Onlayn ictimai-siyasi qəzet
Bu gün dünya qlobal nüvə müharibəsinin, dəhşətli bombardmanın astanasına gəlib, ancaq bunun təməli ötən əsrin ortalarında qoyulub. ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini atom bombası ilə xaraba qoymaqla kifayətlənməyib, atom bombasını su altında partlatmaq və bu halıda nə baş verəcəyini sınaqdan keçirmək qərarına gəlib.
Bu, 80 il öncə baş verib. "Nyu-York Tayms" qəzeti 1946-cı ilin fevral ayında ABŞ-nin su altında nüvə silahı sınağı keçirəcəyini təmtəraqla elan edib. “Bütün bəşəriyyət, bəlkə də ümidlə deyil, daha çox qorxu ilə bu sınaqlardan bizi bu yeni atom dövründə hansı gələcəyin gözlədiyini müəyyən etmək üçün izləyəcək", - qəzet yazıb.
1945-ci ilin yanvarında ABŞ-nin yeni prezident Harri Trumen bir hava və iki sualtı nüvə sınağı keçirmək planını təsdiqləyib. Cənubi Sakit okeandakı Bikini atolu sınaq yeri seçilib.
Bu planın tənqidçiləri də olub. “Soyuq müharibə”nin vüsət almağa başladığı illərdə ABŞ-də bir çoxları "nüvə gücünün möhtəşəm nümayişinin" dünyada yalnız gərginliyi artıracağına inanırdılar. Nüvə partlayışlarının heyvanlara təsirlərindən narahat olanlar plana qarşı olub. Digər tənqidçilər sınaqların xəzinəyə böyük məbləğə (bugünkü qiymətlərlə 2 milyard dollardan çox) başa gələcəyini qeyd ediblər.
Gərginliyi azaltmaq üçün sınaqların mümkün qədər açıq şəkildə keçirilməsi qərara alınıb. “Mərasim”ə 500 fotoqrafla yanaşı siyasətçilər, elm adamları və beynəlxalq müşahidəçilər dəvət olunub. SSRİ-nin M. Q. Meşçeryakov və mədən mühəndisi S. P. Aleksandrov təmsil edib.
Testlərin əsas məqsədi nüvə silahlarının istifadəsinin gəmilərə təsirlərini öyrənmək olub. Bu məqsədlə atolla 90-dan çox gəmi gətirilib - həm köhnəlmiş Amerika gəmiləri, həm də ələ keçirilmiş yapon döyüş gəmisi “Nagato”.
22 gəmidə - göyərtələrdə, top qüllələrində və anbarlarda 5000-dən çox heyvan saxlanılıb. Bunlara 200 donuz, 204 keçi və minlərlə siçovul və siçan daxil olub.
Keçilərin qəzili insan saçının uzunluğuna qədər kəsilib, donuzlara standart yanğına davamlı kostyumlar geydiirlib.
İlk sınaq 1 iyulda baş tutub - dəniz səviyyəsindən 158 metr yüksəklikdə B-29 bombardmançısından atılan 23 kilotonluq bomba partladılıb.
Sovet nüvə proqramının rəhbəri Lavrenti Beriya əldə etdiyi məlumatlar haqqında İosif Stalinə yazdığı məktubda qeyd edib: "Havada baş verən partlayış nəticəsində 75 hədəf gəmisindən bir kreyser, bir esmines və partlayış yerinin birbaşa altında yerləşən iki nəqliyyat vasitəsi batdı".
Radio müxbirləri sınaq ərazisindən canlı yayım aparıblar.
Sınaqlarda 12 kilometr məsafədən digər təyyarələrdəki pilotlar tərəfindən radioverici ilə idarə olunan pilotsuz uçuş aparatlarından (PUA) da geniş istifadə edilib. "Nyu-York Tayms" bu barədə yazıb: "Təyyarəçilər dronların açıq-aydın sonsuz taktiki imkanlar təklif etdiyini deyirlər".
Sonra ikinci mərhələ - bəşər tarixinin ilk sualtı nüvə silahı sınağına start verilib.
Atom bombasının Yer səthinin üzərində nələr törətdiyini anlayan ABŞ ordusunu yeni suallar düşündürüb: “Bəs bomba su altında partlayanda nə baş verəcək? Bu, sunamiyə səbəb olacaqmı? Radioaktiv çirklənmə nə qədər geniş olacaq?”
İctimaiyyətdə o qədər çox narahatedici suallar toplanıb ki, "Kəsişmə əməliyyatı"nın komandiri vitse-admiral Uilyam Blandi rəsmi açıqlama vermək məcburiyyətində qalıb. O deyib: "Bomba suda zəncirvari reaksiyaya səbəb olmayacaq, onu qaza çevirməyəcək və gəmiləri okeanda batırmayacaq. O, dəniz dibinə nüfuz etməyəcək və bütün suyun yaranan dəliyə axmasına imkan verməyəcək. Partlayış cazibə qüvvəsini məhv etməyəcək”.
İyulun 25-də 23 kilotonluq qurğu atoldan 5,6 kilometr aralıda, 27 metr dərinlikdə partladılıb.

"Nəhəng partlayış hədəf donanmasındakı bəzi gəmiləri oyuncaq kimi silkələdi. "Nagato” və “Mastin” esminesi zərbə dalğası onlara çatanda atılıb-düşürdü. Su, buxar, sprey və qazdan ibarət inanılmaz dərəcədə gözəl bir günbəz dəhşətli bir təcillə yuxarı və aşağıya doğru böyüməyə başladı", - “Nyu-York Tayms” baş verənlər barədə yazıb.
Beriya sovet müşahidəçisinin hesabatına əsasən Stalinə yeni məktub göndərib: "Partlayış nəticəsində su fəvvarəsinin sütunu 1600 metr hündürlüyə qalxıb. Sütun sürətlə genişləndi və ətrafı köpük və spreydən ibarət yüksək, şüalanan divarla əhatə olunub. Sonra su sütunu düşüb; buxar və duman buludu, demək olar ki, bütün gəmiləri bürüyüb. Hövzənin üzərində geniş, çəhrayı bir bulud asılı qalıb".
"Arkanzas" döyüş gəmisi bir neçə dəqiqə ərzində, "Saratoga" təyyarədaşıyan gəmisi isə səkkiz saat sonra batıb. Ağır zədələnmiş "Nagato" döyüş gəmisi çevrilib və dörd gün sonra batıb.
Bütün donuzlar və siçovulların əksəriyyəti ölümcül dozada radiasiya aldıqdan dərhal və ya qısa müddət sonra ölüb.
"Radioaktiv məhsulların yaydığı radiasiya atom bombası partlayışından sağ çıxan gəmilərin heyətlərini zəhərləyə bilər", - Beriya Stalinə yazdığı məktubda qeyd edib.
Amerika ordusunun radioaktiv çirklənmənin miqyasını əvvəlcədən görə bilmədiyi üzə çıxıb.
Əməliyyat rəsmi olaraq 10 avqust 1946-cı ildə başa çatıb.

“Bu, insan tərəfindən indiyə qədər yaradılmış ən ölümcül məhvetmə alətidir. Onun buraxdığı enerji miqdarı heyrətamizdir. Onun radiasiyası yavaş-yavaş öldürən zəhərdir", - deyə vitse-admiral Blandi yazıb.
ABŞ 1946-cı ildən 1958-ci ilə qədər Bikini atollundan sınaq poliqonu kimi istifadə edib. On iki il ərzində Pentaqon 67 nüvə sınağı keçirib.
SSRİ-nin ilk atom bombası sınağı olan RDS-1 29 avqust 1949-cu ildə Qazaxıstandakı Semipalatinsk poliqonunda keçirilib. Mixail Meşçeryakov sınağı müşahidə edən ekspert iştirakçılar arasında olub. Partlayışdan sonra Beriya soruşub: "Meşçeryakov, bu, amerikalılarla gördüklərinizə bənzəyirmi?"
Ən pisi odur ki, istər amerikalılar, istər ruslar, eləcə də nüvə silahı əldə etmiş və etmək istəyən ölkələr bu silahın bəşəriyyət, ümumilikdə planet üçün nə qədər məhvedici olduğunu bilə-bilə onu yaratmaqda, təkmilləşdirməkdə davam edir, barıt çəlləyinin üstündə taxt qururlar.
Araz Altaylı, Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ