İnsanlara hürriyət, millətlərə istiqlal!

Məkkədə yeni hərbi ittifaq yarandı – Azərbaycan "İslam NATO-su"nun bir hissəsi olacaqmı?

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkədə imzalanan Birgə Müdafiə Sazişi regionun təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, sənədə əsasən, üç ölkədən birinə edilən silahlı hücum hamısına edilmiş hücum kimi qəbul olunacaq. Bu, faktiki olaraq kollektiv müdafiə mexanizmi deməkdir.

Yeni formatın çəkisini onun iştirakçıları müəyyən edir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir, Pakistan nüvə dövlətidir, Səudiyyə Ərəbistanı isə ərəb dünyasının aparıcı siyasi və iqtisadi güclərindən biridir.

Associated Press və Reuters diqqəti daha bir vacib məqama yönəldirlər. Agentliklərin yaydığı məlumata görə, saziş yalnız bu üç ölkə ilə məhdudlaşmır və gələcəkdə digər regional dövlətlərin də qoşulmasına açıqdır.

Məhz bu detal Azərbaycanın adı ətrafında yeni müzakirələr yaradır.

Azərbaycan hazırda bu sazişin iştirakçısı deyil və bununla bağlı heç bir rəsmi qərar açıqlanmayıb. Lakin son aylarda formalaşan regional təhlükəsizlik əməkdaşlığı Bakının bu formatdan kənarda olmadığını göstərir.

Xatırladaq ki, bu ilin martında Səudiyyə Ərəbistanında keçirilən regional təhlükəsizlik toplantısında Azərbaycan, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı eyni masada təmsil olunmuş, yekun bəyanatda regional təhlükəsizliyə qarşı təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyi vurğulanmışdı.

Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri mövcuddur. Pakistanla strateji və hərbi əməkdaşlıq uzun illərə söykənir. Səudiyyə Ərəbistanı ilə siyasi və təhlükəsizlik sahəsində əlaqələr də son dövrdə xeyli intensivləşib.

Reuters-in ekspertlərə istinadən yaydığı təhlillərdə bildirilir ki, yeni saziş Yaxın Şərqdə təhlükəsizlik yükünün tədricən region dövlətlərinin öz üzərinə götürülməsi tendensiyasını gücləndirə bilər. Al Jazeera isə bunu Türkiyənin hərbi potensialını, Pakistanın strateji imkanlarını və Səudiyyə Ərəbistanının maliyyə gücünü birləşdirən yeni təhlükəsizlik platforması kimi qiymətləndirir.

Bütün bunların fonunda Azərbaycanın gələcəkdə bu formata qoşulacağı barədə danışmaq hələ tezdir. Belə bir qərar yoxdur və bunu fakt kimi təqdim etmək doğru olmaz.

Ancaq bir məqam da diqqətdən yayınmır: saziş digər regional ölkələr üçün açıq elan olunub və Azərbaycan həm Türkiyənin ən yaxın müttəfiqlərindən, həm Pakistanın strateji tərəfdaşlarından biri, həm də son aylarda Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik dialoqunu genişləndirən ölkələr sırasındadır.

Bu səbəbdən də Məkkədə imzalanan sazişdən sonra ortaya çıxan əsas suallardan biri məhz budur: gələcəkdə bu yeni təhlükəsizlik formatının növbəti iştirakçıları arasında Azərbaycanın adı da olacaqmı?

Hazırda bunun cavabı yoxdur. Ancaq geosiyasi konfiqurasiyaya baxanda bu sual artıq təsadüfi görünmür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR