Onlayn ictimai-siyasi qəzet
Qlobal neft bazarında qiymətlərin yenidən enməsi neft ixracatçısı olan ölkələrdə gəlirlərlə bağlı sualları gündəmə gətirib. "Brent" markalı neftin qiymətinin 79 dollardan aşağı düşməsi fonunda diqqətlər yenidən enerji bazarına yönəlib.
Bəs neftin ucuzlaşması müvəqqəti tendensiyadır, yoxsa qiymətlərdə yeni eniş mərhələsi başlayır? Hazırkı geosiyasi proseslər və qlobal tələbat qiymətlərin formalaşmasında hansı rolu oynayır?
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
"Neft qiymətlərində son enişi tək bir amillə izah etmək mümkün deyil. Hazırkı vəziyyət həm qlobal iqtisadi artım tempinin zəifləməsi ilə bağlı gözləntilərin, həm də bazarda təklif və tələbin yenidən balanslaşmasının nəticəsidir. Bir tərəfdən, dünyanın aparıcı iqtisadiyyatlarında artım tempinin aşağı düşməsi neftə olan tələbatla bağlı gözləntiləri zəiflədir. Digər tərəfdən isə OPEC+ ölkələrinin hasilat siyasəti, ABŞ-da şist nefti istehsalının dinamikası və qlobal ehtiyatların səviyyəsi bazara təsir edən əsas amillər olaraq qalır. Hazırkı mərhələdə qiymətlərin enməsini tamamilə yeni və uzunmüddətli eniş mərhələsinin başlanğıcı kimi qiymətləndirmək hələ tezdir. Neft bazarı geosiyasi hadisələrə son dərəcə həssasdır və qısa müddətdə qiymətlərin istiqaməti dəyişə bilir. Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsinin enerji bazarına təsiri, ABŞ-ın enerji siyasəti və Çin iqtisadiyyatında baş verən proseslər qiymətlərə birbaşa təsir göstərən əsas faktorlar olaraq qalır".

İqtisadçı əlavə edib ki, hazırda bazarda həm qiymətləri aşağı salan, həm də yuxarı istiqamətdə dəstəkləyən amillər mövcuddur:
"Tələbatla bağlı ehtiyatlı gözləntilər qiymətlərə təzyiq göstərsə də, geosiyasi risklər və mümkün təchizat problemləri qiymətlərin kəskin ucuzlaşmasının qarşısını alan əsas amillərdəndir. Bu səbəbdən bazarda yüksək dəyişkənliyin ilin sonunadək davam edəcəyi daha real görünür. İlin sonuna qədər "Brent" markalı neftin əsasən 75–85 ABŞ dolları diapazonunda ticarət olunacağı daha real ssenari hesab edilir. Əgər Yaxın Şərqdə və ya digər mühüm enerji regionlarında gərginlik artarsa, qiymətlər bu diapazonun yuxarı həddini keçə bilər. Əksinə, qlobal iqtisadi artım gözləntiləri daha da zəifləyər və OPEC+ hasilat məhdudiyyətlərini yumşaldarsa, qiymətlər 75 dollardan aşağı səviyyələri də sınaqdan keçirə bilər".
Akif Nəsirliyə görə, Azərbaycan üçün də neft qiymətləri mühüm əhəmiyyət daşıyır:
"Bununla belə, son illər dövlət maliyyə siyasətində daha ehtiyatlı yanaşma tətbiq olunur və büdcə planlaşdırılarkən adətən daha konservativ neft qiyməti əsas götürülür. Bundan əlavə, Dövlət Neft Fondunda formalaşdırılmış maliyyə ehtiyatları qısamüddətli qiymət dalğalanmalarının dövlət maliyyəsinə təsirini müəyyən qədər yumşaltmağa imkan verir. Ümumilikdə, hazırkı şəraitdə neft bazarında kəskin və davamlı ucuzlaşma ssenarisindən daha çox, geosiyasi proseslərdən və qlobal iqtisadi göstəricilərdən asılı olan dəyişkən qiymət dinamikasının davam edəcəyi gözlənilir. Buna görə də ilin sonuna qədər bazarda əsas tendensiyanı geosiyasi risklər, OPEC+ ölkələrinin qərarları və qlobal tələbatın real vəziyyəti müəyyən edəcək".
Afaq Mirayiq,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ