Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Lvov bölgəsində Rusiyanın “Oreşnik” raket kompleksi ilə zərbə endirdiyi obyektlər “Sknilov” aerodromu və Lvov Dövlət Aviasiya Təmiri Zavodu olduğu bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə “Politika Strany” nəşri məlumat yayıb.
Eyni məlumatı OSINT tədqiqatçıları da təsdiqləyib. Onlar zərbə anının videolarını araşdıraraq lokasiyasını müəyyən ediblər.
Bildirilir ki, hücum nəticəsində aerodromun uçuş-enmə zolaqları, aviazavodun binası və yaxınlıqdakı avtomobillər zədələnib. Qeyd edək ki, Lvov aviazavodu 2022-ci ilin martında tammiqyaslı müharibənin ilk günlərində də rus zərbələrinə məruz qalmışdı.
Ukraynanın yüksək vəzifəli məmuru “Reuters”ə açıqlamasında təsdiqləyib ki, “Oreşnik” raketi Lvovda dövlət müəssisəsinin sexini hədəf alıb. Onun sözlərinə görə, raket ehtimal ki, döyüş başlığı daşımayıb və güc nümayişi üçün istifadə olunub.
Əvvəllər hərbi kanallar bildirirdilər ki, zərbənin hədəfi Ukraynanın Stry şəhərindəki qaz terminalı olub – bu, Avropanın ən böyük qaz anbarıdır.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, yanvarın 9-u səhər Ukraynaya genişmiqyaslı zərbə endirilib, o cümlədən “Oreşnik” raket kompleksi istifadə olunub. Nazirlik bunu Ukrayna Silahlı Qüvvələrinin Vladimir Putinin Valdaydakı iqamətgahına “hücumuna” cavab adlandırıb.
Ukraynanın təşəbbüsü ilə 12 yanvar tarixində BMT Təhlükəsizlik Şurası Rusiyanın “Oreşnik” raket zərbəsi ilə bağlı fövqəladə iclas keçirəcək.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ