İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: ÜST yenidən fövqəladə vəziyyəti ELAN ETDİ - Ölü sayı 130-u keçdi

Afrika ölkələrində yenidən yayılan Ebola virusu dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb. Konqo Demokratik Respublikası və Uqandada qeydə alınan yeni epidemiya nəticəsində indiyədək 131 nəfər həyatını itirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yoluxma hallarının sürətlə artması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı Ebola epidemiyasını “beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti” elan edib.

Məlumata görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Konqo Demokratik Respublikasında çalışan amerikalı həkimin Ebola virusuna yoluxduğunu təsdiqləyib. Beynəlxalq yardım təşkilatları həmin şəxsin həkim Dr. Peter Stafford olduğunu açıqlayıblar. Onun karantinə alındığı, ailə üzvlərinin və birlikdə çalışan digər şəxslərin isə müşahidə altında saxlanıldığı bildirilib.

ÜST rəsmiləri epidemiyanın hələ qlobal pandemiya səviyyəsinə çatmadığını qeyd etsələr də, yoluxma və ölüm hallarının artım tempinin ciddi təhlükə yaratdığını vurğulayıblar.

Virusun yayılmasının qarşısını almaq məqsədilə ABŞ hökuməti COVID-19 pandemiyasından sonra ilk dəfə “Title 42” adlı ictimai səhiyyə qanununu yenidən tətbiq etmək qərarı verib. Qərara əsasən, son üç həftə ərzində Uqanda, Konqo Demokratik Respublikası və ya Cənubi Sudana səfər etmiş və ABŞ pasportu olmayan şəxslərin ölkəyə girişinə ciddi məhdudiyyətlər qoyulacaq.

Qeyd edək ki, 1944-cü ildən qüvvədə olan bu qanun indiyədək yalnız COVID-19 pandemiyası zamanı tətbiq edilmişdi. Ebola səbəbindən atılan bu addım tarixdə ikinci belə hal hesab olunur.

Hazırkı epidemiya Ebola virusunun “Bundibugyo” adlı ştammı ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, bu variant üçün hazırda təsdiqlənmiş xüsusi peyvənd və ya effektiv müalicə üsulu yoxdur. Virusun ölüm göstəricisinin isə 25-40 faiz arasında dəyişdiyi qeyd edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR