Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda toyların maksimum 2 saat davam etməsi və qonaq sayının 100 nəfərlə məhdudlaşdırılması təklifi ciddi müzakirələrə səbəb olub. Tanınmış müğənni Murad Arifin sərt reaksiyası da məhz bu suala diqqət çəkir. Sənətçi hesab edir ki, toy Azərbaycanda sadəcə iki insanın nikah mərasimi deyil, bütöv bir iqtisadi sektorun hərəkətə gətirən böyük sosial hadisədir. Toy salonu, restoran, müğənni, musiqiçi, aparıcı, fotoqraf, videograf, dekorator, ofisiant, aşpaz, xadimə, ayıq sürücü, avtomobil icarəsi, geyim mağazaları, gözəllik salonları – bütün bu sahələr toy bazarından gəlir götürür. Toyun miqyası azaldıqca bu zəncirin də dövriyyəsi azalacaq.
Deməli, 100 nəfərlik toy təklifi ilk növbədə böyük məclislər üzərindən işləyən toy biznesinin dövriyyəsini azalda bilər. Restoranlar daha az masa satacaq, xidmət personalına ehtiyac azalacaq, musiqiçilərin və ifaçıların sifarişləri aşağı düşəcək, toy hazırlığına bağlı bir sıra xidmət sahələri daha az gəlir əldə edəcək.
Amma məsələnin başqa tərəfi də var. Böyük toyların yükünü çəkən ailələr üçün 100 nəfərlik limit əksinə, ciddi rahatlıq yarada bilər. Çünki Azərbaycanda toy bəzən şəxsi istəkdən çox sosial öhdəliyə çevrilib. “Filankəs məni çağırdı, mən də onu çağırmalıyam”, “qohum-qonşu nə deyər?”, “toy az adamla olsa, ayıb olar” kimi düşüncələr ailələri imkanlarından artıq xərc çəkməyə məcbur edir.
Beləliklə, bir tərəfdə toy sektorundan qazananlar, digər tərəfdə isə toy xərclərinin altında əzilən ailələr dayanır. Əsas mübahisə də buradan başlayır: dövlət bu məsələyə limit qoymalıdır, yoxsa insanlar öz imkanlarına uyğun qərar verməlidir? Murad Arifin mövqeyi aydındır: kimsə 50 nəfərlə toy etmək istəyirsə, etsin, 500 nəfərlə keçirmək istəyirsə və buna imkanı çatırsa, buna da qarışmaq lazım deyil. Sənətçi hətta toya getmək istəməyən insanların bunu açıq şəkildə deməsini təklif edir. Onun fikrincə, insanlar bir-birinə qarşı dürüst olsa, toyların avtomatik olaraq kiçilməsi də mümkündür.
Burada isə daha maraqlı sual ortaya çıxır: 100 nəfərlik toy təklifi həqiqətən israfçılığın qarşısını alacaq, yoxsa sadəcə toy biznesinin iqtisadi modelini dəyişəcək?
Çünki toy 500 nəfərdən 100 nəfərə düşürsə, restoranın, musiqiçinin, aparıcının, ofisiantın və digər xidmət sahələrinin gəliri də eyni nisbətdə dəyişməyə bilər. İnsanlar daha kiçik, amma daha bahalı və prestijli məclislərə üstünlük verə bilər. Yəni problem sadəcə qonaq sayında deyil, toy mədəniyyətinin özündədir.
Digər tərəfdən, Azərbaycanda toy sənayesi kifayət qədər böyük xidmət zənciridir. Bu zəncirin daralması müəyyən kateqoriyalarda gəlirlərin azalmasına gətirib çıxara bilər. Xüsusilə böyük restoranlar, toy məkanları, müğənnilər, aparıcılar, musiqiçilər, foto-video xidmətləri və toyla bağlı digər bizneslər üçün 100 nəfərlik limit ciddi iqtisadi dəyişiklik deməkdir. Belə yığcam toylar əlbəttə bir mahnına 2 min manata oxuyanlar üçün də sərfəli deyil.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı toyların iqtisadi baxımdan əhəmiyyətli sahə olduğunu vurğulayıb:
“Məsələ ondan ibarətdir ki, bu cür insanların sosial həyatına dövlət tərəfindən məhdudiyyət, limit və ya məcburiyyət qoyulması doğru deyil. Xatırlayırsınızsa, hətta pandemiya dövründə yas mərasimləri ilə bağlı müəyyən tələblər irəli sürülmüşdü. Amma gördünüz ki, nə qədər eybəcər hallar yarandı, hətta bəzi yerlərdə bu tədbirlərə göz yummaq üçün rüşvət yığmağa başladılar. Yəni bu cür məhdudiyyətlər doğru deyil. Ona görə də insanların həyatına bu cür total nəzarət elementlərinin gətirilməsi həm absurddur, həm də effektiv deyil. İnsanların yaxın tarixlə bağlı yaddaşında belə məhdudiyyətlərin hansı nəticələrə gətirib çıxardığı kifayət qədər yaxşı həkk olunub. Buna görə hesab edirəm ki, bu cür məsələlərdə limitlərin qoyulması, insanların yerinə dövlətin qərar verməsi yanlışdır. İnsan öz maraqlarını və imkanlarını ən yaxşı müəyyənləşdirə biləcək şəxsdir.
Müğənni Murad Arifin də fikirlərində tamamilə yanlış məqamlar yoxdur, əksinə, orada doğru məqamlar kifayət qədər çoxdur. Toy özü iqtisadiyyatın bir qoludur. Amma burada məsələ ondan ibarətdir ki, kimin imkanı varsa, dəbdəbəli toy keçirməsində heç bir qüsur yoxdur, bunda ayıb axtarmaq da lazım deyil. Amma insanların bəhsə-bəhs, bir-birini yamsılamaqla bu cür tədbirlər keçirməsi sonradan onlar üçün ciddi maliyyə yükünə çevrilir. Çünki çağırdıqları qonaqların tədbirlərində də iştirak etməli olurlar. Böyük və təntənəli toyların maliyyəsi çox vaxt insanların öz cibindən deyil, borc və kredit hesabına qarşılanır və bu da sonradan ciddi problemlər yaradır.
Burada ən doğru yanaşma insanın ayağını öz yorğanına görə uzatmasıdır. Yəni qərarı kimsə, üçüncü şəxslər və yaxud institusional qurumlar insanların əvəzinə verməməlidir”.
Xalid Kərimli 100 nəfərlik limitin tətbiqinin də müxtəlif mənfi nəticələr doğura biləcəyini düşünür. Onun fikrincə, belə məhdudiyyətlər qonaq sayının gizlədilməsi və müxtəlif qeyri-rəsmi yolların ortaya çıxması ilə nəticələnə bilər: “100 nəfərlik toy etmək istəyən insanların qarşısının alınması və ya belə bir limit qoyulması, eyni zamanda, restoranların da qiymət siyasətinə təsir göstərə bilər. Ümumiyyətlə, bu cür məhdudiyyətlər tətbiq edilə bilməz. Belə məhdudiyyətlər qoyulsa, yenə müxtəlif eybəcər hallar yaranacaq. Məsələn, qonaq sayının gizlədilməsi və real statistikanın qeyri-rəsmi şəkildə formalaşması kimi hallar ortaya çıxa bilər.
Ümumiyyətlə, insan həyatına dair bu cür total nəzarət elementlərinin tətbiqi yanlışdır. Bu düşüncənin özü də doğru deyil. Burada əsas nüans odur ki, insanlar şəxsi resurslarına və maliyyə imkanlarına uyğun qərarlar qəbul etməlidirlər. Onsuz da qiymətlərin artması, inflyasiya və gənclərin daha rasional düşünməyə başlaması təbii şəkildə bu cür tədbirlərin formatını zamanla dəyişəcək. Amma bunu cəmiyyət özü dərk etməlidir.
Toyun özü kütləvi istehlak xarakteri daşıdığı üçün çoxsaylı alışlar edilir, müxtəlif xidmətlərdən istifadə olunur və bu, bir çox təbəqənin gəlirlərinin formalaşmasına təsir göstərir. Burada əsas məsələ odur ki, bu xərcləri toy edən şəxs maliyyələşdirə bilirsə, cibində kifayət qədər pulu varsa və sabah toyla bağlı üzərinə götürdüyü qanuni və maliyyə öhdəliklərini yerinə yetirə biləcəksə, heç bir problem yoxdur. Amma “qonşudan qalma dala” prinsipi ilə hərəkət edərək, məsələn, ayda 700-800 manat qazanan şəxsin 50-100 min manatlıq öhdəliyin altına girməsi absurddur. İnsanlar öz ciblərinə, gəlirlərinə və maliyyə imkanlarına uyğun qərar verməlidirlər. Burada əsas məqam budur. Çünki heç kim sabah üç və ya beş saatlıq toy keçirdiyinə görə yaranmış maliyyə problemlərinin həllində həmin şəxsin əvəzinə iştirak etməyəcək. Ona görə də indi kapitalizm dövrüdür, bazar iqtisadiyyatıdır. Bir tərəfdən bütün günü istehlakı həvəsləndirən tədbirlər həyata keçirilir, digər tərəfdən isə insanın nə qədər gəliri olduğunu və həmin gəliri nəyə xərcləməli olduğunu ən yaxşı yenə özü bilir. Bu məsələləri fərdi insanlar özləri dərk etməlidirlər. Dövlətin onların yerinə qərar verməsi və bu cür məhdudiyyətlər qoyması yanlışdır”.
Xalidə Gəray
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ