Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçirilən görüşdə “Qarabağ” öz meydanında Niderlandın “Ayaks” klubuna uduzub.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Tofiq Bəhramov adına Respublika stadionunda rəqibi qəbul edib. Gərgin və bol qollu keçən qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan təmsilçisi oyuna sürətli start verib və 10-cu dəqiqədə Kamilo Duranın qolu ilə hesabı açıb. Lakin 39-cu dəqiqədə Kasper Dolberq meydan sahiblərinin üstünlüyünü aradan qaldırıb.
İkinci hissənin əvvəlində “Qarabağ” yenidən təşəbbüsü ələ alıb – Mateus Silva 47-ci dəqiqədə komandasını bir daha hesabda irəli çıxarıb.
Bunun ardınca “Ayaks” ardıcıl hücumlarla matçın gedişini dəyişib. 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə isə Anton Qoei fərqlənərək qonaqları hesabda önə keçiriblər. Qlux 90-cı dəqiqədə bir daha qapıdan keçirdiyi zərbə ilə dubla imza atıb və nəticəni rəsmiləşdirib.
Bu qələbə Niderland klubunun Liqa mərhələsində ilk üç xalını qazanması ilə yadda qalıb. “Qarabağ” isə turnirdə 7 xalla qalıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ