İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 5 ildə Ordumuzun gücünə güc qatan bu proseslər gedib

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ordumuzun son beş il ərzində böyük dərəcədə gücləndiyi barədə də fikirlər bildirib.  Prezident deyib ki, Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük ölçüdə artırıb. Yeni silahlar və texnika ilə təchiz edilmiş ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan silahlı qüvvələrinin qüdrəti son beş ildə iki dəfə dünyanı real döyüş əməliyyatları ilə heyrətə gətirib. 2020-ci ildə 44 günlük vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq anti-terror əməliyyatı ilə ordumuz dünyanın ən peşəkar ordularından biri olduğunu əyani sübut etdi.

Ekspert qeyd edib ki, silahlı qüvvələrimiz qələbələrdən sonrakı dövrdə də bütün istiqamətlərdə gücünü artırıb:

"Son beş ildə ordumuz Türkiyə ordusu modelinə keçid prosesini keçdi. Ordumuz NATO-nun ikinci ən güclü ordusu modelinə keçməklə dünya ordularının reytinqi siyahısında əhəmiyyətli yerə sahibləndi. Ən müasir 5-ci nəsil silahlarla, texnika ilə təchiz olunma prosesi də silahlı qüvvələrimizin güclənməsində xüsusi çəkiyə malikdir. Ordumuzun arsenalındakı həmin müasir silahların və texnikaların bir hissəsi Zəfərimizin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib".

R.Məhərrəmov son beş ildə Azərbaycan Ordusunda yaradılan komando briqadalarının da ordumuzda çox nəhəng müsbət keyfiyyət dəyişikliyinə səbəb olduğundan danışıb:

"Komando briqadalarının yaradılması ordunun modernləşməsinin göstəricisidir. Azərbaycan Ordusunun güclənməsi və modernləşməsi prosesi çərçivəsində komando briqadaları da yaradılıb və onların sayı artırılmaqda davam edir. Bu isə ordunun operativ taktiki çevikliyini və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəldir. Bu briqadalar ordunun döyüş qabiliyyətini daha da artırır. Komando briqadalarının təşkil olunması Azərbaycan ordusunun taktiki-xüsusi əməliyyatlar üçün daha çevik qüvvələrə malik olmasını təmin edir və bu, modern orduların praktikası ilə uzlaşır. Ordunun Türkiyə ordusu modeli əsasında qurulması bu prosesə təsir göstərdi".

Məhərrəmov eyni zamanda ordunun struktur dəyişiklikləri, o cümlədən komando briqadalarının yaradılmasını daha çətin döyüş tapşırıqlarını yerinə yetirəməyə imkan yaratdığını  vurğulayıb:

"Belə briqadaların yaradılması ordunun yalnız adi batalyon və mexanizasiya olunmuş hissələrdən çox, xüsusi əməliyyatlara uyğun çevik və peşəkar birləşmələrə malik olduğunu göstərir ki, bu da ordunun strategiya və taktiki potensialını artıra bilər".

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR