İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin saxta “soyqırım” qərarından imtinasında Azərbaycanın tarixi rolu – mühüm açıqlamalar

İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat etdi. Çünki qardaş Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə “qırmızı xət”dir.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib. “Bu məsələ ortaya çıxan kimi cənab Prezidentin tapşırığı ilə Azərbaycan intensiv diplomatik fəaliyyətə başladı. İsrail tərəfinə də mesajlarımızı çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi, ilk növbədə, ədalətsizdir, tarixi reallığı əks etdirmir və biz onun qəbulunu düzgün hesab etmirik. Müsbət hal ondan ibarətdir ki, İsrail tərəfi də Azərbaycanın bu mesajlarını ciddi qəbul etdi. Hesab edirik ki, bunun daha da irəliləməsinin qarşısı alındı. Bizim qənaətimizə görə, bu, heç bir halda tarixi reallığı əks etdirməyən, tamamilə ədalətsiz bir addım olardı”, - Hikmət Hacıyev vurğulayıb. O qeyd edib ki, Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var.

“Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bundan sonra da verəcəyik”, - Hikmət Hacıyev əlavə edib.

Qeyd edək ki, İsrail hökuməti ermənilərin 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsi prosesini dayandırıb. Azərbaycanın təzyiqindən sonra “erməni soyqırımı”nın tanınması məsələsi İsrail Knessetinin gündəliyindən çıxarıb.

Qeyd edək ki, Azərbaycan dövlətinin operativ reasiyasından və Təl-Əvivlə intensiv müzakirələrdən sonra saxta “soyqırım”la bağlı qərarın arxivə atılması Ermənistanda kifayət qədər ajiotaja səbəb olub və pərtlik yaradıb. Prezidentin köməkçisi Hikmət Hacıyevin bu mövzu ilə bağlı Türkiyə mediasına geniş açıqlaması məsələyə aydınlıq gətirilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda bu fakt Azərbaycan və Türkiyə arasında zaman-zaman problemlər yaratmağa çalışan destruktiv çevrələrə də tutarlı cavabdır.

Milli Məclisin deputatı Sahib Alıyev Musavat.com-a açıqlamasında önəmli məqamlara diqqət çəkib: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyənin “Haber Global” telekanalına İsrail parlamentinin uydurma hay soyqırımını tanımamasında ölkəmizin oynadığı rolla bağlı açıqlaması yadıma 2015-ci il noyabrın 27-dəki bir görüşü saldı. Həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edirdi. Və o görüşdə dövlətimizin başçısının belə bir bəyanatı var idi: “Azərbaycan Türkiyə - Rusiya münasibətlərindəki gərginliyin azaldılması üçün hər cür kömək göstərməyə hazırdır. Lakin bir şeyi hər kəs bilməlidir: Azərbaycan hər zaman olduğu kimi, bütün hallarda qardaş Türkiyənin yanındadır”. Xatırladım ki, bu sözlər iki ölkə arasında böyük gərginliyə səbəb olan hadisədən, yəni Türkiyənin Rusiyanın “Su-24” hərbi təyyarəsini vurmasından cəmi 3 gün sonra deyilirdi. O zaman Azərbaycandan başqa heç bir dövlət Türkiyəyə bu cür açıq dəstək vermədi. Hətta dəstək verməli olanlar belə, bunu etmədilər. Çünki 2015-ci ildəki Rusiya indiki deyildi, çox güclü idi və hamı da olmasa, əksər dövlətlər ondan çəkinirdi. Azərbaycan Prezidenti isə böyük cəsarətlə əsl prinsipiallıq ortaya qoydu və göstərdi ki, bizim üçün “Bir millət, iki dövlət” anlayışı gəlişi gözəl söz yox, kredodur!”

Sahib Alıyev ardınca bunları əlavə edib: “Bundan heç beş ay keçməmiş dünya hər iki dövlətin bir-birinə yaxınlıq dərəcəsini göstərən və demək olar ki, rast gəlinməyən başqa bir olaya şahidlik etdi. Türkiyə Prezidenti 2016-cı ilin 15 martında Azərbaycana rəsmi səfərə hazırlaşırdı, amma bundan iki gün qabaq törədilən və 36 mülki şəxsin ölümü ilə nəticələnən terror aktı səbəbindən onu təxirə salmaq istəyəndə cənab İlham Əliyev zəng edərək, özü Ankaraya, terrorun törədildiyi şəhərə gedəcəyini bildirdi. Bu sözləri də o məhz həmin səfərində demişdi: “Biz bu gün Ankarada olmaqla bəyan edirik ki, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Sizin acınız bizim acımızdır. Türkiyəni zəiflətmək istəyən qüvvələr bilsinlər ki, buna nail ola bilməyəcəklər. Biz həm şad günlərdə, həm də kədərli günlərdə hər zaman bir yerdəyik və bir yerdə olacağıq”. Təbii ki, cənab Ərdoğan Azərbaycan Prezidentinin bu addımını yüksək qiymətləndirərək onu “bütün dünyaya verilmiş çox mühüm bir qardaşlıq və həmrəylik mesajı” adlandırdı. 2020-ci ilin 28 oktyabrında isə o özü belə bir qardaşlıq və həmrəylik mesajı səsləndirdi: “Cənab Putinlə danışdıq... Mən Putinə bizim “qırmızı xət”lərimizin olduğunu da dedim. Bu xətlər keçiləndə heç kim üzülməməlidir, atamın oğlu olsa da, gözüm görməz, gözünün yaşına baxmaram”.

Deputat həmçinin vurğulayıb ki, İkinci Qarabağ savaşının qızğın vaxtında Türkiyə Prezidentinin Vladimir Putinə zəng etməsi və o zəngin ardından bunları deməsi heç şübhəsiz ki, təsadüfi deyildi: “Görünür, Rusiyanın müharibənin gedişinə ötən əsrin 90-cı illərindəki sayaq müdaxilə edib-etməməklə bağlı düşündüyü və bəlkə də buna hazırlaşdığı haqda məlumat var idi. Kremldəkiləri o vaxt etdiklərini təkrarlamaqdan çəkindirən ən mühüm faktorlardan da biri əlbəttə, Türkiyə Prezidentinin məhz bu xəbərdarlığı oldu”.

S.Alıyev H.Hacıyevin açıqlamalarından bəhs edərkən daha sonra bunları söyləyib: “Maraqlıdır ki, Azərbaycan Prezidentinin köməkçisi də sözügedən müsahibəsində “qırmızı xət”dən bəhs edir, Türkiyənin maraqları bizim üçün “qırmızı xət”dir deyir. Bax, bu prinsipiallıq qaldıqca əminəm ki, bizim “qırmızı xət”lərimizi kimsə keçməyəcək, keçə bilməyəcək. Bəziləri bunun özlərinə baha başa gələcəyini anladıqlarından, digərləri isə aradakı dostluğa xələl gəlməməsi üçün...”

Milli Məclis üzvünün fikrincə, İsrailin Azərbaycanın narahatlığını nəzərə alaraq, uydurma hay “soyqırımı”nı tanımaması ölkəmizlə dostluğa verilən böyük önəmdən irəli gəlir: “Orada yaxşı bilirlər ki, Azərbaycan həm müttəfiqlikdə, həm də dostluqda sözündə bütöv dövlətdir. İndi belə dövlətlərin sayı bəlkə də bir əldəki barmaqlar qədər azdır”.

Elşad Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR