Onlayn ictimai-siyasi qəzet
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla iranlı iş adamları arasında mübahisənin həllində vasitəçilik etməyə çalışdığını bildirib.
Musavat.com-un məlumatına görə, diplomat bunu mətbuat konfransında açıqlayıb.

O, qeyd edib ki, İran Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etmir və bunu etmək niyyətində deyil. Parlament seçkilərindən sonra Tehran nəticələri tanıyıb və hakim partiyanı qələbə münasibətilə təbrik edib. Eyni zamanda, səfir qeyd edib ki, İranın öz təcrübəsinə əsaslanaraq, bir ölkə daxilində daxili parçalanma müsbət nəticələrə gətirib çıxara bilməz.
Şirqulami bildirib ki, “Ümid edirik və arzulayırıq ki, Ermənistandakı bütün qüvvələr - hakim partiya, hökumət və müxalifət - milli maraqlar, milli məqsədlər və milli imperativlər ətrafında birləşə biləcəklər, çünki belə birlik olmadan gələcək inkişaf mümkün deyil”.
O, İranın Ermənistanı güclü, birləşmiş və vahid görməkdə maraqlı olduğunu vurğulayıb. Tsarukyan və İran sahibkarları arasındakı mübahisəyə toxunan diplomat bildirib ki, məsələ heç vaxt reallaşmayan Ermənistan - İran Ticarət Mərkəzi layihəsi ilə bağlıdır. Səfirin sözlərinə görə, İran diplomatik missiyası layihəni fəal şəkildə dəstəkləyib və bunun ikitərəfli ticarətin inkişafına təkan verəcəyini və İran məhsullarının Ermənistan bazarında mövcudluğunu genişləndirəcəyini gözləyirdi. Lakin layihənin icrası zamanı tərəflər arasında iqtisadi fikir ayrılıqları yaranıb. “Bu, əhəmiyyətli maliyyə itkiləri və sonrakı fəsadlar riskini yaratdığından, mümkün olan hər şeyi etməyə çalışdıq. Mən şəxsən tərəflərlə görüşlər keçirərək vasitəçilik etməyə və kompromis həlli tapmağa çalışdım. Bu yaxınlara qədər onlarla əlaqə saxladım və hər iki tərəfi qane edəcək bir variant tapmağa çalışdım”, - deyə Şirqulami bildirib. Onun sözlərinə görə, mübahisə hazırda hüquqi yollarla həll olunur. Səfir vəziyyətin təqdim olunan dəlillər əsasında həll olunacağına ümid etdiyini bildirib. Diplomat yekun olaraq deyib ki, “Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsini nəzərə alsaq, onların tarixində qaranlıq bir nöqtənin qalmasını istəməzdik”.
Müstəntiqlər Tsarukyanı fırıldaqçılıq sxemi təşkil etməkdə və xüsusilə böyük miqyasda pul yumaqda ittiham edirlər. İttiham tərəfinin mövqeyinə görə, 2022-2024-cü illər arasında onun rəhbərliyi altında fəaliyyət göstərən “cinayətkar qrup” Ermənistan və İran arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək bəhanəsi ilə İran vətəndaşlarını cəlb edən birgə müəssisələr, o cümlədən Ermənistan - İran Ticarət Palatası yaradıb. Müstəntiqlərin fikrincə, fırıldaqçılıq sxemi dövlətə ümumilikdə 21 milyon dollardan çox ziyan vurub. Ayrı bir hadisədə, Tsarukyan başqa bir şəxslə birlikdə İran vətəndaşının iştirak etdiyi yanacaq tədarükü sövdələşməsi ilə bağlı “əlavə 934.000 dolların saxta yolla mənimsənilməsini” təşkil etməkdə ittiham olunur. Bundan əlavə, vəhşi heyvanların və quşların qanunsuz ovlanması maddəsi ilə daha bir cinayət işi başlanıb. Maraqlısı budur ki, milyarder Tsarukyanın malikanəsində aparılan axtarışlar zamanı üç şir və bir pələng müvəqqəti olaraq sakitləşdirici dərman qəbul edərək (onlar İrəvan zooparkına aparılıb-red.), 190 müqəvva-oyuncaq və quşlar aşkarlanıb.
Müstəntiqlərin sözlərinə görə, qanunsuz ov nəticəsində traf mühitə 81.000 dollardan çox ziyan vurub. Tsarukyanın özü ittihamların tamamilə uydurma sayıb və bunları “yalan və saxtakarlıq” adlandırıb.
Ermənistanın daxili siyasətinə qarışmadığını iddia edən iranlı səfirin rəsmi İrəvanın ABŞ-la əlaqəli layihələrə qoşulmasından və Ermənistanı İrana qarşı düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevirməsindən narahatlığını bildirməsini unutmamışıq. Səfir Tehranın çətin anlarda İrəvanın yanında olduğunu xatırladaraq, ABŞ dəstəkli TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin İran üçün ciddi risklər yaratdığını da iddia edib.
İndi Şirqulaminin 3 şir sahibi olan milyarderlə əlaqədar istintaqda ortaya çıxması suallar doğurur. Olmaya Tsarukyanın Ermənistan rəhbərliyinə gətirilməsi planı Tehranda hazırlanırmış...Hər halda çox maraqlı məsələdir.
İranda səfirin Qaqik Tsarukyan işi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda siyasi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, erməni siyasi şərhçi Akop Badalyan İranın Ermənistandakı səfirinin açıqlamasının Tsarukyan barəsində cinayət işinə fərqli baxış formalaşdırdığını iddia edib. İran səfiri bildirib ki, tərəflər arasında İran-Ermənistan ortaq ticarət mərkəzinin yaradılması ilə bağlı iqtisadi fikir ayrılıqları yaranıb.
Onun sözlərinə görə, Tehran tərəfi mübahisənin qarşılıqlı razılaşma yolu ilə həllinə çalışıb və məsələnin sübutlar əsasında hüquqi müstəvidə yekunlaşacağına ümid edir.
Badalyan isə səfirin bu açıqlamasının təsadüfi olmadığını irəli sürərək, Nikol Paşinyanın İrana səfərindən qısa müddət sonra Tsarukyana qarşı hüquqi addımların atılmasına diqqət çəkib. Erməni şərhçi iddia edib ki, Tehranın bu məsələ ilə bağlı İrəvandan müəyyən gözləntiləri olmuş ola bilər. Bununla yanaşı, o, bu fikirlərə dair hər hansı sübut təqdim etməyib. Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Qaqik Tsarukyanı Ermənistan–İran ticarət mərkəzi layihəsi çərçivəsində dələduzluq, vəsaitlərin mənimsənilməsi və çirkli pulların yuyulması ittihamları ilə təqsirləndirir. Tsarukyan isə ittihamların siyasi motivli olduğunu bildirir.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Rusiya və İrandakı dairələr Paşinyan hökumətinə qarşı faktiki olaraq sinxron hərəkət edir, təzyiq göstərirlər: “Əgər əvvəllər biz yalnız Rusiyanın təzyiqlərindən danışırdıqsa, İran kənarda qalırdısa, son vaxtlar İrandan da Paşinyan hökumətinə təzyiq artıb. Bu da “Tramp yolu” layihəsi və Paşinyanın Qərblə intensiv dialoqu ilə bağlıdır”.

E.Şahinoğlu qeyd edib ki, Rusiyanın mövqeyi əvvəlcədən bəlli idi: “Kreml radikal müxalifəti ilk gündən dəstəklədi. Hətta Putin Paşinyanla görüşəndə ona ultimatum verdi ki, müxalifətə şərait yarat! Paşinyan isə cavab verdi ki, bu məsələlər ölkənin daxili qanunları ilə tənzimlənir. Paşinyana nə qədər təzyiq etsələr də, onun partiyası seçkilərdə qələbə qazandı və hökuməti yenidən formalaşdırdı. Paşinyan o zaman dedi ki, əslində məhkəmələr səhv qərar veriblər, müxalifətin liderləri korrupsiyaya bulaşıblar və onlar həbs olunmalıdır. İlk olaraq Tsarukyandan başladılar. İnternetdə yayılan görüntülər də göstərir ki, bu şəxs ciddi şəkildə korrupsiyanın içərisində imiş. Evi, saxladığı heyvanlar və digər faktlar bunu göstərir. Gələcəkdə başqa həbslər də həyata keçirilə bilər. Əslində, ən böyük cinayətkarlardan biri Robert Köçəryan, Serj Sarkisyandır və digərləridir. Mümkündür ki, onlar da həbs edilsinlər. Bu arada İranda da bu vəziyyətdən narahat olmağa başlayıblar. Çünki Tsarukyan iranlı iş adamları ilə ortaq layihələr həyata keçirib və qanunsuz əməllər orada üzə çıxıb. İndi guya İranın Ermənistandakı səfiri İrandan olan iş adamlarının maraqlarını müdafiə edir. Amma əslində verdiyi açıqlamalarda Ermənistanın daxili işlərinə qarışmaq kimi fikirlər də yer alır”.
Politoloq hesab edir ki, Paşinyan və hökumət üzvləri İran səfirinə də cavab verməlidirlər: “Necə ki, Paşinyan vaxtilə Putinə cavab vermişdi. Çünki həm Rusiya, həm də İran, Paşinyanın seçkilərdə qələbə qazanmasına baxmayaraq, Ermənistanı daxildən qarışdırmağa çalışacaqlar. Radikal müxalifəti dəstəkləməklə, maliyyələşdirməklə çalışacaqlar ki, Paşinyan istədiklərini etdə bilməsin. Bir daha görünür ki, Rusiyanın və İranın şovinist dairələri Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıqda maraqlı deyillər. Onlar Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını istəmirlər. Çünki sülh Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığı genişləndirəcək, onların suverenliyini gücləndirəcək və region ölkələri qonşularla yanaşı, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə də tərəfdaşlığını inkişaf etdirəcəklər. Bu isə Rusiya və İrandakı bəlli dairələrin maraqlarına uyğun deyil”.
E.Paşasoy,
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ