İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə Tanrı Şeytanı yaratmaya bilərdi?..

Tək-tük adamlar var ki, hansısa yeni söz-fikir deyirlər, qalanlarsa bu fikirlərin böyürünə-başına nəsə düzüb- qoşurlar. Özümü də sonunculardan hesab edirəm. Məşhur kəlam var, biri onun Volterin, digərisə Didronun adına yazır. Bütün hallarda ikisi də ilk ensiklopediyaçılar olublar və fikir də budur ki, Allah olmasaydı onu uydurmaq lazım gələrdi.

İllər öncə bunu “Şeytan olmasaydı onu uydurmaq lazım gələrdi” kimi yazmışdım, çünki Tanrının da çox uğursuzluqlarını Şeytanın adına yazmalı oluruq; bəli, Şeytan filankəsi yoldan çıxardı, Şeytan buna imkan vermədi və s. deyirik.

Bir dəfə də zarafatla “Allah Şeytanı yaratmaya da bilərdi, çünki ARTIQ QADINI yaratmışdı” yazmışdım.

Çox xahiş edirəm xanımlar bu sözləri mənə qüsur bilməsinlər, bəri başdan üzr diləyirik. Sadəcə, bugünlərdə fransalı xanım Marin Le Pen haqqında oxuyanda nədənsə həmin sözlər yadıma düşdü, çünki bu xanım növbəti Fransa prezidenti vəzifəsinə indi ən real namizəddir.

Ona görə də xanıma qarşı hər gün bir oyun başladırlar ki, prezident ola bilməsin. Amma Marin də, elə-belə, sıradan bir xanım siyasətçi deyil, deyəsən, nəinki heç bir fransalı xanımın, hətta öz doğma atasının da edə bilmədiyini edəcək, Fransanın prezidenti olacaqdır. Belədə, həqiqətən çox maraqlı olardı; ingilislərin Tetçeri oldu, almanların Merkelini gördük, baxaq, görək, fransalıların Marini necə olur?

Maraqlıdır, hər üç qadın siyasətin mühafizəkar qanadına aid hesab edilirlər; kişilər biri birilə “evlənəndə” qadınlar mühafizəkar olmayıb neyləsinlər?

İlon Maks hətta onu “Fransanın son ümüdi” adlandırır. Doğrusu, mən həmişə belə apokalipstik yanaşmanın əleyhinə olmuşam, çünki Fransanı hansısa faciə gözləmir, baxmayaraq ki, bizim bəzi təhlilçilər də belə şeyləri yazmağı çox sevirlər. Amma Frnasaya nə olubdur? Qitənin əsas hərbi dövlətidir, iqtsadi cəhətdən də ya ikincidir, ya da üçüncü. Olsa-olsa templərdə hansısa azalmalar ola bilər. Belə olanda inkişaf etmiş ölkələrin iqtisadçıları, əsasən də siyasətçiləri hay-küy salırlar ki, bəs geri qaldıq, inkişafda ləngidik, geri düşdük...

İndi ola bilsin, xanım Marin də prezident olacaq, bir radikal sağçı kimi ölkəni bir az “silkələyəcək” və həqiqətən də hansısa templər artacaq, amma qeyri-adi bir şey olmayacaq. Doğrusu, Makron cənabları əvvəlki prezidentlərin çoxundan fəaldır, amma onun istəyi şəxsən mənə aydın deyil və onun həyat yoldaşına baxanda da bir az əvvəldə dediyim məsəl yadıma düşür. Əgər şeytanabənzər xanımların yarışı keçirilsəydi çox güman ki, Makronun xanımı birinci yerə çıxardı: Makron bir kişi kimi qüsurlu adama oxşamır, amma bunun nəyinə (özü də hələ məktəb vaxtı!) vurulub – doğrusu, anlaya bilmirəm...

O ki qaldı Fransanın “süqutuna”, yaxud “qürubuna” güman etmirəm belə şey olsun. İndi klasssik mənada imperiya, əsas da koloniya demək olar qalmayıb, bu, daha çox kültürəl məna kəsb edir. Var, necə deyər, bir-iki para çox kiçik ölkələr qalıb, amma demək çətindir kimi kimi istismar edir: Fransa onları, yoxsa onlar Fransanı? Klassik imperiya anlayışı yalnız Kreml əhlinin təsəvvüründə qalıb, o da şərti olaraq. Rusiya da Allahın verənindən nə varsa, onunla koloniyalarını təmin edir- neft verir, qaz verir, onlar da özlərinə əziyyət veməyərək birtəhər girələnirlər. Düzdür, bəzən sərt də davranırlar, amma bu, daha çox qulaqburunusu olur. Belarus kimi koloniyaların liderlərinin siyasəti, siyasi bəyanatları rəhmətlik Vasil Bıkov demiş, elə inəklərin mələməsini xatırladır – otdan yeyib başlarını mələyə - mələyə ora-bura çevirir, sanki sahiblərinə minnətdarlıq edirlər...

Odur, bilmək olmur, Dünyanı kim düzəldəcək, qadınlar, yoxsa kişilər? Amma millətin bəxtinə Lukaşenko kimi “kişi”dənsə, Marin kimi qadın düşsə, zənnimcə, daha yaxşı olar: demirlərmi siyasət daha çox şeytani sənətdir?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR