İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dövlətə xəyanət ittihamları rekord həddə çatdı

Rusiyada dövlətə xəyanət və casusluqla bağlı cinayət işlərinin sayı artmaqda davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hüquq müdafiəçisi, “Birinci şöbə” layihəsinin rəhbəri Dmitri Zair-Bekin sözlərinə görə, 2026-cı ilin ilk rübündə məhkəmələrə göndərilən dövlətə xəyanət işlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb.

Zair-Bek bildirib ki, 2022-ci il fevralın 24-dən sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) dövlətə xəyanət, casusluq, xarici dövlətlə gizli əməkdaşlıq və “düşmənə yardım” maddələri üzrə 1500-dən çox cinayət işi açıb.

Onun fikrincə, bu tendensiya Kremlin son illərdə həyata keçirdiyi dövlət siyasətinin məntiqi nəticəsidir.

“Dövlət təhlükəsizliyi məsələləri hər şeydən üstün tutulur. Buna görə də yaxın gələcəkdə bu sahədə yeni rekordların qeydə alınacağı gözləniləndir”, – deyə hüquq müdafiəçisi vurğulayıb.

Parubets Analytics təşkilatının araşdırmasına görə, təkcə 2025-ci ildə Rusiyada dövlətə xəyanət və casusluq maddələri ilə 468 nəfər məhkum edilib. Bu göstərici 1997-ci ildən – hazırkı Rusiya Cinayət Məcəlləsinin qüvvəyə minməsindən bəri qeydə alınmış ən yüksək rəqəm hesab olunur.

Araşdırmada qeyd edilir ki, Ukrayna müharibəsinin başlanmasından sonra bu maddələr üzrə ümumilikdə 1006 nəfər məhkum olunub. Müqayisə üçün, 1997-ci ildən 2022-ci il fevralın 24-dək olan bütün dövr ərzində məhkəmələr cəmi 196 belə hökm çıxarıb.

Ekspertlər hesab edirlər ki, bu statistika Rusiyada təhlükəsizlik və siyasi nəzarət mexanizmlərinin son illərdə əhəmiyyətli dərəcədə sərtləşdiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR