Onlayn ictimai-siyasi qəzet
“İranda yaşayan millətlərin böyük əksəriyyəti arasında şahın oğluna hər hansı real rəğbət mövcud deyil. Ona görə də Pəhləvi ABŞ-nin və ya dünya güclərinin dəstəyi ilə İrana gəlsə belə, İranda yaşayan millətlərin, xüsusilə də qeyri-fars xalqların içində özünə yer tapa bilməyəcək”.
Bu sözləri Musavat.com-a açıqlamasında Təbrizdən olan tanınmış milli fəal Cəmşid Zareyi deyib.

Milli fəal qeyd edib ki, Pəhləvinin İranda yaşayan farslar içində müəyyən qədər rəğbəti var, bu da onun ata-babasının təxminən 50 il ərzində İranda hakimiyyətdə qalması ilə bağlıdır:
“Lakin İranda yaşayan digər millətlər və etnik qruplar üçün bu ad-sanın heç bir müsbət anlamı yoxdur. Əksinə, Pəhləvilər dövründə bir çox xalqlar, xüsusilə də qeyri-fars millətlər ağır zülmlərə, böyük cinayətlərə məruz qalıblar. Qaşqayi türklərinə qarşı törədilən repressiyalar, ərəblərə və digər etnik qruplara qarşı aparılan zorakı siyasət bunun açıq nümunəsidir. Bu baxımdan, İranda yaşayan millətlərin böyük əksəriyyəti arasında şahın oğluna hər hansı real rəğbət mövcud deyil. Bəli, mümkündür ki, hazırkı etirazlar fonunda bəzi gənclər arasında Pəhləvinin adı ilə bağlı şüarlar səsləndirilsin. Ancaq bu, qətiyyən o demək deyil ki, İranda etiraz edənlərin hamısı və ya əksəriyyəti pəhləviçi düşüncəyə malikdir.
İranda mövcud vəziyyəti hər kəs çox yaxşı bilir: dərin iqtisadi böhran hökm sürür, dollar və qızılın qiyməti sürətlə yüksəlir, bahalıq nəzarətdən çıxıb, ərzaq qıtlığı, məişət problemləri, işsizlik getdikcə daha da artır. Xalqın etiraz etməsinin əsas səbəbi məhz bu ağır sosial-iqtisadi durumdur. Sadəcə olaraq, etirazlar içində bəzi qruplar və şəxslər yaranmış fürsətdən istifadə edərək Pəhləvinin adı ilə şüarlar səsləndirməyə çalışırlar.
Azərbaycanlılara gəldikdə, hər kəsə məlumdur ki, Güney azərbaycanlılar 30 ildən çoxdur ki, öz milli varlıqları uğrunda mübarizə aparırlar. Bəs həmin Pəhləvi harda idi ki, Tehranda azərbaycanlı milləti açıq şəkildə təhqir ediləndə, söyüləndə bir dəfə olsun çıxıb desin ki, türk milləti də bu ölkənin əsas vətəndaşlarından biridir...”
Cəmşid Zareyi xatırladıb ki, Güney azərbaycanlılar həm Pəhləvi hakimiyyətinin, həm də İran İslam Respublikası rejiminin qurbanı olublar:
“Bu, danılmaz bir həqiqətdir. Biz azərbaycanlılar olaraq, əgər etirazlara qoşulacağıqsa, bunu kimləsə bağlılıq naminə deyil, yalnız və yalnız öz taleyimiz, öz milli varlığımız üçün edəcəyik. Biz milli kimliyimiz, torpağımız, dilimiz və gələcəyimiz üçün ayağa qalxacağıq. Hazırda Güney Azərbaycanın milli fəalları, aktivistləri və aydınları prosesləri diqqətlə izləyir, vəziyyəti təhlil edir və nə zaman, hansı formada etirazlara qoşulmağın doğru olacağını müzakirə edirlər.
Bizim üçün molla rejimi ilə şah rejimi arasında mahiyyət etibarilə heç bir fərq yoxdur. Çünki hər iki sistem dövründə azərbaycanlılara qarşı təzyiqlər olub, haqsızlıqlar törədilib, yeri gələndə cinayətlər həyata keçirilib, yeri gələndə isə milli sərvətlərimiz talanaraq başqa bölgələrə daşınıb. Əgər biz etiraz edəcəyiksə, bunu öz dilimiz, milli varlığımız, iqtisadiyyatımız üçün edəcəyik. Artıq yetər. Yüz ilə yaxındır ki, müxtəlif rejimlərin qurbanına çevrilmişik. Dilimizi əlimizdən alıblar, iqtisadiyyatımızı çökdürüblər, Urmiya gölünü qurudublar, çaylarımızı bərbad vəziyyətə salıblar, mədənlərimizi talayıb aparıblar, məktəblərdə uşaqlarımızı ana dilindən məhrum ediblər. Amma artıq millət ayılıb. Güney Azərbaycan xalqı artıq başqalarının siyasi cərəyanları naminə fədakarlıq etmək istəmir. Biz yalnız özümüz üçün, öz gələcəyimiz üçün mübarizə aparmaq niyyətindəyik”.
Xatırladaq ki, İranın sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ-dən İran xalqını 8 və 9 yanvar tarixlərində yerli vaxtla saat 20:00-da küçələrə çıxmağa çağırıb. Rza Pəhləvi bildirib ki, onun bundan sonrakı addımları və açıqlamaları məhz iranlıların bu çağırışa necə cavab verməsindən asılı olacaq. O, çıxışının məqsədinin “keçid prosesinə liderlik etmək” olduğunu vurğulayıb. Pəhləvinin sözlərinə görə, əsas hədəf sülh yolu ilə dəyişikliklərə nail olmaqdır. Bu dəyişikliklər milli referendum və konstitusiya məclisi vasitəsilə həyata keçirilməlidir. O həmçinin qeyd edib ki, “İranda həlledici mübarizə” üçün əvvəlkindən daha çox hazırdır.
Xalidə Gəray
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ