İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qazı bahalaşır, Ermənistanda "Paşinyanı qovacaqlar" həyəcanı – Medvedevdən şok bəyanat

Rusiya ilə Ermənistan arasında iplərin tamamilə qopması və Moskvanın İrəvanın alkoqol məhsullarına tətbiq etdiyi rəsmi embarqodan sonra, Rusiya rəhbərliyindən Nikol Paşinyan hakimiyyətini həm iqtisadi iflasla hədələyən, həm də geosiyasi cəhətdən rəsmən ələ salan növbəti sensasion bəyanat gəlib. Kremlin ən sərt ritorikalı rəsmilərindən sayılan Dövlət Təhlükəsizlik Şurasının sədr müavini Ermənistanın daxili siyasi taleyini masaya yatırıb.

Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistana satılan Rusiya qazının qiymətinin Avropa səviyyəsinə qaldırılacağı təqdirdə, erməni xalqının baş nazir Nikol Paşinyanı hakimiyyətdən qovacağını bəyan edib. Medvedev öz bəyanatında Ermənistanın dənizə çıxışının olmadığını xüsusi vurğulayaraq, rəsmi İrəvanın Qərbə yönəlik siyasəti ilə amansızcasına lağ edib:

"Əgər Rusiya təbii qazının qiyməti Avropa dəyərlərinə qədər, yəni təxminən üç dəfə bahalaşarsa, Ermənistan əhalisi Paşinyanı ölkədən qovacaq. Ona görə də, indi tam zamanıdır ki, Amerikanın maye qazının (LNG) dəniz yolu ilə birbaşa 'A ölkəsinin' limanlarına çatdırılması barədə tədarük danışıqlarına başlasınlar!"

Dmitri Medvedev çıxışında Ermənistanın adını birbaşa çəkməyərək ondan rişxəndlə "A ölkəsi" deyə bəhs edib və dənizə heç bir çıxışı olmayan, tamamilə quru blokadasında yerləşən bir ölkəyə ABŞ-dan gəmilərlə maye qaz daşınması ideyasının tam bir axmaqlıq və absurd olduğunu nümayiş etdirib. Siyasi şərhçilər Volodinin qaz xəbərdarlığı və "Rospotrebnadzor"un konyak qadağanından dərhal sonra gələn bu bəyanatı Rusiyanın Ermənistanı iqtisadi cəhətdən tamamilə çökdürmək üçün son hərbi-siyasi xəbərdarlığı kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR