Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkinin Bakı–İrəvan münasibətlərinin normallaşması ilə bağlı son açıqlamaları təkcə diplomatik mövqe deyil, eyni zamanda Kremlin Cənubi Qafqazda itirdiyi təsir imkanlarını ört-basdır etmək cəhdi kimi qiymətləndirilməlidir. Səfirin “Abovyan Taym” verilişində, Sputnik Ermənistan platformasında səsləndirdiyi fikirlər mahiyyət etibarilə bir reallığı deyil, Moskvanın arzuladığı keçmişi təsvir edir.
Musavat.com xəbər verir ki, Kopırkin Azərbaycan–Ermənistan sülh prosesinin ABŞ-la əlaqələndirilən və mediada “Tramp marşrutu” kimi təqdim olunan təşəbbüslərə deyil, məhz Rusiyanın iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmaların baza prinsiplərinə söykəndiyini iddia edib. Onun sözlərinə görə, Rusiya guya başlanğıcdan regiondakı bütün problemlərin kompleks və uzunmüddətli həllinin tərəfdarı olub və bu prosesdə sabitliyin əsas təminatçısı kimi çıxış edib.
Bu iddia isə təkcə siyasi manipulyasiya deyil, açıq-aşkar tarixi və faktiki reallığın inkarıdır.
Son iki yüz ilin tarixi göstərir ki, Cənubi Qafqazda xalqları bir-birinə qarşı qaldıran, münaqişələri dərinləşdirən və onları idarə olunan qarşıdurma vəziyyətində saxlayan əsas aktor məhz Rusiya olub. Çar Rusiyasından Sovet dövrünə, oradan da müasir Kremlin siyasətinə qədər dəyişməyən bir xətt mövcuddur: “parçala, toqquşdur və nəzarətdə saxla”.
Ermənistanın regionda uzun illər Rusiyanın forpostu kimi çıxış etməsi, istər Azərbaycanla, istərsə də Türkiyə ilə münasibətlərdə alətə çevrilməsi bu strategiyanın birbaşa nəticəsidir. Kremlin tapşırıqları əsasında aparılan siyasət bölgəyə sülh yox, fəlakət, işğal və qan gətirib. Əgər Rusiya həqiqətən sülh yaradan tərəf olsaydı, Cənubi Qafqaz bu qədər uzunmüddətli münaqişələrin məkanı olmazdı.
Reallıq ondan ibarətdir ki, yalnız Azərbaycan və Türkiyənin güclənməsi, strateji ittifaq yaratması fonunda Moskvanın bölgədəki dominant mövqeyinə meydan oxumaq mümkün oldu. 2020-ci ildən sonra başlayan proseslər göstərdi ki, Rusiya “vasitəçi” adı altında sülhü sürətləndirmək yox, onu öz maraqları çərçivəsində dondurmaq niyyətindədir.
Məhz bu səbəbdən Rusiya nə Ermənistanı, nə də Azərbaycanı razı sala bildi. Hər iki tərəf üçün Moskvanın rolu getdikcə etibarsız və destruktiv xarakter aldı. Nəticədə Azərbaycanın təşəbbüsü ilə Rusiya sülh prosesinin əsas mərhələlərindən kənarlaşdırıldı.
Bu gün ilk dəfə olaraq Bakı və İrəvan Rusiyasız dialoq aparır. Və məhz buna görə də proses real nəticələr verməyə başlayıb. Tarix dəfələrlə sübut edib: Rusiyanın olmadığı yerdə razılaşmaq daha asan olur.
Rusiya üçün ən ağrılı məqamlardan biri Zəngəzur dəhlizi layihəsindən faktiki olaraq çıxarılmasıdır. Moskva bu gün yalnız kommunikasiyaların açılması prosesində qismən iştirak edə bilər, lakin Zəngəzur dəhlizinin strateji gələcəyi artıq Kremlin deyil, qlobal güclərin müzakirə mövzusudur. Təsadüfi deyil ki, bu məsələ indi ABŞ Prezidenti Donald Tramp kontekstində səslənir.
Bu, əslində Azərbaycanın Rusiyaya verdiyi siyasi cavabdır.
Ötən ilin dekabrın 25-də Rusiyanın AZAL-a məxsus mülki təyyarəni vurmasından sonra Bakı–Moskva münasibətləri kəskin şəkildə gərginləşdi. Rusiya tərəfinin adekvat addım atmaması, üzr istəməməsi, kompensasiya ödəməməsi və üstəlik qeyri-etik davranışı Azərbaycanın səbrini tükəndirdi. Nəticədə Bakı regiona Rusiya–İran tandeminin alternativi kimi ABŞ faktorunu, konkret olaraq Donald Trampın adı ilə böyük strateji layihəni gətirdi.
Bu, sadəcə diplomatik manevr deyil, Kremlin bölgədəki hegemonluğuna açıq meydan oxuma idi.
Musavat.com-un təqdim etdiyi videoda da açıq şəkildə görünür ki, Sergey Kopırkin efirdə rahat deyil. O, fikirlərini ardıcıl şəkildə ifadə edə bilmir, tez-tez dayanır, çaşır, susur. Bu, yalan danışan diplomatiyanın klassik psixoloji göstəricisidir. Çünki real vəziyyət onun təqdim etdiyindən tamamilə fərqlidir.
Rusiya artıq Cənubi Qafqaz proseslərinin mərkəzində deyil. Ona epizodik rol belə verilməyib. Buna baxmayaraq, Kopırkin Moskvadan danışarkən guya hər şeyi tənzimləyən, bütün proseslərə nəzarət edən aktor obrazı yaratmağa çalışır. Bu isə reallığın deyil, itirilmiş nüfuzun ritorik kompensasiyasıdır.

Bu gün Cənubi Qafqazda sülh prosesi Moskvanın iddiaları ilə deyil, Bakının formalaşdırdığı yeni regional reallıqla irəliləyir. Rusiya bu prosesdən kənarda qalıb və bunu nə qədər tez qəbul etsə, özü üçün bir o qədər az itki ilə üzləşər. Kopırkinin açıqlamaları isə Kremlin reallıqla barışmaq əvəzinə, keçmiş üzərindən siyasi miflər yaratmaq cəhdindən başqa bir şey deyil.
Sonda oxucuya təqdim olunan kiçik video parça və Kopırkinin oradakı açıqlamaları artıq hökmü vermək üçün kifayətdir. Qərarı isə hər kəs özü çıxarsın: kim sülh qurur, kim isə sadəcə sülh iddiası edir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ