Onlayn ictimai-siyasi qəzet
Kartdan karta pul köçürənlərin DİQQƏTİNƏ – Ekspertdən İLGİNC izah
Xəbər verildiyi kimi, Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlər qüvvəyə minib. Dəyişikliklə bağlı banklar müştərilərinə SMS vasitəsilə məlumat verməyə başlayıb.Yeni qaydaya əsasən, avqustun 1-dən etibarən bir kartdan gün ərzində ən çox 5 dəfə köçürmə etmək mümkündür. Eyni zamanda, kartdan-karta köçürmələrin aylıq ümumi məbləği 20 min manatla məhdudlaşdırılıb. Məhdudiyyət vətəndaşların öz adlarına olan bank hesabları arasında köçürmələrə şamil edilmir.

Xatırladaq ki, bu dəyişiklikdən əvvəl kartdan-karta pul köçürmələrinin sayına dair hər hansı məhdudiyyət tətbiq edilmirdi.
Bu məhdudiyyət hansı çətinliklər yaradacaq? Xüsusən iş adamları üçün nə kimi problemlərə yol aça bilər?
İqtisadçı Xalid Kərimli Musavat.com-a deyib ki, belə bir qərarın verilməsinin əsas səbəbi vergilərdən yayınmanın aradan qaldırılmasıdır: “Məlumdur ki, pərakəndə ticarətlə məşğul olan şəxslər satış zamanı vəsaitin ödənməsi zamanı kartdan-karta əməliyyatlarından geniş istifadə edirdilər. Hökumət vətəndaşlara hər hansı məhdudiyyət tətbiq etmək fikrində deyil. Müqayisə üçün deyim ki, aylıq 20 min manat limit qoyulub. Vətəndaşların gəlirlərinə nəzər yetirək. Orta aylıq əməkhaqqı 1100-1220 manatdır. 6 aylıq statistikaya baxanda vətəndaşların nominal gəlirləri adambaşına 800 manata çatır. Bir ailənin orta aylıq gəliri təxminən 3-4 min manatdır. Yəni görünən odur ki, qərar vergidən yayınma hallarının qarşısını almaq məqsədilə verilib”.
X.Kərimli qeyd edib ki, vergidən yayınma halları ilə bağlı pozuntular qeydə alınanda bəzi hallarda bizneslə məşğul olmayan vətəndaşların hesabları dondurulurdu: “Yeni qərar nağdsız əməliyyatlara maneə yaratmır. Limit maksimal həddə nəzərə alınıb ki, vətəndaşların nağdsız əməliyyatlara marağı artmasın. Nağdsız əməliyyatların qarşısını almaq üçün də heç bir meyar yoxdur. Hesab edirəm ki, bu qərar mərc ödənişləri, vergidən yayınma hallarının qarşısının alınmasında mühüm rol oynayacaq. Bu, gecikmiş, amma düzgün addımdır”.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir:
“Son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır.
Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb.

Yuxarıda da qeyd olunduğu kimi, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaq.
ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər.
Nigar Həsənli
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ