Onlayn ictimai-siyasi qəzet
Avropada “Müsəlman Birliyi Hərəkatı”nın (MBH) təşkilatlanması ilə bağlı atılan son addımlar ciddi suallar doğurur. Azərbaycanda radikal dini-siyasi fəaliyyəti, Nardaran hadisələri və dövlət quruluşuna qarşı zorakı planlarla bağlılığı ilə gündəmə gəlmiş bir strukturun bu gün Avropada “siyasi mühacir” və “insan haqları müdafiəçisi” pərdəsi altında fəaliyyət göstərməsi nə qədər məntiqlidir? Avropa dövlətləri belə bir təşkilatın keçmişini və ideoloji mahiyyətini həqiqətən araşdırıbmı?
2015-ci ildə Nardaranda baş verən qanlı qarşıdurma MBH-nin tarixində adi siyasi aksiya deyil, dövlətə qarşı silahlı müqavimət cəhdinin ən ağır səhifələrindən biri kimi yadda qalıb. Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, təşkilatın rəhbərliyi dünyəvi dövlət modelinin dəyişdirilməsi və şəriət əsaslı idarəetmənin qurulması ideyasını müdafiə edib. Hərəkatın rəhbəri Taleh Bağırzadənin İranın dini-siyasi dairələri ilə əlaqələri, Ayətullah Əli Xameneini “mənəvi lider” kimi qəbul etməsi barədə açıqlamaları isə bu təşkilatın ideoloji istiqaməti ilə bağlı əlavə suallar yaradıb.
Nardaran hadisələrindən sonra bu şəbəkənin bir hissəsinin Əlamdar Bünyadovun (təşkilatın Berlində Avropa nümayəndəliyinin yaradıldığını açıqlayıb) fonunda Avropaya, xüsusilə Almaniyaya üz tutması və burada özünü tamamilə fərqli siyasi obrazda təqdim etməsi diqqətdən yayınmamalıdır. Bu gün həmin şəxslərin “demokratiya”, “insan haqları” və “siyasi mühacirlik” kimi anlayışlarla çıxış etməsi onların keçmiş fəaliyyətləri ilə nə dərəcədə uzlaşır? Əgər söhbət həqiqətən siyasi fəaliyyətdən gedirsə, niyə təşkilatın Avropa nümayəndəliyinin yaradılması barədə qərarın məhz həbsdə olan MBH rəhbərliyinin göstərişi ilə verildiyi açıqlanır?
Məsələnin daha təhlükəli tərəfi isə MBH məsələsinin yalnız Azərbaycan kontekstində qalmamasıdır. İranın Yaxın Şərqdə proksi şəbəkələrindən istifadə təcrübəsi məlumdur. Hizbullah, husilər və digər silahlı qruplaşmalar nümunəsi göstərir ki, ideoloji bağlılıq üzərində qurulan belə strukturlar müəyyən mərhələdən sonra siyasi təsir vasitəsindən təhlükəsizlik təhdidinə çevrilə bilir. Elə bu səbəbdən Berlində MBH-nin Avropa nümayəndəliyinin fəaliyyətə başlaması sadəcə bir diaspor təşəbbüsüdür? Üstəlik, son dövrlərdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan şəxslərin Avropadakı fəaliyyəti və Britaniya hərbi obyektləri ilə bağlı məlumatların İrana ötürülməsi barədə xəbərlər fonunda məsələ daha həssas xarakter alır. Avropa öz təhlükəsizliyinə qarşı potensial təhdidləri aradan qaldırmağa çalışdığı bir vaxtda İranın dini-siyasi ideologiyasını daşıyan və keçmişində zorakı hadisələrlə bağlı iddialar olan şəbəkələrin təşkilatlanmasına necə yanaşmalıdır?
Avropa dövlətləri öz ərazilərində radikal ideologiya və xilafət çağırışları edən qruplara qarşı sərt tədbirlər gördüyü halda, Azərbaycanda dövlətə qarşı silahlı qarşıdurma ilə əlaqələndirilən MBH üzvlərinin fəaliyyətinə niyə eyni meyarlarla yanaşmır? Almaniya, Fransa və İsveçrə kimi ölkələr bu şəbəkənin real məqsədlərini, maliyyə və təşkilati əlaqələrini araşdırıbmı? Yoxsa “siyasi mühacir” statusu bəzi hallarda radikal dini-siyasi keçmişi görünməz edən bir qalxana çevrilib?
Əgər MBH həqiqətən İranın təsir dairəsində olan proksi struktur kimi fəaliyyət göstərirsə, Avropanın mərkəzində onun təşkilatlanmasına şərait yaradılması gələcəkdə hansı təhlükələrə yol aça bilər? Avropa dövlətləri Azərbaycana qarşı siyasi təzyiq imkanları əldə etmək naminə öz təhlükəsizliklərini riskə atır? Avropa “insan haqları” ilə “radikalizm” arasındakı sərhədi müəyyənləşdirərkən niyə eyni standartları bütün təşkilatlara tətbiq etmir?
Göründüyü kimi, hər kəsi düşündürən suallar bitib-tükənmir. Bir fakt da ortadadır ki, Avropa uzun illər “insan haqları” bəhanəsi ilə Qərblə əlaqəli olanların vasitəsilə Azərbaycana təzyiq edirdilər. Amma nəticə qazanmadılar. İndi də əl atıblar, radikal dini təşkilatları da qanadları altına almağa...

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a deyib ki, müasir beynəlxalq hüquqda sığınacaq institutu və siyasi mühacirət statusu insan hüquqlarının müdafiəsi mexanizmi kimi nəzərdə tutulsa da, bu hüququn tətbiqi 1951-ci il Cenevrə Konvensiyasının 1F maddəsində təsbit olunmuş “istisna şərtləri” ilə kəskin şəkildə məhdudlaşdırılır:
“Beynəlxalq hüquq normalarına əsasən, BMT-nin məqsəd və prinsiplərinə zidd əməllər törətmiş, dünyəvi dövlət quruluşunu zorakı üsullarla dəyişməyə cəhd göstərmiş və ya teokratik idarəetmə ideologiyasını təbliğ edən subyektlərin "siyasi mühacir" və ya "insan haqları müdafiəçisi" adı altında leqallaşdırılması sığınacaq hüququnun mahiyyətinin açıq-aşkar təhrif edilməsidir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində bərqərar edilmiş dövlətlərin daxili suverenliyinə hörmət prinsipi fonunda, konstitusiya quruluşuna qarşı silahlı müqavimət və radikal ideoloji çağırışlarla assosiasiya olunan strukturlara Avropa məkanında təşkilatlanma imkanının yaradılması beynəlxalq hüquqi öhdəliklərin ikili standartlar prizmasından tətbiq olunmasının bariz göstəricisidir. Xarici dövlətlərin teokratik və dini-siyasi mərkəzləri ilə ideoloji və təşkilati bağlılığı olan, onların geopolitik maraqlarına xidmət edən strukturların Avropa paytaxtlarında nümayəndəlik açması insan haqqı təşəbbüsü kimi deyil, hibrid təhlükəsizlik təhdidi kimi tövsif olunmalıdır. Beynəlxalq terrorçuluqla mübarizəyə dair BMT Təhlükəsizlik Şurasının 1373 (2001) saylı qətnaməsi üzv dövlətlərin üzərinə radikal və violent-ekstremist qrupların maliyyələşməsinin, təşkilatlanmasının və öz ərazilərində sığınacaq tapmasının qarşısını almaq kimi kəsərli öhdəliklər qoyur”.
Parlamentari onu da xüsusi olaraq vurğulayıb ki, Avropa dövlətlərinin öz daxili təhlükəsizlik arxitekturasında radikal ideologiyalara və xilafət çağırışlarına qarşı sıfır dözümlülük nümayış etdirdiyi halda, Azərbaycanda dünyəvi dövlətçilik təməllərini hədəf alan şəbəkələrə qarşı liberallıq nümayış etdirməsi həm hüquqi kolliziya yaradır, həm də həmin ölkələrin özlərini xarici kəşfiyyat orqanlarının proksi fəaliyyətlərinə açıq saxlaması deməkdir:
“Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci və 8-ci maddələri dövlətin unitar, dünyəvi və demokratik əsaslarını toxunulmaz elan edir və bu əsaslara qarşı hər hansı ideoloji və ya silahlı qəsd dövlətçiliyə birbaşa təhdiddir. Qərb institutlarının hüququn aliliyi və demokratiya ritorikasından geostrateji təzyiq aləti kimi istifadə edərək radikal dini-siyasi keçmişi olan şəxsləri “siyasi mühacir” çətiri altına alması, yalnız Azərbaycanın suveren hüquqlarına qarşı ədalətsizlik deyil, eyni zamanda beynəlxalq anti-terror və təhlükəsizlik konvensiyalarının ruhuna xəyanətdir. Milli maraqların müdafiəsi tələb edir ki, xarici teokratik rejimə “mənəvi və siyasi” bağlılığını gizlətməyən strukturlar hamılıqla radikal ekstremist şəbəkə kimi qiymətləndirilsin və onların humanitar mexanizmlərdən qalxan kimi istifadə edərək dövlətçilik əleyhinə təşkilatlanmasına qətiyyətlə son qoyulsun. Əks halda, öz geosiyasi hədəfləri naminə bu cür təhlükəli ünsürlərə qucaq açan Avropa tətbiq etdiyi ikili standartların və süni humanist niyyətinin qurbanına çevrilməkdən yayına bilməyəcək”.
Cavanşir Abbaslı
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ