İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurların “Qarabağ boyda dərd”i

İndiki cavanlar da bilər, onların da vaxtına düşdü, biz onlar yaşda cavan olanda “Qarabağ boyda dərdimiz” vardı.

Söz yox, belə bir problem doğrudan da vardı və biz vaxtaşırı olaraq o dərdin – Qarabağın işğal olunmasının ağrı-acılarını, məhrumiyyət və iztirablarını yaşayırdıq. A.-dan Z.-yə qədər. Hamısını yazsam, toxunmaq istədiyim mövzu qıraqda qalacaq.

Bir də “Qarabağ boyda dərdimiz var” demaqogiyası vardı. Qızıl-qırmızı demaqogiya idi, amma rüşvətxor, korrupsioner məmurların işinə çox yarayırdı.

Məsələn, olurdu ki, bir qəsəbəyə bir həftə işıq verilmirdi, ikinci həftəyə keçəndə camaat ayağa qalxıb yaxınlıqdan keçən yolu kəsirdi, qəsəbə, rayon rəhbərliyi həyəcanlanırdı, PA-dan çağırıb onlara itin sözünü deyirdilər, onlar da gəlib xalqın nümayəndələri ilə görüşür, “bizim Qarabağ boyda dərdimiz var, 1 milyon qaçqın çadırlarda, vaqonlarda yaşayır, amma siz burada rahatlıq davası edirsiniz” deyir, daha sonra elektrik enerjisinin verilişini bərpa edib gedirdilər.

Hansısa məhəllə su davasına qalxanda, o biri məmurlar “Qarabağ dərdi”ni götürüb gəlirdilər. Yol davası edənlərə “müvəqqəti çətinlikdir, bizi xoş günlərə aparan yol Qarabağdan keçir” deyirdilər.

Bir sözlə, ölkədə nə qədər problem vardısa, hamısı boş şey idi, əsas məsələ “1 nömrəli problem”imizin olmasıydı. Bütün problemlər Qarabağla bağlıydı. Bu problem qaldıqca başqa problemlər həll oluna bilməzdi və onların həllini tələb etmək Qarabağa xəyanət etmək kimi bir şey idi.

Bu, əlbəttə ki, səriştəsiz və tamahkar məmurların əlindəki bəhanədən başqa bir şey deyildi.

Çünki ölkəmizin “1 nömrəli problemi” və “Qarabağ boyda dərdimiz”in olması korrupsioner və rüşvətxorları şəhərin mərkəzində və şəhərətrafı qəsəbələrində, eləcə də yaşıl rayonlarda ard-arda villalar şadlıq sarayları, otellər, supermarketlər tikdirməsinə, lüks avtomobillərdən ibarət qaraj düzəltmələrinə, yay tətilində Maldivdə, İbizada dincəlmələrinə mane olmurdu.

Heç sifətlərinə baxanda da onların Qarabağ dərdi çəkən qırışmal olduqlarını hiss etməzdin. Namxuda, hamısı bazburutlu, cantaraq idi. Ancaq elə ki, kimsə onlardan iş, qayğı tələb edirdi, deyirdilər, “bizim Qarabağ boyda dərdimiz var”.

Bir də baxdıq ki, o dərd artıq Qarabağdan qat-qat böyükdür. Bəzi yerlərdə camaat dilə gəldi ki, bura baxın, Qarabağ işğaldadır deyə, siz Qubada, İsmayıllıda camaatın başına çıxmalı deyilsiniz. Bu xüsusda müəyyən qanqaraçılıqlar oldu.

Qarabağ dərdi o qədər qlobal idi ki, manıslarımız, eləcə də rəqqasələrimiz o trendə qoşulmuşdular, tutuquşu kimi ağız-ağıza verərək deyirdilər, gün o gün olsun, Qarabağ alınsın, gedək Cıdır düzündə təmənnasız konsert verək. Rəqqasələr adı çəkilən məkanda ayaqyalın oynamağı əhd edirdilər.

O gün gəldi, Qarabağ boyda dərdimiz yox oldu, yenidən Cıdır düzünə çıxası olduq, konsertlər təşkil edildi, oxuyanlar, oynayanlar bir-birinə qarışdı. Günlərin birində Zəngilandan xəbər gəldi ki, əyninə bayrağımızın rənglərin ibarət don geyib patriotik mahnılar oxuyanlar Qarabağda konsert vermək üçün rayon rəhbərliyindən adambaşına 8-10 min manat (yarım saat üçün) qonorar tələb ediblər. Hanı, bəs əhd etmişdiniz?

Elə çıxırdı ki, məmurlar da daha “Qarabağ boyda dərd”in altında gizlənməzlər, öz işlərini vicdanla yerinə yetirərlər.

Ancaq indi başqa söhbətlər çıxır. “Qarabağ boyda problem” eləcə də qalır – tikmək, köçkünləri geri qaytarmaq lazımdır. Hələ araya “Zəngəzur dəhlizi” problemi də girib. İranla münasibətlərin pisləşməsi, Rusiya ilə ixtilaf da o tərəfdən. Hamısı problemdir.

2 il qabaq Malatya-Hatay tərəfdə dağıdıcı zəlzələ oldu, o da bizə bizə problem yaratdı. Qardaş qardaşın probleminin həllinə kömək etməlidir.

Axtarsan, bəhanə həmişə var. Heç nə olmayanda belə də demək olar: “Qoyun görək, Tramp nə edir, dünyanı qarışdırıb bir-birinə”.

O gün Sumqayıtda məmur özbaşınalığını əks etdirən video yayılmışdı, insanlar bu məsələyə dair tənqidi rəylər bildirirdilər, amma “bu xırda məsələdir, qlobal düşünmək lazımdır” deyənlər, yazanlar vardı.

Məcburuq Qrenlandiyanın taleyini düşünək, beynəlxalq arenada dövlətimizin yeri barədə fikirləşək və sair.

Yaxşı ki, heç olmasa, “Qarabağ” problem yaratmır, gedib Avropada Almaniya, İspaniya, İtaliya, Fransa, İngiltərə komandaları ilə oturub-durur. İndi onların “Qarabağ” boyda dərdləri var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026