Onlayn ictimai-siyasi qəzet
“ABŞ və İran arasında imzalanan memorandumun bəzi maddələri imzalandığı gündən qüvvəyə minməlidir. Elə maddələr var ki, onların reallaşması 60 gün ərzində baş tutan danışıqların nəticəsindən asılıdır. Cümə günü İsveçrədə danışıqların ilk mərhələsi keçiriləcək”.
Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov “İslamabad Anlaşma Memorandumu” barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın G7 sammitindəki çıxışından sonra aydın oldu ki, digər maddələrin reallaşması İranın nümayiş etdirdiyi mövqedən asılı olacaq: “Maddələri nəzərdən keçirəndə görünən odur ki, ABŞ-nin müəyyən qədər maraqları təmin olunur. Hazırkı mərhələdə Donald Tramp qlobal iqtisadi təzyiqlərin sıradan çıxmasını istəyir. 28 fevralda baş verən ABŞ-İran-İsrail eskalasiyasından sonra neft qiymətləri intensiv şəkildə artıb. Enerji daşıyıcılarının qiymətlərinin artması digər sahələrdə də qiymətlərin artmasına gətirib çıxarıb. Bu, bir çox ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. ABŞ-nin özündə də inflyasiya artmaqda davam edir. Avropa da bu məsələdə ABŞ-ə təzyiq göstərirdi. Təsadüfi deyil ki, Avropa ölkələri imzalanan memorandumu dəstəkləyir. Hazırda ABŞ-də futbol üzrə dünya çempionatı keçirildiyi üçün Tramp yeni eskalasiyanın yaranmasında maraqlı deyil. Bu, xərcləri artıra bilər. Tramp təzyiqlər fonunda razılaşmaya getməyə məcbur oldu. O, Parisdə etiraf etdi ki, əgər razılaşma olmasa idi, ABŞ iqtisadi fəlakətlə üz-üzə qala bilərdi. Nəzərə almaq lazımdır ki, bu, sülh sazişi deyil, ilkin memorandumdur. Yekun sazişin imzalanması 60 günlük danışıqların nəticəsindən asılıdır”.
S.Zahidov qeyd edib ki, İsrail mövcud vəziyyətdən narazıdır: “Benyamin Netanyahunun bir neçə gün öncəki çıxışında da bu sezilirdi. O, bildirdi ki, İsrail Livanda mövcudiyyətini davam etdirəcək. Memorandumun Livanla bağlı maddəsinin yerinə yetirilib-yetirilməyəcəyi sual altındadır. Bu da ABŞ və İsrail arasında dərin fikir ayrılıqlarının olduğunu göstərir. Yeri gəlmişkən, İsraildə Netanyahuya qarşı ciddi təzyiqlər yaranıb. Ölkədə onun vədlərini yerinə yetirmədiyi ilə bağlı narrativlər səslənir. Bu, onun mövqeyini ciddi şəkildə silkələyir. 2026-cı ilin oktyabr ayında İsraildə parlament seçkiləri keçiriləcək. Bu baxımdan Livandan ordunun çıxarılması Netanyahunun reputasiyasına ciddi zərbə vura bilər. İsrailin müharibənin əvvəlində irəli sürdüyü strateji hədəflərə nəzər yetirsək, hələ ki, onlara çatmadığını görürük. İrandakı rejim İsrailə təhdid idi və hələ də davam edir. Digər tərəfdən, memorandumda İranın ballistik raketləri barədə heç nə yazılmayıb. Halbuki Netanyahu “İran bu raketlərdən məhrum edilməlidir” deyirdi. O cümlədən memorandumda proksilərə dəstək məsələsinə də yer verilməyib. Eyni zamanda, İsrail İranın nüvə potensialına malik olmamasını istəyir. Memorandumda isə bununla bağlı heç bir maddə yoxdur.
Bir sözlə, İsrailin mövqeyinin nəzərə alınmaması Yaxın və Orta Şərqin geosiyasi dinamikasına, təhlükəsizlik arxitekturasına təsir göstərəcək faktordur. İndiki şəraitdə hansı tərəfin güclənəcəyini yaxud zəifləyəcəyini qəti şəkildə demək çətindir. Belə bir fərziyyə də var ki, memorandum prosesi uzatmaq üçün bəhanədir. Danışıqlar yekunlaşdıqdan sonra növbəti eskalasiyanın baş verəcəyini istisna etməməliyik, çünki ABŞ daxilində də İranla bağlı fraqmentasiya var”.
Nigar Həsənli
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ