Onlayn ictimai-siyasi qəzet
İsraillə İran arasında 12 günlük müharibə, daha sonra ABŞ-İsrail koalisiyasının 40 gün davam edən hücumları bu gün də bir məsələni arxi-aktual olaraq saxlamaqdadır: necə oldu ki, Tehran tab gətirdi, teokratik rejim dəyişmədi… Çünki dünyanın ən güclü hərbi texnologiyalarına, kəşfiyyat sistemlərinə sahib olan ABŞ və İsrailin bombardmanları qarşısında uzun illərdir sanksiya altında olan İran müdafiəyə çəkilmədi. İran da İsrailə və körfəz ölkələrinə zərbələr endirdi, ölkənin ali rəhbəri və əsas hərbi-siyasi fiqurları öldürülsə də, siyasi rejim demontaj olmadı.
Bundan başqa, şəhərlərə yağan bombalara baxmayaraq, qaçqın seli olmadı. Bu mənzərə bir çox beynəlxalq müşahidəçiləri təəccübləndirdi. Çünki müharibələrdə xalqın psixoloji olaraq çöküşü hərbi məğlubiyyət qədər önəmli sayılır. Amma İran cəmiyyətində əks proses yaşandı. Ekspertlərə görə, İran bu prosesdə psixoloji üstünlük əldə etdi. Yəni İranın ABŞ və İsrail qarşısında geri çəkilməməsi müəyyən mənada olan simpatiya yaratdı. Hazırkı mərhələdə hər iki tərəf özünü üstün göstərməyə çalışır. ABŞ və İsrail hərbi əməliyyatların effektivliyini ön plana çıxarır, İran isə “ayaqda qalmağın özü qalibiyyətdir” mesajını verir. Bu səbəbdən müharibənin nəticəsini yalnız hərbi statistikalarla ölçmək mümkün deyil. Burada iqtisadi davamlılıq, xalqın psixoloji vəziyyəti, beynəlxalq dəstək, enerji bazarları və region dövlətlərinin mövqeyi də həlledici rol oynayır.
Bəs bunun sirri nədədir - ideoloji faktor, yoxsa sistemin dayanıqlı olması?
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a deyib ki, bu müharibədə tərəflərin hər birinin üstün və zəif tərəfləri var. Onun fikrincə, əgər söhbət hərbi üstünlükdən gedirsə, şübhəsiz ki, ABŞ və İsrail açıq şəkildə üstün mövqedədir. ABŞ-ın qlobal kəşfiyyat şəbəkəsi, peyk izləmə sistemləri, yüksək dəqiqlikli zərbə imkanları və İsrailin regionda inkişaf etmiş hava hücumundan müdafiə və pilotsuz sistemlərinin klassik hərbi balansda ciddi fərq yaratdığını deyən R.Bayramovun sözlərinə görə, bu üstünlük koalisiyaya qısamüddətli əməliyyatlarda təşəbbüsü ələ almaq imkanı verdi.

“Lakin ABŞ və İsrail bu üstünlüyü avtomatik olaraq siyasi nəticəyə çevirə bildimi, təbii ki, yox! Burada İranın strateji dayanıqlığı ön plana çıxdı. İran uzun illər sanksiyalar, iqtisadi məhdudiyyətlər və regional təcrid şəraitində fəaliyyət göstərdiyi üçün onlarda yüksək təzyiqə adaptasiya formalaşıb. Belə vəziyyət İrana tam üstünlük qazandırmasa da, sistemin çökməsinin qarşısını alan amortizator rolunu oynayır. Ona görə də İranın həm daxili mobilizasiya imkanları, həm də regiondakı qeyri-dövlət aktorları üzərindən təsir mexanizmləri qarşı tərəf üçün münaqişəni uzadan amilə çevrildi deyə bilərik”,_ deyə R.Bayramov bildirib.
Politoloq qeyd edib ki, tərəflərin üstünlüklərindən danışarkən informasiya və psixoloji müharibəni də vurğulamaq lazımdır: “Belə ki, müasir qarşıdurmalarda təkcə hərbi nəticə deyil, “narrativ üstünlük” də həlledici rol oynayır. İran özünü müqavimət göstərə bilən və təzyiqlərə dözməyi bacaran ölkə kimi təqdim etməyi bacardı. ABŞ və İsrail isə təhlükəsizlik və çəkindirmə diskursunu ön plana çıxararaq psixoloji üstünlük əldə etməyə çalışdı. Yəni başqa sözlə desək, informasiya və psixoloji savaş müstəvisində tərəflərin hansınınsa tam üstünlük qazana bildiyini söyləmək mümkün deyil”. Ekspertin fikrincə, bu müharibənin mütləq qalibi və ya açıq məğlubu yoxdur.
Cavanşir Abbaslı
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ