Onlayn ictimai-siyasi qəzet
Sabah - iyulun 14-də Bakı Apelyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, terrorçuluq və digər ağır cinayətlərdə təqsirləndirilərək məhkum olunmuş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdiriləcək.
Məhkəmə iclasında Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmündən verilmiş apellyasiya şikayətləri araşdırılır. İş üzrə apellyasiya icraatı Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər məhkum olunmuş şəxsləri əhatə edir.
Proses Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilir.
Məhkəmə kollegiyasına hakimlər Emin Mehdiyev və Mehriban Qarayeva daxildir, ehtiyat hakim isə Əli Məmmədovdur. Təqsirləndirilən şəxslərin hər biri erməni və rus dillərində tərcüməçilərlə, həmçinin müdafiə hüququnun təmin edilməsi məqsədilə vəkillərlə təmin olunub. Məhkəmə iclaslarında dövlət ittihamını Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin nümayəndələri müdafiə edir.
Ötən iclasda çıxış edən Arkadi Qukasyan özünü irəli sürülmüş ittihamlar üzrə təqsirli bilmədiyini bəyan edib. Vasili Beqlaryanın müdafiəçiləri onun barəsində çıxarılmış hökmün ləğv edilməsini və bəraət hökmünün qəbul olunmasını istəyiblər. Beqlaryan özü də ittihamları qəbul etməyib.

Eyni mövqe Bako Sahakyan tərəfindən də səsləndirilib. Onun vəkilləri Bakı Hərbi Məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdikləri şəxsə bəraət verilməsini məhkəmədən xahiş ediblər. Bako Sahakyan da çıxışında özünü təqsirli hesab etmədiyini bildirib. Sabah keçiriləcək iclasda digər təqsirləndirilən şəxslərin və müdafiə tərəfinin çıxışlarının davam etdirilməsi, apelyasiya şikayətlərinin əsaslandırılması və məhkəmə kollegiyasının növbəti prosessual addımları gözlənilir.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıblar.
E.Məmmədəliyev,
Musavat.com
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ