Onlayn ictimai-siyasi qəzet
Yanvarın 6-da Hələbdə Suriya hökumət qüvvələri ilə terrorçu YPG-nin liderlik etdiyi “Suriya Demokratik Qüvvələri” arasında başlayan şiddətli toqquşma bazar günü başa çatıb. İki tərəf arasında əldə olunan razılaşma əsasında SDQ-nin nəzarətində olan Hələbin şimalında yerləşən Şeyx Maqsud və Əşrəfiyyə rayonları hökumət qüvvələrinə təhvil verilib, kürdlər isə ambulans və avtobuslarla SDQ-nin nəzarətində olan rayonlara göndərilib. Saat 15:00-da Suriya hökuməti sonuncu konvoyun yola salındığını və əməliyyatın başa çatdığını bəyan edib. Bununla da Hələbdə kürd qüvvələrinin nəzarətində olan rayonlar tamamilə Suriya ordusunun nəzarətinə keçmiş olub.
Qeyd edək ki, 2024-cü ilin dekabrında HTŞ liderliyində müxalif qruplar hücum edərək Hələbi ələ keçirəndə kürdlər – SDQ Hələbin Şeyx Maqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarını nəzarətə götürüb. Sonrakı günlərdə “Suriya Milli Ordusu” qüvvələri ilə baş verən döyüşlər nəticəsiz qaldı və Hələbin bu rayonları kürdlərin nəzarəti altına düşdü.
2025-ci ilin 10 martında Dəməşqdə ABŞ-ın vasitəçiliyi ilə Suriya hakimiyyəti ilə SDQ arasında əldə olunan razılaşma kürdlərin (SDQ-nin) mərhələli olaraq Suriya hökuməti iyerarxiyası altına keçməsi, SDQ qüvvələrinin Suriya ordusuna inteqrasiya olunması və tədricən yerli idarəçiliyin Suriya mərkəzi hakimiyyətinə verilməsi, bu zaman isə kürdlərə müəyyən güzəştlərin nəzərdə tutulmasını əhatə edirdi. Lakin bu razılaşma nəzərdə tutulduğu kimi irəliləmədi. Martda baş verən ələvi qırğınları, iyulda isə Suveydada baş verən toqquşma və İsrailin Dəməşqi bombalaması kürd məsələsini arxa plana keçirdi. Üstəlik, aprelin 26-da “Cəzirə” bölgəsində (Cəzirə Suriyanın Dəclə və Fərat çayları arasındakı bölgədir, ərəblər Cəzirə – ada deyir, kürdlər isə Rojava – K.R.) keçirilən “Kürd milli qurultayı”nda kürdlərin Dəməşq qarşısında yeni tələblər irəli sürməsi danışıqları dalana dirədi.
Digər tərəfdən, rəsmi Ankara PKK-nın silahı yerə qoyması fonunda Suriyada PKK-nın yerli qolu olan YPG-nin faktiki olaraq muxtar bölgəyə çevrilməsi ilə barışmaq istəmirdi. Ancaq Vaşinqtonun kürdləri dəstəkləməsi Ankaranın Suriyada kürdlərə qarşı hərbi əməliyyat aparmasına mane olurdu. Bu səbəbdən də Ankara Dəməşqin yaranmış vəziyyətdə dövlət suverenliyi hüququndan istifadə etməsi üçün təzyiq göstərirdi.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan ötən ayın sonunda bildirmişdi ki, Ankaranın YPG-yə qarşı səbri artıq tükənir və kürd məsələsində real addımlar atılmalıdır.
Yanvarın 4-də Dəməşqdə amerikalıların vasitəçiliyi və iştirakı ilə baş tutan SDQ–Dəməşq görüşü də bu səbəbdən nəticəsiz başa çatdı. Halbuki kürdlər görüşə konkret təkliflərlə getmişdi və əsas plan SDQ qüvvələrinin 3 diviziya və 3 briqada şəklində Suriya ordusuna inteqrasiya edilməsi, ancaq idarəçilik və komandanlığın yenə də SDQ-də qalmasını nəzərdə tuturdu. Söhbət 3 SDQ diviziyası, həmçinin sərhəd qüvvələri, antiterror və qadın briqadası (YPJ) olmaqla 3 briqadanın rəsmiləşdirilməsindən gedirdi. Lakin görüş nəticəsiz başa çatdı və məlum oldu ki, tərəflər heç bir məsələdə razılığa gələ bilməyiblər.

Elə həmin gün axşam ilk dəfə Hələbdə SDQ və Suriya qüvvələri arasında qarşıdurma qeydə alındı. Ancaq ilk qarşıdurma vasitəçilərin müdaxiləsi ilə operativ şəkildə dayandırıldı.
Lakin Suriya hökuməti Hələbə əlavə qüvvələr göndərərək kürdlərin iki rayondan çıxmasını tələb etdi. SDQ isə baş komandan Mazlum Abdi vasitəsilə elan etdi ki, Hələbdə SDQ yoxdur, qeyd olunan rayonları “yerli özünümüdafiə” qrupları qoruyur.
Türkiyə Milli Müdafiə Nazirliyi isə bəyan etdi ki, Hələbdə terror ünsürlərinin təmizlənməsinə dəstək verməyə hazırdır. Məsələ ondadır ki, Hələb Suriyanın ikinci ən böyük şəhəri və əsas sənaye mərkəzidir. Türkiyə sərhədindən 45 kilometr məsafədə yerləşən Hələb həm də regional nəqliyyat qovşağıdır. Hələb eyni zamanda qədim türkmən şəhəridir, hətta orta əsrlərdə burada türk dövlətləri fəaliyyət göstərib. Azərbaycanlılar üçünsə Hələb Nəsiminin dəfn olunduğu torpaq kimi tanışdır.
Hələb kimi strateji şəhərin iki mühüm rayonunun SDQ-nin nəzarətində olması hərbi-siyasi baxımdan həm Ankara, həm də Dəməşq üçün əlverişsiz vəziyyət idi. Bu səbəbdən də ilk olaraq Hələbdən SDQ-nin çıxarılması Türkiyə və Suriya hökumətləri üçün prioritet məsələ sayılırdı. Üstəlik, Hələbə ABŞ-ın birbaşa müdaxiləsi mümkün deyil.
Hələbin Suriya hökumətinin nəzarətinə keçməsi Dəməşqin kürdlər üzərində mövqelərini cüzi də olsa gücləndirir – ən azı strateji bir nöqtəni geri alması və nəzarət zonasını genişləndirməsi baxımından.
Artıq Fərat çayından qərbdə kürdlərin nəzarətində olan yalnız kiçik bir zolaq, Deyr Hafra, Məskənə və Səvra kimi bir neçə yaşayış məntəqəsi qalıb. Hələb razılaşması həm də ABŞ diplomatlarının ciddi səyləri nəticəsində əldə olunub. Bu baxımdan Vaşinqtonun növbəti mərhələdə hansı addımları atacağı maraq doğurur. ABŞ bir tərəfdən kürdləri dəstəkləyir, digər tərəfdən isə Dəməşq və Ankara ilə koordinasiyalı siyasət aparır. Vaşinqton indi həm kürdlər və Dəməşq arasında konsensus tapmalı, həm də Ankaranı sakitləşdirməlidir.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ