Onlayn ictimai-siyasi qəzet
Eks-prezident Mixail Saakaşvilinin həbsdən Azərbaycana yüksək tranzit tarifləri tətbiq etmək istəyən Gürcüstan hakimiyyətini sərt tənqidində nə qədər səmimi olduğunu demək çətindir. Çünki onu həbsxanaya “Gürcü arzusu” hökuməti atıb, deyəsən, partiyasının bağlanması üçün də məhkəməyə müraciət edilib. Yəni Saakaşvili onlardan acısını çıxarmaq üçün fürsət axtardığı da bir gerçəkdir...
Gürcüstanla yaranmış problem artıq hamıya bəllidir: qonşu ölkə hökuməti Azərbaycandan Ermənistana göndəriləcək yüklər üçün bahalı tariflər müəyyən edib, yəni tranzit yüklər üçün çox pul istəyir. Rəsmi rəqəmlər belədir ki, Tiflis Azərbaycandan Ermənistana 111 kilometrlik marşrut üzrə neft tranziti üçün hər tona 0,82 dollar tələb edir. Yəni qəbul edilmiş qiymətlərdən 40 dəfə baha!

Məncə, bu davranış əslində “dövlət səviyyəsində reket” kimi qiymətləndirilə bilər. Görünən odur ki, Azərbaycan hökumətini Gürcüstanın bu anormal yanaşması narahat etsə də, doğru olaraq münasibətlərdə gərginlik yaratmaq istəmir. Gürcü baş nazir Kobaxidze son açıqlamasında deyib ki, onların da dövlət olaraq öz maraqları var və düşünür ki, danışıqlar yolu ilə hər üç ölkənin maraqlarını təmin edəcək yol tapılacaq.

Gürcüstanın bölgədə 30 il davam edən Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi barışdırıcı olub, hətta tərəflərin görüşü üçün öz vasitəçiliyini də təklif edib. Qarabağ münaqişəsi bütün bölgənin sabitliyini təhdid edirdi. Münaqişə 2022-ci ilin sentyabrında təməlli həll olunub, amma Gürcüstan hökuməti iki qarşı-qarşıya duran tərəflərin kövrək də olsa iqtisadi əlaqələrinin bərpasını dəstək vermək əvəzinə, bu münasibətlərə çomaq soxur. O halda bu nəticəyə gəlmək olar ki, Gürcüstan hakimiyyəti regionda sülhə töhfə vermək istəmir.
Hələ iki ölkə arasında milli zəmində münaqişə davam edəndə iqtisadçılar etiraf edirdilər ki, nə vaxtsa Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalansa, bundan ən çox Gürcüstana itirəcək, yəni dövlətin tranzit ölkə statusu zəifləyəcək. İşğal dövründə bütün iri iqtisadi layihələrdən kənarda qalan Ermənistan isə əksinə, sülhdən iqtisadi qazanclarını artıracaq. İndi o mərhələ yetişib və Tiflisin buna bahalı tariflərlə müqaviməti bəlkə də gözlənilməz də deyil...

Saakaşvili haqlı olaraq deyir ki, Gürcüstanın ağır vaxtlarında- ciddi iqtisadi sıxıntıları olanda Azərbaycan onlara qaz da, işıq da, yanacaq da verib və bunları unutmaq olmaz. Yadımdadır ki, Gürcüstan-Rusiya müharibəsi yenicə bitəndə uzun yol getdiyimiz taksi sürücüsü maşına vurmağa qaz tapmaq üçün bir neçə yanacaqdoldurma məntəqəsi gəzdi, axırda bir gürcünün həyətində qaçaq yolla satılan sıxılmış qaz tapdı. Ölkəboyu təbii qaza da ciddi ehtiyac vardı. Saakaşvili də hakimiyyətyönlü ekspertlərin “Bakı tariflərlə bağlı Tiflisə siyasi təzyiq göstərmək istəyir” iddiasına arqumentli cavab verib. Deyib ki, Bakı təzyiqə əl atmaq istəsəydi, bunu asan yolla – qaz tariflərini artırmaqla edə bilərdi. Onun sözlərinə görə, hazırda Gürcüstana satılan qazın qiyməti aşağı səviyyədədir və bu güzəşt onun prezidentliyi dövründə Prezident Əliyevlə razılaşdırılıb. Saakaşvili iddia edib ki, gürcü hökuməti hakimiyyətə gəldikdən sonra Azərbaycandan qazın qiymətinin qaldırılmasını, əldə edilən gəlirin isə “şərikli bölgüsünü” təklif edibmiş...

Gürcüstanla Azərbaycan hökuməti arasında soyuqluq hiss olunmaqdadır. Doğrudur, sərt bəyanatlar yoxdur, hər iki tərəf kifayət qədər təmkinli davranırlar. 2025-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycan indiyədək Gürcüstana 3.6 milyard dollar investisiya yatırıb. Gürcüstan kimi kiçik ölkəyə qonşu dövlətin iqtisadi yatırımının mesajı fərqlidir.
Əvvəlki yazılarda Gürcüstan hökumətini həmişə praqmatik və ağıllı siyasət yürütdüyünü qeyd etmişəm. Xüsusilə Ukrayna savaşı ilə bağlı Qərbin “yol xəritəsi”nə qarşı çıxmaları, anti-Rusiya sanksiyalarına qoşulmamaq qərarları, eləcə də onları da Moskva ilə açıq münaqişəyə sürüməyə çalışan Avropa Birliyi ilə münasibətlərdə məsafəli davranışları Gürcüstanın mənafeyi baxımından doğru addımlar idi. Təəssüf ki, bu siyasət ölkədə demokrtiyaya da ciddi zərbələrlə müşahidə olunub və bu proses arzuolunmaz istiqamətdə davam da edir.Amma bu da bizim qarışacağımız və qərar verəcəyimiz məsələ deyil, gürcü xalqının taleyidir...

Azərbaycan bölgənin yenidən dizaynında önə çıxıb. Kim 5 il əvvəl düşünərdi ki, Azərbaycan Ermənistana vaqonlarla benzin göndərə bilər...
Əlbəttə ki, yeni dizayn ən əvvəl yeni yollar deməkdir. Görünən həm də odur ki, bölgədə nəqliyyat dəhlizlərinin açılması və sülhün real mexanizmlərlə möhkəmlənməsi təkcə Kremlin maraqlarına zidd deyil, həm də başqa qüvvələr də buna qarşı çıxır, müxtəlif cəhdlər edir və yəqin ki, edəcəklər də. Bölgəmizdə yeni dövr də, dövran da asan olmayacaq...
Nazim SABİROĞLU,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ