İnsanlara hürriyət, millətlərə istiqlal!

Neo-kolonializmdən güc siyasətinə: Yeni dünya nizamında Azərbaycanın seçdiyi yol

Son illərdə dünyada baş verən hadisələr beynəlxalq münasibətlər sisteminin köklü dəyişikliklərə məruz qaldığını göstərir. Uzun illər ərzində beynəlxalq hüququn, çoxtərəfli diplomatiyanın və qlobal institutların üstünlüyü haqqında danışılırdı. Lakin Ukraynadan Yaxın Şərqə, Afrikadan Cənubi Qafqaza qədər yaşanan proseslər getdikcə daha aydın göstərir ki, müasir dünyada hüquq təkbaşına kifayət etmir. Hüququn arxasında siyasi iradə və güc olmadıqda onun təsir imkanları məhdudlaşır.

Prezident İlham Əliyevin yaxın vaxtlarda səsləndirdiyi "dünya qanunun deyil, gücün söz sahibi olduğu bir dövrə qədəm qoyur" fikri məhz bu reallığın ifadəsidir. Bu yanaşma ilk baxışda sərt görünə bilər. Lakin son onilliyin beynəlxalq hadisələrinə nəzər saldıqda həmin fikrin emosional bəyanatdan çox, beynəlxalq münasibətlərin real mənzərəsini əks etdirdiyini görmək mümkündür.

BMT komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını  Ermənistandan tələb edib

Beynəlxalq hüququn əsas problemi hüquqi normaların olmaması deyil. BMT Nizamnaməsi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və güc tətbiqinin qadağan olunması kimi fundamental prinsiplər qüvvədə qalır. Problem onların tətbiqindədir. Eyni hüquqi norma müxtəlif dövlətlərə münasibətdə fərqli şəkildə tətbiq olunur. Güclü dövlətlər üçün bir qayda, zəif dövlətlər üçün isə başqa qayda işləyir. Bu isə beynəlxalq hüququn legitimliyinə ciddi zərbə vurur.

Son illərdə baş verən müharibələr bu ziddiyyətləri daha da aydın şəkildə ortaya çıxarıb. Eyni hadisələr müxtəlif regionlarda tamamilə fərqli hüquqi və siyasi qiymətləndirməyə məruz qalır. Nəticədə beynəlxalq hüquq universal ədalət mexanizmi olmaqdan çox, geosiyasi maraqların təsiri altında fəaliyyət göstərən sistem təsiri bağışlayır.

Mövcud beynəlxalq hüquq sistemi öz tarixi missiyasını tamamlayıb

Bu proseslər fonunda klassik kolonial sistemin son qalıqları da sürətlə dağılır. Lakin kolonializm tamamilə yox olmur, sadəcə formasını dəyişir. Əvvəllər ərazilər hərbi qüvvə ilə idarə olunurdusa, bu gün iqtisadi asılılıq, maliyyə mexanizmləri, texnoloji üstünlük və siyasi şərtləndirmələr vasitəsilə təsir imkanları qorunub saxlanılır. Müasir neo-kolonializm artıq tank və toplarla deyil, kreditlər, standartlar, sanksiyalar və informasiya təsiri ilə işləyir.

Maraqlıdır ki, keçmiş kolonial dövlətlərin əksəriyyəti bu gün məhz keçmiş müstəmləkələrdən gələn kütləvi miqrasiya dalğaları ilə üz-üzədir. Bu, təsadüfi hadisə deyil. Onilliklər ərzində formalaşdırılmış iqtisadi və sosial asılılıqların gecikmiş nəticəsidir. Məhz buna görə də yeni mərhələdə Qərb dövlətləri miqrasiyanı məhdudlaşdırmağa, əvəzində isə həmin ölkələrin iqtisadiyyatlarını öz təsir dairələrində inkişaf etdirməyə çalışırlar. Məqsəd insan axınının qarşısını almaq, lakin iqtisadi asılılığı saxlamaqdır.

Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə nə Qərbə kor-koranə inteqrasiya yolunu seçib, nə də hər hansı güc mərkəzinin təsiri altına düşüb. Əksinə, milli maraqlara əsaslanan balanslaşdırılmış siyasət yürüdülüb.

ABŞ ilə münasibətlərdə müşahidə olunan yeni dinamika, Avropa ilə əməkdaşlığın davam etdirilməsi, eyni zamanda Rusiya ilə zaman-zaman yaranan gərginliklərə baxmayaraq qonşuluq münasibətlərinin qorunması Azərbaycanın xarici siyasət kursunun pragmatik xarakterini nümayiş etdirir. Bu siyasətin əsas mahiyyəti sadədir: Azərbaycan heç bir güc mərkəzinin vassalı deyil, lakin bütün güc mərkəzləri ilə əməkdaşlıq edə bilən müstəqil dövlətdir.

Beynəlxalq hüquqa `paralel hüquq` yaranır – TƏHLİL

Məhz bu baxımdan İlham Əliyevin son illərdə nümayiş etdirdiyi siyasi xətt uzaqgörən liderlik nümunəsi kimi qiymətləndirilə bilər. O, beynəlxalq hüququn əhəmiyyətini qəbul edir, lakin eyni zamanda onun məhdudiyyətlərini də görür. Hüququn işləməsi üçün gücün, gücün legitimliyi üçün isə hüququn vacib olduğunu anlayır.

Yeni dünya nizamı hələ tam formalaşmayıb. Lakin artıq aydın görünür ki, gələcəyin uğurlu dövlətləri hüququ və gücü qarşı-qarşıya qoyanlar deyil, onları milli maraqlar naminə uzlaşdıra bilənlər olacaq. Azərbaycanın son illərdə keçdiyi yol göstərir ki, bu reallıq Bakıda bir çox dünya paytaxtlarından daha əvvəl və daha düzgün oxunub.

Elnur Məclidli,
Paris, Fransa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR