İnsanlara hürriyət, millətlərə istiqlal!

TikTok qadağası nəyi dəyişəcək?

Psixoloqdan SOS: “Qadağalar artıq gecikmiş bir mərhələdə nəticə vermir, ona görə...”

“Psixi pozuntuları olan uşaq və yeniyetmələr sosial şəbəkələrdə sağlam həmyaşıdlarından orta hesabla gündə əlli dəqiqə daha çox vaxt keçirirlər”. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Nazir müavini bildirib ki, nazirlik olaraq məktəblərdə bəzi məhdudiyyətlər qoymağa başlanılıb:

“Hazırda məktəblərdə Tik Tok-a çıxış bloklanır. Məktəbdə uşaqların "Linkedn"ə çıxışı, ümumiyyətlə, filter olunur. Elə mövzular var ki, onlar bloklanır. Məsəl üçün, terrorizmlə bağlı, pornoqrafiya ilə bağlı, narkomaniya ilə bağlı və ümumiyyətlə, iki yüz mövzudan çox təhlükəli olan mövzulara məhdudiyyətlər qoyulub məktəblərdə" - o bildirib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir: “Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir. Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb.  Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir”.

Bu məhdudiyyətlər müsbət təsir göstərəcəkmi? Valideynlər də uşaqlara TikTok qadağası qoymalıdırmı?

Şəxsiyyət pozuntusu nədir və hansı əlamətləri olur? » Newscenter.az

Tanınmış psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Əvvəla onu deyim ki, psixoloji pozuntusu olan uşaqların və yeniyetmələrin sağlam uşaqlardan daha çox sosial şəbəkələrdə vaxt keçirməsi fikri ilə razı deyiləm. Niyə razı deyiləm? Birincisi, sosial şəbəkədə oyun asılılığı anlayışı var. Buraya sosial media üzərindən yaranan qumar asılılıqları da daxildir. Bilirik ki, asılılıqlar psixoloji pozuntu hesab olunur. Maddə asılılığı, alkoqol asılılığı, qumar asılılığı, oyun asılılığı və s. Bunlar necə yaranır? Sağlam insan mütəmadi olaraq bir fəaliyyətə vaxt ayırdıqda və ondan qopa bilmədikdə, bu artıq asılılığa çevrilir. Asılı olan insan isə artıq psixoloji problemin içindədir.

Ona görə də “psixoloji pozuntusu olan uşaqlar” və “sağlam uşaqlar” arasında kəskin sərhəd çəkmək düzgün deyil. Çünki asılılıq özü də psixoloji pozuntudur. Əqli, zəkası və təfəkkürü sağlam olan uşaqlar da zamanla bu problemə doğru gedə bilirlər. Buna görə bütün halları yalnız problemli uşaqlarla əlaqələndirmək olmaz".

Psixoloq çıxış yollarından da danışıb: “Məncə, məktəbdə məhdudiyyətlərin tətbiqi üçün artıq bir qədər gecikmişik. Bunlar daha əvvəl edilməli idi. O ki qaldı valideynlərin qadağalar qoymasına, düşünmürəm ki, bu, ciddi nəticə versin. Artıq qadağa yolu çox effektiv deyil. Daha çox uşaqların şüuruna təsir etmək, onları maarifləndirmək və boş vaxtlarını düzgün istiqamətləndirmək lazımdır.

Uşaqların asudə vaxtının boş qalmaması vacibdir. Həmin vaxtlarda onları faydalı və ciddi fəaliyyətlərə yönəltmək çıxış yolu ola bilər. Biz problemin kökünə varmadan, sadəcə zahiri qadağalar tətbiq etsək, bu, problemi həll etməyəcək. Əsas sual budur: bu uşağın sosial şəbəkədə bu qədər vaxt keçirməyə niyə imkanı var? Sual məhz buradan başlayır. Niyə onun asudə vaxtı elə təşkil olunmur ki, həm mənəvi, həm psixoloji, həm də fiziki baxımdan dolğun bir gün keçirsin? Adətən insan həm əqli, həm də fiziki yorğunluq hiss etdikdə gec saatlara qədər ayıq qala bilmir. Yorğunluq insanı istirahətə sövq edir. Amma burada söhbət gün ərzində heç bir məşğuliyyəti olmayan uşaqlardan gedir. Problem də məhz budur.

Uşaqların və yeniyetmələrin asudə vaxtının boş qalmasının qarşısını almaq, onları düzgün istiqamətləndirmək daha effektiv yoldur. Dərnəklər, idman, rəqs və digər fəaliyyətlər burada mühüm rol oynaya bilər. Valideynlər bu məsələyə diqqət ayırsa və məktəblər də onlara dəstək versə, düşünürəm ki, bu, daha yaxşı alternativ olar. Qadağalar artıq gecikmiş bir mərhələdə çox da nəticə vermir".

Yeri gəlmişkən, uşaqlar və yeniyetmələr arasında sosial şəbəkələrdən istifadənin sürətlə artması bir çox ölkələrdə narahatlıq doğurub. Xüsusilə TikTok-un qısa və sürətli videolar üzərində qurulan alqoritmlərinin uşaqların diqqətinə, psixoloji vəziyyətinə və sosial davranışlarına təsiri ilə bağlı müzakirələr genişlənib. Bu səbəbdən müxtəlif ölkələr uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq üçün yeni qaydalar tətbiq etməyə başlayıblar.

Bu sahədə ən sərt addımlardan birini Avstraliya atıb. Ölkədə qəbul edilən qanuna əsasən, 16 yaşdan kiçik uşaqların TikTok, Instagram, Facebook, Snapchat və digər sosial şəbəkələrdən istifadəsi qadağan edilir. Qanun sosial şəbəkə şirkətlərini istifadəçilərin yaşını yoxlamağa məcbur edir. Əgər platformalar yaş məhdudiyyətini tətbiq etməsələr, onları milyonlarla dollar cərimə gözləyir.

Oxşar tendensiya Avropada da müşahidə olunur. Fransada 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulub və valideyn razılığı olmadan hesab açmaq mümkün deyil. Norveç, Danimarka, İspaniya, Yunanıstan və digər ölkələrdə də yaş həddinin artırılması və uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı müzakirələr aparılır.

Çində isə fərqli yanaşma seçilib. Burada bir çox tətbiqlərdə “uşaq rejimi” tətbiq olunur. Bu rejim vasitəsilə azyaşlıların ekran qarşısında keçirdiyi vaxt məhdudlaşdırılır, gecə saatlarında tətbiqlərdən istifadə qadağan edilir və uşaqlara göstərilən məzmun xüsusi filtrlərdən keçirilir.

Bəs bu qadağalar praktikada necə işləyir? Əsas mexanizm istifadəçilərin yaşının yoxlanılmasıdır. Bir sıra ölkələrdə sosial şəbəkələrdən tələb olunur ki, istifadəçinin yaşı sadəcə qeydiyyat zamanı yazdığı doğum tarixi ilə deyil, əlavə vasitələrlə də təsdiqlənsin. Bunun üçün şəxsiyyət vəsiqəsi məlumatları, rəqəmsal identifikasiya sistemləri, bəzi hallarda isə süni intellekt əsaslı yaş təyini texnologiyalarından istifadə edilir.

Yaş həddinə uyğun gəlməyən istifadəçilərin hesabları bloklana və ya ümumiyyətlə yaradılmaya bilər. Bir çox ölkələr məsuliyyəti valideynlərin deyil, məhz sosial şəbəkə şirkətlərinin üzərinə qoyur. Məqsəd odur ki, platformalar uşaqların yaşını müəyyən etmək və onları qorumaq üçün daha ciddi tədbirlər görsünlər.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, qadağalar problemin yalnız bir hissəsini həll edir. Texniki məhdudiyyətlər müəyyən nəticə versə də, uşaqların müxtəlif yollarla bu qadağaları aşması mümkündür. Buna görə də bir çox ekspert valideyn nəzarətinin, rəqəmsal savadlılığın artırılmasının və uşaqların asudə vaxtının düzgün təşkil edilməsinin daha vacib olduğunu vurğulayır. Onların fikrincə, idman, yaradıcılıq, dərnəklər və digər fəaliyyətlərə cəlb olunan uşaqlarda sosial şəbəkələrdən asılılıq riski daha aşağı olur.

Yəni dünyanın müxtəlif ölkələri TikTok və digər sosial şəbəkələrin uşaqlara təsirini azaltmaq üçün fərqli üsullardan istifadə edirlər. Ancaq əksər mütəxəssislər bir məsələdə həmfikirdirlər: təkcə qadağalar kifayət deyil, uşaqların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişləri qazanması da ən azı bunun qədər vacibdir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR