İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə qarşı koalisiya - Bakının mövqeyi...

İsrailin formalaşdırdığı “üçlü ittifaq” Aralıq dənizində Türkiyəyə qarşı hansısa həmlə həyata keçirərsə, Azərbaycan müttəfiqinin yanında olacaq

Türkiyə ilə düşmənçilik edən qüvvələr yenidən hərəkətə keçiblər. İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Cənubi Kiprin lideri Nikos Xristodulidis Qərbi Qüdsdə keçirilən üçtərəfli zirvə çərçivəsində bir araya gəliblər. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında regional təhlükəsizlik, Şərqi Aralıq dənizində əməkdaşlıq və mövcud geosiyasi çağırışlar müzakirə olunub. 

Netanyahu çıxışında tərəflərin sabitlik, təhlükəsizlik və rifahı dəstəklədiyini bildirib. Onun sözlərinə görə, üç ölkə dəniz yollarının təhlükəsizliyi və beynəlxalq hüquq normaları çərçivəsində əməkdaşlığın davam etdirilməsində maraqlıdır. İsrailin baş naziri formalaşdırılmış əməkdaşlıq mexanizminin “sınağa çəkilməməsinin arzuolunan olduğunu” qeyd edib. Yunanıstan dəqiq idarə olunan mobil raketlərin Egey adalarında yerləşdiriləcəyini bildirib. Bu raketlərin əksəriyyəti İsrail istehsalıdır və məqsəd Yunanıstanın müdafiə qabiliyyətini gücləndirməkdir. Ankara bu addımı kəskin şəkildə tənqid edib və Türkiyə rəsmiləri xəbərdarlıq ediblər ki, Yunanıstan tərəfindən hər hansı təhdid “qəti şəkildə zərərsizləşdiriləcək”.

İsrail, Yunanıstan və Cənubi Kipr liderləri Qərbi Qüdsdə üçtərəfli görüş  keçirib

İsrail mediasının yazdığına görə, İsrailin Yunanıstanla əməkdaşlığı təkcə silah alış-verişi deyil. İsrail həm də yunan əsgərlərinə təlim keçir, ölkəyə kəşfiyyat məlumatlarının əldə edilməsin işində yardım göstərir. Bu ölkələr ortaq müdafiə qüvvələri yaradıblar. Bu prosesə artıq yunan Kipri də qoşulub. Türkiyə təhlilçiləri bunu Yunanıstan və İsrailin Türkiyəyə qarşı yönələn əməkdaşlığı ilə əlaqələndiriblər. BBC yazır ki, regionda bu dövlətlər arasında vəziyyət gərginləşərsə, Azərbaycanın tutacağı mövqe maraq doğurur. “Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində İsrailin ona satdığı silahlar mühüm rol oynayıb. Yunanıstana isə İsrail yalnız silah satmır, həm də hərbisinin modernləşməsində yaxından iştirak edir. Türkiyə ilə Azərbaycanın münasibətləri mənəvi tellərlə sıx bağlıdır. Belə olan halda, Azərbaycanın İsrailin Yunanıstanı Türkiyəyə qarşı gücləndirməsinə səssiz qalması Türkiyə ilə münasibətlərinə zərər vura bilər. Etiraz edərsə, İsrail narazı düşər və yenilənmiş müdafiə sistemləri və ya müşahidə texnologiyalarını Azərbaycana satmaqdan imtina edər. Üstəlik, Azərbaycanı beynəlxalq platformalarda dəstəkləyən yəhudi lobbisi də dəstəyini geri çəkə bilər. Həm İsraillə münasibətləri qorumaq, həm də Türkiyə ilə yaxınlığı Azərbaycanın balanslı xarici siyasətinə çətinlik yarada bilər”, -  deyə BBC yazır.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan vilayət rəhbərlərinin toplantısında çıxış edərkən Türkiyənin düşmənlərinə sərt xəbərdarlıq edib: “Hər kəsə bildirin ki, keçmişdə olduğu kimi, bu gün də sülh və əmin-amanlığın tərəfindəyik. Amma bu, ədalətsizliyə göz yumacağımız və ya zülm qarşısında susacağımız mənasına gəlmir. İstər Şərqi Aralıq dənizində, istər Egey dənizində, istərsə də başqa bir yerdə olsun, nə heç kimin haqqını tapdalamarıq, nə də haqqımızın tapdalanmasına icazə verəcəyik”. (Modern.az) Türkiyə lideri qeyd edib ki, ölkəsi terror bəlasından qurtulmaq üzrədir. “Biz siyasi mənfəət güdmürük. Türkiyənin qarşısında açılan fürsət pəncərəsini tam şəkildə istifadə etməyə və ölkəmizi terror bəlasından əbədi olaraq qurtarmağa çalışırıq”.

Azərbaycan heç şübhəsiz, silahların susmadığı, sülhün əldə olunmadığı bölgəyə sülhməramlı kontingentini göndərməz və əsgərlərinin taleyini təhlükəyə atmaz. Lakin bəzi qüvvələr rəsmi Bakının bu addımını yanlış olaraq başqa yerə yozmağa cəhd göstərirlər. Ancaq onlar unutmamalıdırlar ki, Azərbaycanın dövlət maraqları var, eyni zamanda qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsində bir sıra mühüm məsələlər əksini tapıb, iki ölkə konkret yol xəritəsinə uyğun şəkildə koordinasiyalı qaydada hərəkət edir. Eyni zamanda Azərbaycan dəfələrlə ayrı-ayrı ölkələr, o cümlədən Türkiyə və İsrail arasında yaşanan gərginliklərin danışıqlar müstəvisində nizamlanmasına yönəlik konkret təşəbbüslərlə çıxış edib. Belə bir situasiyada Bakı və Ankaranın ortaq razılaşması necə olacaq?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dekabrın 23-də İsraildə üçtərəfli sammit keçirilib: “Sammitdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Bu dövlətlərin formalaşdırdıqları üçtərəfli ittifaq Türkiyə əleyhinədir. Yunanıstan, Kipr və İsrail Aralıq dənizində Türkiyə əleyhinə siyasi və hərbi blok təsis ediblər. İsrailin baş naziri Benyamin Netanyahu üçlü ittifaqın Türkiyə əleyhinə olduğunu bu sözlərlə ifadə edib: ”İmperiyalarını bərpa etməyi və torpaqlarımız üzərində hökmranlıq qurmağı xəyal edənlərə deyirəm: bunu unudun. Belə olmayacaq. Bu barədə heç düşünməyin". Aydındır ki, Netanyahu “imperiyaların bərpası” ifadəsi adı altında Avrasiya bölgəsində güclənən Türkiyəni nəzərdə tutub". E.Şahinoğlu bildirdi ki, İsrail, Yunanıstan və Kipr liderləri Aralıq dənizində ortaq “hərbi reaksiya qüvvələrinin” yaradılması mövzusunu müzakirə ediblər: “Bu "qüvvələr" Aralıq dənizi bölgəsində “təhlükəsizliyin gücləndirilməsini” və “hərbi koordinasiyanı” həyata keçirəcəklər. Liderlər Qüdsdə keçirilən ortaq mətbuat konfransında təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirəcəklərini bildiriblər. Yunanıstanla Kipr Respublikasının Türkiyə əleyhinə siyasət yürütdükləri bəlli fakt olsa da, hazırki üçlü ittifaqın təşəbbüskarı İsrailin baş naziri Benyamin Netanyahudur. O, Türkiyənin bölgədə, o cümlədən qonşu Suriya və İraqda artan rolundan narahatdır. PKK-nın tərk-silah olunmağa başlaması da İsrailin hakim dairələrinin narahatlığına səbəb olub. Çünki İsrailin hərbi və kəşfiyyat dairələri illər uzunu bölgədəki silahlı kürdlərlə gizli təmaslara malik olublar". Analitik təsdiqlədi ki, mövcud vəziyyət Azərbaycana çətinliklər yaradır: “Azərbaycan İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir, bu ölkədən modern hərbi texnika alır, bu ölkəyə neft satırıq. Bununla yanaşı, Azərbaycanın əsas strateji müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinə görə Azərbaycana hücum olarsa, Türkiyə müttəfiqini müdafiə etmək hüququna malik olacaq. Eynilə Türkiyəyə hücum olarsa, Azərbaycan müttəfiqini müdafiə etməlidir. Yəni İsrailin formalaşdırdığı üçlü ittifaq Aralıq dənizində Türkiyəyə qarşı hansısa həmlə həyata keçirərsə, Azərbaycan müttəfiqinin yanında olacaq. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin İsrail, Yunanıstan və Kiprlə mümkün qarşıdurmasında müttəfiqi ilə koordinasiya içində olacaq”. 

E.Şahinoğlu vurğuladı ki, Azərbaycan belə təhlükəli ssenarinin reallaşmasını istəmir: “Ancaq Azərbaycanın istəyindən asılı olmayaraq, üçlü ittifaq İsraillə Türkiyə arasında gərginliyi artıracaq. Təəssüf ki, İsrail Türkiyə ilə qarşıdurmaya gedərkən bunun Azərbaycanla münasibətlərə mənfi təsirlərini hesablamayıb. Azərbaycan Türkiyə və İsrail arasında seçim qarşısında qalsa, heç şübhəsiz qardaş dövləti seçəcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR