Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi boyunca sualtı fiber-optik kabelin fiziki çəkilişinə başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstanın Sənaye və Rəqəmsal İnkişaf Nazirliyi yayıb.
Nazirlik bildirib ki, kabel Çində istehsal olunaraq Qazaxıstanın Kurık limanına, oradan isə tikintinin başlanması üçün Bakıya çatdırılıb.
İyulun 31-də Bakı limanından çıxan kabeldüzən gəmi Sumqayıt sahillərindən Aktau istiqamətində kabelin tikintisinə başlayıb. Məlumata görə, kabelin keçəcəyi marşrut seçilərkən gəmilərin lövbərsalma nöqtələri, həmçinin hərbi gəmilərin hərəkət trayektoriyaları nəzərə alınıb. Kabelin fiziki çəkilişinin 15-20 günə, texnoloji və istismara vermə işlərinin tam spektrinin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bu isə o deməkdir ki, işlər uğurla davam edərsə, avqustun sonunadək kabelin fiziki tikintisi başa çatacaq. Bundan sonra isə iki ölkədə yerüstü stansiyaların konfiqurasiyası, seqmentlərin bütövlüyünün yoxlanılması və avadanlıqların sinxronlaşdırılmasına başlanacaq.

Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti hesab olunur. Layihə 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürülüb. Layihə Azərbaycan–Qazaxıstan və Azərbaycan–Türkmənistan marşrutlarından ibarətdir. Kabel xətti Azərbaycan və Orta Asiya ölkələri arasında məlumatların Xəzər dənizinin dibi ilə daha yüksək səviyyədə ötürülməsini təmin etmək məqsədi daşıyır. 2019-cu il martin 19-da layihənin ilk hissəsi olan Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş imzalanıb. Həmin il noyabrın 19-da isə Qazaxıstanın Aktau şəhərində iki ölkə arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber optik kabel xəttinin çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim keçirilib.
Ondan sonra layihənin icrası sahəsində fəaliyyətlərdə yavaşıma və fasilələr qeydə alınıb.
2023-cü ildə telekommunikasiya operatorları olan “AzerTelecom” və “Kazaxtelecom” arasında Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılması haqqında sazişin imzalanması ilə işlər xeyli sürətlənib. İlkin mərhələdə sualtı xəttin əsas marşrutunun Qazaxıstanın Aktau limanından Azərbaycanın Siyəzən şəhərinə qədər uzanacağı və onun uzunluğunun 400 kilometrə yaxın olacağı qeyd edilirdi. Bununla yanaşı, Qazaxıstanın Kurık limanından Bakının yaxınlığındakı Buzovna kəndinə uzunluğu, təxminən, 330 kilometr olan ehtiyat kanalın da çəkiləcəyi bildirilirdi.

Layihə Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorları tərəfindən icra edilir. Kabel xətti Avropa qitəsindən internet və kontentin Azərbaycan vasitəsilə Qazaxıstana, daha sonra isə Çinə daşınmasına imkan verəcək. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının layihəyə investisiyaları təxminən 50,6 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi.
Trans-Xəzər fiber-optik rabitə xətti layihəsinin ikinci Azərbaycan–Türkmənistan marşrutunun çəkilməsi ilə bağlı hüquqi sənəd – dövlətlərarası saziş isə 2019-cu il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkməntel 2019” 12-ci beynəlxalq telekom və IT sənayesi sərgisi çərçivəsində imzalanıb. Sazişə əsasən, Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilişi Azərbaycan tərəfdən magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru Türkmentelekom tərəfdən reallaşdırılacaq. Kabel xəttinin Siyəzən və Türkmənbaşı arasında çəkilməsi nəzərdə tutulur.
Kabel xətti Avropa internet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək. Beləliklə Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycan mərkəzi ölkəyə çevirəcək. Bu kabel xətti Avropa ilə Asiya arasında müstəqil marşrut kimi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Qazaxıstan xəttin çəkilməsi ilə iki qitə arasında internet bağlantısının mühüm təşkilatçısı rolu oynamağa başlayır.
Layihənin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməsini prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin öz çıxışlarında ondan strateji layihə kimi bəhs etməsi də göstərir. Ötən ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında İ.Əliyev “Rəqəmsal İpək Yolu” layihəsinə xüsusi önəm verildiyini, onun tərkib hissəsi olan TransXəzər rabitə xəttinin, Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsinin Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsində mühüm rol oynayacağını vurğulayıb.
İki qitə arasında rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq kabel xətti hər iki ölkənin telekommunikasiya sektorunun inkişafına təkan verə bilər. Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat qovşağı roluna rəqəmsal dəhliz statusunun da əlavə olunması ölkənin özündə rəqəmsal keçidin sürətlənməsi, müvafiq infrastrukturun formalaşdırılması prosesinin irəliləməsinə gətirib çıxaracaq.
Transxəzər fiberoptik xəttinin işə salınması Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı, data mərkəzlərin yaradılması baxımından müsbət amildir. Mövcud və planlaşdırılan alternativ enerji layihələri Azərbaycanın enerji istehsalı gücünü hazırkı tələbatından 2 min meqavatt yüksəkdir. Bu, region ölkələrinin əksəriyyətində olmayan potensialdır – məlumdur ki, süni intellekt texnologiyalarının inkişafı, data mərkəzlərin fəaliyyəti yüksək enerji istehlakına dayanır. Bu baxımdan, kabelin istismara verilməsi ilə Azərbaycan texnologiya şirkətləri üçün əlverişli məkana çevrilə bilər.
Qeyd etməyə dəyər ki, layihə son 30 ildə Xəzər dənizinin dibi ilə reallaşacaq ilk belə təşəbbüsdür. İndiyədək bu istiqamətdə təşəbbüslərin hamısı bilavasitə Rusiyanın birbaşa və ya dolayı təzyiqi ilə icra olunmamış qalıb. Bu layihənin də 2018-ci ildən bəri yubanmasında Rusiyanın belə mövqeyi həlledici rol oynayıb.

Məsələ burasındadır ki, Transxəzər kabel xətti sadəcə, bir internetötürücü xəttin çəkilməsi deyil. Bu, Xəzərin dibi ilə Mərkəzi Asiyadan Azərbaycana ilk birbaşa əlaqənin təmin olunması deməkdir. Hansı ki, bunun ardınca digər mühüm addım - Transxəzər eneji kabelinin çəkilməsi gələcək. Artıq Azərbaycan, Qazaxıstan və Özbəkistan sonuncu iki ölkədə istehsal ediləcək yaşıl enerjini Azərbaycana və buradan da Gürcüstan üzərindən Avropaya çatdıracaq kabel xəttinin çəkilməsi üçün dövlətlərarası razılaşmanı imzalayıblar.
Rusiya anlayır ki, kabellərin ardınca başqa infrastruktur layihələrinin reallaşması ehtimalı gündəmə gələcək. Söhbət ilk növbədə Türkmənistanın qazını, Qazaxıstanın neftini Azərbaycan üzərindən Avropaya ötürəcək kəmərlərdən gedir. Avropa İttifaqının bütün çətinliklərə baxmayaraq, Rusiya və onun üzərindən keçən hər hansı kəmərlə enerji xammalı almaqdan imtinada qətiyyətli mövqe sərgiləməsi bir müddət sonra Qazaxıstan neftinin də yalnız tankerlərlə deyil, kəmərlə də Azərbaycana çatdırılmasını zərurətə çevirəcəyi ehtimalı getdikcə artır. Türkmənistan isə artıq 10 ildən çoxdur öz qazını bu marşrutla Avropaya nəql etmək üçün infrastrukturun qurulmasına çalışır. Bütün bunlar deməyə əsas verir ki, çəkilməsi baş tutarsa, Transxəzər fiber-optik kabel xətti ilk qaranquş olmaqla, növbəti infrastruktur layihələrinin də yolunu açmış olacaq.
Dünya,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ