İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Əliyevə zəngi, Paşinyanın Bakı addımı

"Vaşinqton görüşünün ildönümündə Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyevə telefon zənginin edilməsi, şübhəsiz ki, çox yüksək dəyərləndirilən və olduqca vacib siyasi məna daşıyan hadisədir. Çünki burada əsas vacib məsələ məhz Azərbaycanın təklif etdiyi 5 prinsipə söykənən sülh gündəliyinin uğurlu şəkildə irəli aparılmasıdır. Vaşinqtonda keçirilən sülh sammitində də məhz Azərbaycanın bu sülh gündəliyinin rəsmiləşdirilməsi baş verdi".

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib.

Azer-Allahverenov-1.jpg (661 KB)

Millət vəkili qeyd edib ki, məhz həmin sammitdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına xidmət edən sülh sənədinin 17 bənddən ibarət şəkildə paraflanması baş verdi:

"Həmin sənəd Azərbaycanın sülh gündəliyində yer alan bütün prinsipləri özündə ehtiva edir. Bu sənədin məhz Vaşinqtonda paraflanması və xüsusilə də ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanması ondan xəbər verir ki, nəhayət, Cənubi Qafqaz bölgəsində 30 ildən çox bir müddət ərzində davam edən münaqişəyə son qoyuldu. Artıq bir ildən çoxdur ki, iki dövlət sülh şəraitində yaşayır və iki dövlətin şərti sərhədlərində hər hansı bir hərbi insident baş vermir. Bu, ən böyük nailiyyətdir və bir ilin yekunu kimi məhz bu sabitliyin qorunub saxlanması, sülh şəraitində yaşanması olduqca vacib haldır. Ən azından ona görə ki, məhz belə bir sabitlik şəraitində gələcəyə hesablanmış uzunmüddətli, böyük bir inkişaf strategiyasını həyata keçirmək mümkün olur".

VASİN.jpg (128 KB)

Millət vəkili vurğulayıb ki, Vaşinqton razılaşmalarında əldə olunan nəticələr arasında həm də ABŞ-nin Cənubi Qafqaz bölgəsində, xüsusilə Azərbaycan və Ermənistanla bağlı xarici siyasət kursunda çox vacib geosiyasi və strateji əhəmiyyətə malik layihələrdə iştirakı məhz bu sabitlikdən irəli gələn çox vacib bir haldır:

"Bir il ərzində məhz bu istiqamətdə həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan münasibətlərində buna dəlalət edən çox vacib fəaliyyətlərin həyata keçirildiyini görürük. Ən azından Azərbaycanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası nəticə etibarilə iki dövlət arasında münasibətləri ən yüksək səviyyəyə çıxartmaqla yanaşı, bərabərhüquqlu və qarşılıqlı fayda verəcək tərzdə münasibətlərin inkişaf etdirilməsini və xüsusilə də müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edir. Bununla yanaşı, biz sonrakı mərhələdə Azərbaycanla bağlı 907 saylı düzəlişin dayandırılması, Azərbaycanla ABŞ arasında hərbi sahədə əməkdaşlıq, o cümlədən silah ticarəti və digər məsələlərə rəvac gətirəcək bir yanaşmanın da sərgiləndiyini gördük. Hətta məhz ABŞ-nin bu təşəbbüsündən sonra Böyük Britaniyada və Avropa İttifaqında da bu istiqamətdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirəcək bir yanaşma sərgilənmiş oldu. Bu günə qədər olan bir sıra qadağaların aradan qaldırılması da məhz bu yanaşmanın uğurlu şəkildə sərgilənməsinə xidmət etdi".

Azər Allahverənov digər önəmli məsələ kimi ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə işçi qrupların fəaliyyət göstərməsini xüsusilə qeyd edib:

"Biz görürük ki, Vaşinqton razılaşmalarına qədər Amerika Birləşmiş Ştatlarının bölgədə təmsil olunması daha çox siyasi kontekstdə, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi prizmasından irəli gələrək baş verirdi. Amma məhz Vaşinqton razılaşmalarından sonra və xüsusilə də Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə formalaşdırdığı xüsusi şəxsi münasibət üzərində yaranmış etimad mühiti nəticə etibarilə bir çox sahələrdə Azərbaycanla ABŞ arasında əlaqələrin inkişaf etdirilməsi üçün çox ciddi prioritetlərin müəyyən edilməsinə səbəb oldu. Məsələn, rəqəmsal inkişaf, enerji təhlükəsizliyi, süni intellekt və digər çox mühüm əhəmiyyət kəsb edən layihələrlə yanaşı, Avrasiya qitəsi üçün mühüm əhəmiyyətə malik olan beynəlxalq nəqliyyat-logistika marşrutlarının idarə olunması da əsas prioritet mövzulardan biridir. Məhz bu səbəbdən TRIPP layihəsi ilə bağlı ABŞ-nin göstərdiyi səylər və xüsusilə ABŞ-Ermənistan münasibətləri, bu münasibətlərin yüksək səviyyədə qurulmasına səbəb olan imzalanmış sənədlər, eyni zamanda TRIPP layihəsinin, yəni Zəngəzur dəhlizinin də tez bir zamanda istifadəyə veriləcəyinə dəlalət edən çox vacib addımlardır. Nəzərə alsaq ki, 2026-cı ilin birinci yarısında məhz TRIPP layihəsi ilə bağlı ABŞ şirkətlərinin Ermənistana çoxsaylı səfərləri və bununla bağlı hazırlıq işlərinin həyata keçirilməsi müşahidə olunub, 2026-cı ilin ikinci yarısında artıq TRIPP layihəsinin keçəcəyi ərazilərdə zəruri inşaat işlərinin aparılması gözlənilir. Ümid var ki, bu ilin sonuna qədər artıq həmin inşaat işləri başlayacaq".

4c5fe93b7638b64cc73d3889e238bed8.jpg (411 KB)

Millət vəkili 2028-ci ilə qədər bu marşrutun tam şəkildə istifadəyə verilməsi ilə bağlı çox ciddi nəticələrin əldə olunacağının gözlənildiyini deyib:

"Bu da bütövlükdə beynəlxalq nəqliyyat-logistika sahəsində mövcud yükdaşımaların coğrafiyasına və hərəkət istiqamətlərinə çox ciddi təsir edə biləcək bir layihə kimi dəyərləndirilir. Çünki burada Şərqdən Qərbə doğru daşınan beynəlxalq yüklərin həcminin artırılmasına səbəb ola biləcək bir layihədən söhbət gedir. Məhz bu kontekstdə də Orta Dəhlizin ikinci çox vacib seqmenti sayılan TRIPP layihəsi ilə bağlı çox ciddi hərəkətlilik var. Biz bilirik ki, ABŞ konkret olaraq hazırlıq işlərinin həyata keçirilməsi üçün 145 milyon dollar həcmində vəsait ayırdığını bəyan etdi və bundan sonra da bu vəsaitin iki dəfə artırılmasına dair artıq müsbət yanaşmanın olduğunu dilə gətirdi. Bundan başqa, eyni zamanda ABŞ ilə Azərbaycan arasında, xüsusilə də investisiya sahəsində çox ciddi irəliləyişlər var. Bunların arasında Amerika Birləşmiş Ştatlarının investisiyalarının məhz Cənubi Qafqaz bölgəsinə, Azərbaycanla bağlı inteqrasiya layihələrinin uğurlu şəkildə həyata keçirilməsinə yönələcəyini də biz təxmin edə bilərik. Ən azından imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar bunu deməyə əsas verir ki, xüsusi bir investisiya fondunun yaradılması və digər məsələlər məhz bu qəbildən olan çox vacib nəticələrdir. Bu hadisələr fonunda bir il ərzində gedən proseslərə diqqət yetirdikdə görürük ki, çox ciddi nailiyyətlər əldə olunub. Xüsusilə də ABŞ-nin Cənubi Qafqaz trekində, eləcə də ABŞ-Azərbaycan və ABŞ-Ermənistan münasibətlərində bir çox məsələlərlə bağlı konkret, gələcəyə hesablanmış yanaşmanın olduğunu görürük. Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında da sülh quruculuğu istiqamətində atılan addımlar, xüsusilə Azərbaycan üzərindən tranzit yüklərin Ermənistan istiqamətinə daşınması və Azərbaycana məxsus kritik məhsulların Ermənistana ixrac olunması eyni zamanda burada etimad quruculuğu ilə bağlı çox ciddi bir fundamentin qurulmasına səbəb olur, önəmli olan məsələ həm də Ermənistanın özündə bu etimad quruculuğu ilə bağlı çox ciddi işlərin həyata keçirilməsidir. Çünki cəmiyyətin özündə hələ də müəyyən revanşist qüvvələr var və bu baxımdan da həmin qüvvələrin təzyiqi və təsiri altında bəzi hallarda Paşinyan administrasiyası müəyyən siyasi manevrlər etmək məcburiyyətindədir. Yəni ən azı müəyyən mənada narazı və razı olan tərəflər arasında balansı gözləməyə çalışır. Belə bir vəziyyətdə ABŞ ilə olan tərəfdaşlığın məhz erməni cəmiyyəti üçün çox böyük fayda verəcəyinə dair dilə gətirilən fikirlər və bundan irəli gələrək atılan addımlar həm də ona hesablanıb ki, ABŞ-nin zəmanəti altında Ermənistanda ictimai-siyasi mühitdə Paşinyanın narrativlərinə uyğun vəziyyət bərqərar olsun. Bunun nəticəsində məhz Azərbaycanla olan sülh və normallaşma prosesini də bir qədər sürətləndirmək mümkün olsun".

HKWKOv0InMMPvzdsGASK1KRvz3yEAH0DPNf7nxhF_1200.jpg (391 KB)

Millət vəkili vurğulayıb ki, Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi qaçılmazdır və bu konstitusiyada Azərbaycana və Türkiyəyə olan ərazi iddiaları birmənalı şəkildə çıxarılmalı, yer almamalıdır:

"Belə olduğu təqdirdə Ermənistanla Azərbaycan arasında sülhün bağlanması üçün hər hansı bir maneə qalmır. Bu baxımdan ABŞ-nin, xüsusilə də Donald Trampın bu məsələdə Ermənistanın siyasi hakimiyyətinə müəyyən vədlər verməklə onu konstitusiya dəyişikliyini etməyə vadar edəcək bir yanaşma sərgiləməsi gözləniləndir və labüddür. O səbəbdən ki, sadaladığım gələcək layihələrin uğuru da Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsindən irəli gələn hallardır. Bu baxımdan ABŞ də çox maraqlıdır ki, tez bir zamanda bu müqavilə bağlanmış olsun və ona əngəl törədən, maneçilik edən və Ermənistan cəmiyyətində bununla bağlı olan məsələlərin aradan qaldırılması istiqamətində də öz səylərini nümayiş etdirməlidir. Bundan sonra da artıq növbəti ikiilliyi, Vaşinqton razılaşmalarının ikiilliyini qeyd edərkən ümid edirəm ki, sadaladığım istiqamətlərdə çox ciddi uğurlar əldə olunacaq. Bu baxımdan Donald Trampın təşəbbüsü ilə edilən zəng və cənab İlham Əliyevlə aparılan danışıqlar bir daha ABŞ-nin bu məsələlərdə çox qəti olduğunu və ABŞ-nin də bu prosesə töhfə verəcəyinə dəlalət edən çox vacib hadisə kimi dəyərləndirilir. Eyni zamanda, Paşinyanın da Azərbaycan Respublikasının Prezidentinə zəng etməsi Vaşinqton razılaşmaları ilə bağlı ondan xəbər verir ki, Cənubi Qafqaz bölgəsinin lideri Azərbaycandır və məhz Azərbaycanın səyləri nəticəsində Cənubi Qafqaz bölgəsində yeni siyasi reallıq yaranıb. Bu siyasi reallığı qəbul edən, onunla razılaşan beynəlxalq aktorlar da Cənubi Qafqaz bölgəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını gizlətmirlər. Məhz bu istiqamətdə həyata keçiriləcək strateji kursu Azərbaycanla razılaşdıraraq, Azərbaycanın müəyyən etdiyi çərçivələri nəzərə almaqla həyata keçirməkdə maraqlı olduqlarını gizlətmirlər. Bu da, şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan və rolundan xəbər verən vacib göstəricilərdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR