlirlərini azaldır. Eyni zamanda müharibə xərcləri sürətlə artır. Bu şəraitdə Rusiyanın taxıl istehsalçılarının zərərini tam qarşılamaq imkanı yoxdur. Zərər qarşılanmadığı halda isə ələn il taxıl əkinlərinin kəskin azalması qaçılmaz olacaq. Beləliklə, Rusiya yalnız bu il üçün taxıl ixracından əldə edəcəyi 20 milyard dollara yaxın gəliri deyil, gələn ilin məhsulunu da itirə bilər. Digər tərəfdən, milyonlarla insanın çalışdığı bir sahənin çökməsi kütləvi narazılıq yaradacaq.

Qlobal bazarda buğda çatışmazlığı xüsusilə Rusiya və Ukraynadan buğda asılılığında olan Asiya və Afrika ölkələrini aclıqla üz-üzə qoya bilər. Bu baxımdan, Rusiyanın Ukraynadan gələn təklifi qəbul etməsi üçün təzyiqlərin artması gözlənilir.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR