Onlayn ictimai-siyasi qəzet
Donald Trampın Qəzza ilə bağlı yaratmaq istədiyi “Sülh Şurası”na qatılmaq üçün dəvət göndərdiyi ölkələrin əksəriyyətinin təklifə mənfi cavab verməsi ABŞ prezidentinin həmin ölkələrə qarşı hansı addımlar ata biləcəyi sualını aktuallaşdırır.
Çünki Trampın təklifini qəbul etməmək ABŞ üçün həm diplomatik, həm də geosiyasi baxımdan arzuolunmaz mənzərə yaradır. Prezidentin bu vəziyyətə soyuqqanlı yanaşacağı ehtimalı sıfıra yaxındır. Bu barədə Musavat.com-a şərhində politoloq Qabil Hüseynli bildirib ki, Trampın bu təklifdən imtina edən ölkələrə qarşı hansı müxtəlif problemlər yaradacağı, siyasi, diplomatik, iqtisadi təzyiqlər edəcəyi gözləniləndir:
“Trampın xarici siyasət üslubunu nəzərə alsaq, təklifini qəbul etməyən ölkələrə qarşı sərt addımlar atacağını söyləmək mümkündür. İlkin olaraq ikitərəfli münasibətlərin soyudulması, yüksək səviyyəli təmasların dondurulması, ABŞ administrasiyası daxilində həmin ölkələrə qarşı neqativ siyasi mövqenin formalaşdırılması kimi addımlara üstünlük verə bilər. Xüsusilə, ABŞ-dən təhlükəsizlik, hərbi və ya siyasi dəstək gözləyən ölkələr üçün Trampın təklifini qəbul etməmək daha ciddi risklərə yol açacaq. Tramp onların hərəkətini hörmətsizlik və ya saymamazlıq kimi qəbul edərsə vəziyyət bir qədər də qəlizləşəcək. Belə olan halda isə ABŞ-nin iqtisadi və ticarət rıçaqları işə salına bilər. Məlumdur ki, Tramp əvvəlki prezidentliyi dövründə də iqtisadi alətləri siyasi təzyiq vasitəsi kimi istifadə edib. İndi onun təşəbbüsünə müsbət cavab verməyən dövlətlər üçün ticarət güzəştlərinin azaldılması, rüsumların artırılması, ABŞ bazarına çıxış imkanlarının məhdudlaşdırılması kimi iqtisadi təzyiqlər mümkündür. Bu addımlar daha çox ABŞ ilə sıx iqtisadi əlaqələri olan dövlətlərə ciddi təsir göstərər”.
Politoloq hesab edir ki, həmin dövlətlərlə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa da Tramp “əl gəzdirə” bilər:
“ABŞ ilə hərbi əməkdaşlıq edən ölkələr üçün Tramp silah satışlarını ləngiməsi, hərbi yardım proqramlarını yenidən nəzərdən keçirməsi, kəşfiyyat və təhlükəsizlik əməkdaşlığını minimuma endirməsi istisna deyil. Bu cür addımların atılması xüsusən Yaxın Şərqdə ABŞ-nin təhlükəsizlik “çətiri”nə güvənən ölkələr üçün problemlər vəd edir”.
Politoloqun sözlərinə görə, ehtimal olunan bu təzyiqlərin necə effekt verməsi hansı ölkənin ABŞ-dən nə dərəcədə asılılığının olub-olmamasından asılıdır. Şübhəsiz ki, təzyiq rıçaqlarının tətbiqi bütün ölkələrə eyni cür təsir göstərməyəcək.
Etibar Seyidağa,
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ