İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Lukoyl-un aktivlərini özü almaq istəyir: Azərbaycan necə?

Qazaxıstan Energetika Nazirliyi OFAC-a (ABŞ Maliyyə Nazirliyinin sanksiyaların tətbiqinə cavabdeh olan agentliyi) müraciət edib.

Musavat.com xəbər verir ki, müraciətdə Rusiyanın Lukoyl şirkətinin Qazaxıstandakı aktivlərinin üstünlük hüququ əsasında Qazaxıstan dövlətinə satılmasına icazə verilməsi xahiş olunur.

Yanvar ayının sonunda Qazaxıstanın Energetika naziri Yerlan Akkenjenov bildirib ki, Lukoyl-un payını Qazaxıstan dövləti nağd ödəniş olmadan almaq variantlarını nəzərdən keçirir.

Ötən həftə "KazMunayGas" milli şirkəti "İnterfaks-Qazaxıstan" agentliyinə bildirib ki, əsas layihələrdə Qazaxıstan aktivlərinin taleyi ilə bağlı Lukoyl ilə danışıqları davam etdirir.

1MgLZqUyt8tihjINsGqFApqm9dM2EJPG.jpg (293 KB)

Xatırladaq ki, Lukoyl ötən ilin 22 oktyabrında ABŞ sanksiya siyahısına əlavə edilib. Şirkətə xaricdəki aktivlərini satmaq üçün dekabrın 13-dək vaxt verilib. Daha sonra müddət fevralın 26-dək artırılıb.

Qeyd edək ki, Lukoyl Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, Kamerun, Nigeriya, Qana, Meksika, Birləşmiş Ərəb Əmirlikləri və Konqo Respublikasındakı layihələrdə iştirak edir. Şirkət Bolqarıstan, Rumıniya və Hollandiyada neft emalı zavodlarına, eləcə də 19 ölkədə təxminən 2500 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə sahibdir. 2024-cü ilin sonunda Lukoyl-un beynəlxalq layihələrində təsdiqlənmiş neft və qaz ehtiyatları 1 trilyon 345 milyard barel neft ekvivalenti təşkil edib. İraqdakı “Qərbi Qurna-2” layihəsi istisna olmaqla, Lukoyl-un beynəlxalq layihələrində neft və qaz kondensatının istehsalı 2024-cü ildə 3,9 milyon ton, qaz hasilatı isə 16,2 milyard kubmetr təşkil edib. Qrupun Avropa neft emalı zavodlarında emal həcmi 2024-cü ildə 13,5 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin may ayında İtaliyadakı ISAB neft emalı zavodunun satışı ilə əlaqədardır. 2024-cü ildə xaricdə neft məhsullarının pərakəndə satışı 4,2 milyon ton təşkil edib.

Şirkəti sanksiya siyahısına salan Böyük Britaniya Lukoyl-un beynəlxalq aktivləri ilə əməliyyatlara 26 fevrala qədər icazə verib. OFAC isə Rusiya şirkətinin xarici yanacaqdoldurma məntəqələri üçün əməliyyat icazəsini 29 aprel 2026-cı ilə qədər uzadıb.

2-2.jpg (393 KB)

Lukoyl aktivlərinə Amerika nəhəngləri Chevron Corp. və ExxonMobil, Əbu-Dabi dövlətinə məxsus ADNOC, özəl kapital firması Carlyle Group, Əmirliklər konqlomeratı International Holding Company (IHC), iş adamı Todd Boehli və bir qrup BƏƏ investoru və avstriyalı iş adamı Bernd Bergmaierin maraq göstərdiyi məlumdur.

Lukoyl-un bir neçə xarici layihəsi həm Böyük Britaniya, həm də ABŞ tərəfindən sanksiyalardan azad edilib: Azərbaycanda Şahdəniz, Qazaxıstanda Tengiz və Qaraçaqanak yataqlarının işlənməsi layihələri, eləcə də Xəzər Boru Kəməri Konsorsiumu (CPC).

Rusiya şirkətinin Azərbaycandakı aktivləri ilə bağlı hansı addımlar atılır? Azərbaycan dövləti onları almaq üçün üstünlük hüququndan istifadə ilə bağlı OFAC-a müraciət edibmi?

Musavat.com-un mövzu ilə bağlı sualına Energetika Nazirliyindən belə bir müraciətin edilmədiyi bildirilib.

Bəzi mənbələrə görə, Lukoyl xaricdəki aktivlərinin hamısını birlikdə satmaq niyyətindədir. Bu zamansa hər hansı ölkədəki aktivlərin ayrılıqda satılması mümkün olmur. Bu baxımdan, Lukoyl hansısa şirkətlə anlaşıb, ABŞ-dan icazə alarsa, Azərbaycandakı aktivlərini də həmin şirkətə Bakıdan əlavə icazə almadan sata bilər.

DÜNYA,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR