İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qərbə qarşı “güzgülü savaşa” başlayır: Qlobal dəniz müharibəsi artıq reallığa çevrilir

Ukrayna savaşının hansısa mərhələsində Rusiya və NATO qüvvələri arasında birbaşa hərbi təmas ehtimalı hələlik tamamilə istisna edilmir... Belə bir situasiyada nüvə təhdidlərinin yenidən ön plana çıxarılması isə qlobal hərbi-siyasi böhranın ən təhlükəli faktorlarından hesab olunur...

Rusiya və kollektiv Qərb arasında Ukrayna savaşı üzərindən yaranmış hərbi-siyasi qarşıdurma yeni və daha təhlükəli mərhələyə daxil olur. Belə ki, Kreml artıq yalnız Ukrayna savaşı üzrə hərbi vəziyyətə deyil, Rusiyanın ticarət donanmasına, enerji ixracına və beynəlxalq dəniz kommunikasiyalarına qarşı atılan addımlara da sərt cavab zərbəsi hazırlayır. Eyni zamanda, NATO-nun şərq cinahında hərbi fəallığın artırılması və ABŞ-da Rusiyaya qarşı yeni, daha sərt sanksiya mexanizmlərinin müzakirəyə çıxarılması qarşıdurmanın coğrafiyasını daha da genişləndirir.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putin Rusiyaya məxsus ticarət gəmilərinin saxlanılması və ya müsadirə edilməsi hallarına “güzgü prinsipi” ilə cavab veriləcəyini bildirib. Onun sözlərinə görə, Rusiyanın cavab reaksiyası yalnız insidentlərin baş verdiyi eyni akvatoriya ilə məhdudlaşmaya və dünyanın digər bölgələrinə, o cümlədən də Sakit Okeana da yayıla bilər. Bu, onu göstərir ki, Ukrayna savaşı ətrafındakı hərbi-siyasi qarşıdurmada məhz coğrafi məhdudiyyətin aradan qaldırılma ehtimalı yüksəkdir. Yəni, Kreml dəniz kommunikasiyalarını qlobal qarşıdurmanın yeni alətinə çevirmək variantını ön plana çəkir.

1fdcb767-f909-4824-8aa0-2f892c3f49e0.jpg (319 KB)

Maraqlıdır ki, prezident Vladimir Putinin bu təhdidləri Rusiyanın Sakit Okean Donanmasının hərbi təlimlərinin məhz yekun mərhələsində gündəmə gətirməsi də qətiyyən təsadüfi görünmür. Kreml Rusiyanın hərbi imkanlarını nümayiş etdirməklə yanaşı, həm də dəniz marşrutlarının təhlükəsizliyi ilə bağlı daha sərt mövqe tutacağını da qabardır. Bu baxımdan, əgər, Rusiya ticarət gəmilərinin müsadirə prosesi genişlənərsə, qarşılıqlı dəniz toqquşmaları enerji daşımaları üçün ciddi risklər yarada bilər.

Bütün bunlar Rusiya və kollektiv Qərb arasındakı qarşıdurmanın iqtisadi sanksiyalar mərhələsindən artıq daha genişmiqyaslı təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Çünki Rusiya üçün “kölgə donanması” yalnız qeyri-leqal kommersiya deyil, həm də enerji ixracı və xarici ticarət baxımından, strateji əhəmiyyət daşıyır. Ona görə də, Kreml bu “kölgə donanması”nı tamamilə itirməmək üçün Qərb ölkələrinə qarşı yeni təhdid modelini ön plana çəkməyə çalışır.

Digər tərəfdən, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya-Ukrayna müharibəsinin mümkün inkişafı ilə bağlı son açıqlamaları da diqqəti cəlb edir. Belə ki, Hakan Fidan Rusiyanın həm savaş meydanında, həm də ölkə daxilində kritik tükənmə vəziyyəti ilə üzləşəcəyi təqdirdə, Ukrayna müharibəsinin xarakterinin ciddi şəkildə dəyişə biləcəyinə işarə edib. Bu baxımdan, onun “Rusiya son vasitəyə əl ata bilər” xəbərdarlığı isə faktiki olaraq, Kremlin nüvə silahından istifadə qərarı vermə ehtimalına eyham kimi qiymətləndirilir.

2dfb95b4-f5dd-4343-b29e-0483ce4584a1.jpg (174 KB)

Məsələ ondadır ki, rəsmi Ankaranın qənaətinə görə, Kremlin Ukrayna müharibəsində məğlubiyyətlə üzləşməsi və Rusiya dövlətçiliyinin mövcudluğuna təhlükə hiss etməsi arasında məsafə o qədər də uzaq deyil. Yəni, hesab olunur ki, bir nüvə dövlətinin hərbi məğlubiyyət və ya strateji tükənmə ehtimalını öz mövcudluğuna real təhlükə kimi qiymətləndirməsi böhranlı situasiyada normal qərarlar vermək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Məhz ona görə də, Türkiyənin bu barədə xəbərdarlığı, yalnız Rusiya ilə bağlı proqnoz deyil. Çünki bu, həm də Qara dəniz və NATO məkanında təhlükəsizlik risklərinin necə qiymətləndirildiyini göstərən önəmli siyasi mesaj olaraq da qəbul edilə bilər.

Digər tərəfdən, Rusiyanın açıq hərbi hədəfində olan Estoniyaya Türkiyənin beş F-16 qırıcı təyyarəsi göndərməsi də mövcud situasiyada xüsusilə böyük əhəmiyyət daşıyır. Belə ki, Türkiyə NATO missiyası çərçivəsində Estoniyanın hava məkanında patrul fəaliyyətinə qoşulur. Türkiyənin bu addımı birbaşa Rusiya ilə qarşıdurma anlamına gəlməsə də, NATO-nun şərq cinahında hava təhlükəsizliyinin gücləndirilməsi baxımından, əhəmiyyətlidir. Çünki Estoniya Rusiyanın birbaşa qonşuluğunda yerləşən NATO ölkəsidir. Və Baltikyanı regionda hərbi balansın qorunması Ukrayna savaşının başlanmasından sonra Avropanın ən həssas təhlükəsizlik problemlərindən birinə çevrilib.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın “güzgü prinsipi” üzrə reaksiya xəbərdarlığı və NATO-nun Baltikyanı regionundakı hərbi fəallığının paralellik təşkil etməsi də qətiyyən təsadüfi xarakter daşımır. Çünki bir tərəfdən Rusiya mümkün dəniz qarşıdurmasına daha genişmiqyaslı coğrafiyada cavab verməyə hazır olduğunu bildirir. Digər tərəfdən isə NATO Rusiya ilə qarşıdurmanın əsas təmas arealı olan şərq cinahının hava hücumundan müdafiə üzrə hərbi imkanlarını daha da möhkəmləndirir.

Nəhayət, Ukrayna savaşı ətrafında yaranmış qəliz hərbi-siyasi situasiyanın ABŞ Senatında Rusiyanı hədəfə alan yeni “cəhənnəm sanksiyaları”nın böyük səs çoxluğu ilə təsdiqlənməsindən sonra daha da gərginləşəcəyi qətiyyən istisna deyil. Çünki bu, həm də Ağ Evin Kreml üzərində maliyyə-iqtisadi təzyiqləri artırmaq niyyətinin birbaşa göstəricisi hesab olunur. Bu yeni sənəd ABŞ prezidenti Donald Trampa Rusiyadan enerji idxal edən ölkələrə qarşı da əlavə tarif mexanizmləri tətbiq etmək imkanları yaradır.

b2b4425b-e844-493a-b296-54ace409bb79.jpg (177 KB)

Belə ki, Ağ Evdən verilən açıqlamaya görə, əslində, ABŞ-ın əsas strateji məqsədi yalnız Rusiyanı cəzalandırmaq deyil. Yəni, əsas hədəflərdən biri Rusiyanın enerji ixracından qazandığı nəhəng maliyyə gəlirlərini mümkün qədər azaltmaqdır. Ona görə də, Rusiyanın enerji resurslarının əsas alıcılarına əlavə iqtisadi təzyiqlər göstərməklə, həmin ölkələrin Kremllə ticari əməkdaşlığına zərbə vurmaq niyyəti güdülür. Və bu isə Rusiya üçün daha mürəkkəb geopolitik vəziyyət yarada bilər.

Məsələ ondadır ki, Rusiyanın indiki iqtisadi modelində enerji ixracının davamlılığı Kremlin Ukrayna müharibəsini maliyyələşdirə bilməsi üçün böyük önəm daşıyır. Ona görə də, əgər, Rusiyanın enerji satışı kanallarına qarşı təzyiqlər güclənərsə, Kremlin alternativ bazarlar və logistika marşrutları axtarmağa daha çox məcbur qalacağı qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, Ukrayna savaşında artıq yalnız tanklar, raketlər və pilotsuz uçuş aparatları deyil, həm də ticarət gəmiləri, enerji tankerləri, hava patrulları, sanksiyalar və nüvə çəkindirməsi də əsas zərbə faktoruna çevrilir. Üstəlik, ən təhlükəli məqam isə müxtəlif təzyiq mexanizmlərinin hazırda bir-birini daha da gücləndirməsi ilə bağlıdır. Bu baxımdan, Ukrayna savaşının hansısa mərhələsində Rusiya və NATO qüvvələrinin birbaşa təmas ehtimalı da hələlik tam istisna edilmir. Və belə bir situasiyada nüvə təhdidlərinin yenidən ön plana çıxarılması isə qlobal hərbi-siyasi böhranın ən təhlükəli faktorlarından hesab oluna bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR