Onlayn ictimai-siyasi qəzet
Qəzza müharibəsində hərbi qarşıdurma davam etsə də, son həftələr diplomatik müstəvidə diqqət müharibənin dayandırılmasından daha çox, onun sonrakı siyasi nizamının qurulmasına yönəlib. ABŞ-nin təşəbbüsü ilə yaradılmış “Sülh Şurası”nın (Board of Peace) ilk iclasından sonra beynəlxalq gündəmdə HƏMAS-ın mərhələli silahsızlaşdırılması, Qəzzanın yeni fələstinli texnokratik administrasiya tərəfindən idarə olunması, İsrail qoşunlarının mərhələli çıxarılması və beynəlxalq sabitləşdirmə mexanizmlərinin formalaşdırılması əsas müzakirə mövzularına çevrilib. Lakin tərəflərin irəli sürdüyü şərtlər göstərir ki, diplomatik fəallığın artması hələ də siyasi konsensus demək deyil. HƏMAS silahsızlaşmanı İsrailin qoşunlarını geri çəkməsi və hərbi əməliyyatları dayandırması ilə şərtləndirir, İsrail isə əvvəlcə tam demilitarizasiyanın təmin olunmasını tələb edir. Məhz bu qarşılıqlı etimadsızlıq Qəzzada sülh prosesinin əsas maneəsi olaraq qalır və əldə olunan razılaşmaların icrasını sual altına salır. Başqa sözlə, hazırkı mərhələdə əsas mübarizə, təkcə döyüş meydanında deyil, müharibədən sonrakı Qəzzanın siyasi və təhlükəsizlik modelinin necə formalaşacağı uğrunda gedir.
Mövzunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadə Musavat.com-a şərh edib.

O xatırladıb ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrail ərazisinə həyata keçirdiyi genişmiqyaslı hücumla başlayan Qəzza müharibəsi qısa müddət ərzində son onilliklərin ən ağır və mürəkkəb regional böhranlarından birinə çevrilib:
“Həmin hücum nəticəsində İsraildə təxminən 1200 nəfər həlak olub, 250-dən çox şəxs girov götürülüb. Buna cavab olaraq, İsrail hökuməti HƏMAS-ın hərbi infrastrukturunu və idarəçilik imkanlarını zəiflətmək, həmçinin girovların azad edilməsini təmin etmək məqsədilə Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Müharibənin təsirləri yalnız Qəzza və İsraillə məhdudlaşmadı. Davam edən döyüşlər Yaxın Şərqin ümumi təhlükəsizlik mənzərəsinə ciddi təsir göstərdi. Livan, Suriya, Yəmən və Qırmızı dəniz istiqamətində gərginliyin artması münaqişənin regional miqyasını genişləndirdi. ABŞ, Qətər, Misir və Türkiyə kimi ölkələr isə atəşkəsin əldə olunması və tərəflər arasında danışıqların davam etdirilməsi üçün müxtəlif diplomatik təşəbbüslərdə iştirak etdilər. Bu isə Qəzza müharibəsini, təkcə lokal silahlı qarşıdurma deyil, həm də regional təhlükəsizlik arxitekturasına və beynəlxalq münasibətlər sisteminə təsir göstərən geosiyasi böhran kimi xarakterizə etməyə əsas verdi. Müharibə dövründə tərəflər arasında bir neçə dəfə müvəqqəti atəşkəs razılaşmaları əldə olunsa da, bu razılaşmalar davamlı sülhə gətirib çıxarmadı. 2025-ci ilin yanvar ayında İsrail və HƏMAS ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə atəşkəs və girov-məhbus mübadiləsi barədə razılığa gəldiklərini elan etdilər. Razılaşma İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqləndi və ilk mərhələdə müəyyən humanitar fasilə və məhbus-girov mübadiləsi həyata keçirildi. Lakin bu razılaşma uzunmüddətli siyasi həllə çevrilmədi. Tərəflər ikinci mərhələnin əsas şərtləri, xüsusilə İsrail qüvvələrinin geri çəkilməsi, HƏMAS-ın gələcək statusu və Qəzzanın idarə olunması məsələlərində razılığa gələ bilmədilər. Nəticədə 2025-ci ilin mart ayında genişmiqyaslı hərbi əməliyyatlar yenidən başladı. İlin sonunda, oktyabr ayında isə tərəflər arasında yeni atəşkəs razılaşması əldə olundu. Lakin bu razılaşma da uzunömürlü olmadı”.
Lalə Xəlilzadə qeyd edib ki, bir həftə öncə, iyulun 24-də İsrail ordusu Qəzza zolağının bir neçə bölgəsi üçün əhalinin təxliyəsi ilə bağlı göstəriş verdikdən sonra əraziyə hava zərbələri endirib:
“Yerli tibb mənbələrinin məlumatına görə, hücumlar nəticəsində azı iki nəfər həlak olub. Bu zərbələr ABŞ-nin vasitəçiliyi ilə ötən il qüvvəyə minmiş atəşkəsə baxmayaraq, İsrail ordusunun hərbi əməliyyatları genişləndirməsinin növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, HƏMAS da öz mövqeyindən geri çəkilməyib. Hərəkatın rəhbər şəxslərindən Qazi Həməd bildirib ki, HƏMAS mərhələli silahsızlaşdırma sazişini yalnız İsrailin həmin razılaşmanı qəbul etməsindən sonra həyata keçirə bilər. Onun sözlərinə görə, tərəflər razılaşmanın mətnini təsdiqlədikdən sonra İsrail ilk mərhələnin icrasına başlamalıdır. “Sülh Şurası” tərəfindən verilən açıqlamada isə HƏMAS-ın Qəzzada atəşkəs razılaşmasının növbəti mərhələlərinin həyata keçirilməsi üçün hazırlanmış yol xəritəsini qəbul etdiyi bildirilib. Açıqlamada əsas diqqətin artıq icra mərhələsinə yönəldiyi qeyd olunub. ABŞ Prezidenti Donald Tramp da bildirib ki, silahsızlaşdırma prosesi irəlilədikcə İsrail qüvvələri geri çəkiləcək, beynəlxalq sabitlik qüvvələri isə yeni Fələstin təhlükəsizlik strukturları ilə əməkdaşlıq edərək Qəzzada sabitliyi təmin etməyə çalışacaq. Lakin bütün bu bəyanatlara baxmayaraq, razılaşmanın praktiki icrası qarşısında ciddi maneələr qalır. Hazırda tərəflər arasında əsas fikir ayrılıqları bu məsələlər ətrafında cəmləşir: İsrail ordusunun Qəzzadan tam və ya mərhələli şəkildə çıxarılması, HƏMAS-ın silahsızlaşdırılması, girovların azad edilməsi, fələstinli məhbusların dəyişdirilməsi, Qəzzanın müharibədən sonra kim tərəfindən və hansı mexanizmlə idarə olunması, bölgənin yenidən qurulması üçün beynəlxalq mexanizmlərin yaradılması. Bu məsələlərin hər biri tərəflər üçün strateji əhəmiyyət daşıyır. İsrail təhlükəsizlik zəmanəti və HƏMAS-ın hərbi potensialının aradan qaldırılmasını əsas şərt hesab edir. HƏMAS isə əvvəlcə İsrailin hərbi əməliyyatları dayandırmasını və qoşunların çıxarılmasını tələb edir. Onu da qeyd edək ki, yerli səhiyyə qurumlarının məlumatına əsasən, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində indiyədək azı 73 311 fələstinli həyatını itirib. Həlak olanların 1 185-dən çoxu isə 2025-ci ilin oktyabrında qüvvəyə minmiş atəşkəs razılaşmasından sonrakı dövrdə qeydə alınıb”.
Ekspert diqqətə çatdırıb ki, mövcud vəziyyət Qəzzada əldə olunan razılaşmaların hələlik tam və davamlı sülh anlamına gəlmədiyini göstərir:
“Tərəflər arasında diplomatik kanallar açıq qalsa da, qarşılıqlı etimadsızlıq və əsas siyasi məsələlər üzrə fikir ayrılıqları atəşkəsin möhkəmlənməsinə mane olur. Hazırda əsas sual yalnız döyüşlərin dayanıb-dayanmayacağı deyil, həm də müharibədən sonra Qəzzanın siyasi və təhlükəsizlik modelinin necə formalaşdırılacağıdır. Əgər tərəflər təhlükəsizlik, idarəçilik və yenidənqurma məsələləri üzrə ortaq mexanizm tapa bilməsələr, müvəqqəti atəşkəslərin yenidən silahlı qarşıdurmaya çevrilməsi riski qalacaq. Bu səbəbdən Qəzzadakı proses hazırda sülhə keçid mərhələsindən daha çox, kövrək və ehtiyatlı diplomatik balans mərhələsi kimi qiymətləndirilə bilər”.
Nigar Həsənli
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ