Onlayn ictimai-siyasi qəzet
"Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda neft hasilatı əvvəlki illə müqayisədə cüzi azalsa da, yataqda yeni mərhələ başlayıb. 2026-cı ilin ilk yarısında AÇG-də sərbəst təbii qazın kommersiya hasilatına başlanılıb, qazma işlərinin həcmi artırılıb və əsaslı məsrəflər ötən ilin eyni dövrü ilə müqayisədə 31 faizdən çox yüksəlib. Eyni zamanda, yataqda yeni texnologiyaların tətbiqi və mövcud infrastrukturun modernləşdirilməsi davam etdirilir.
Bəs hasilatın təxminən sabit qaldığı bir vaxtda kapital qoyuluşlarının bu qədər artması nə ilə bağlıdır? AÇG-də neftdən daha çox qaz hasilatına keçid istiqamətində hansı dəyişikliklər baş verir və bu, Azərbaycanın enerji balansına nə vəd edir? Eyni zamanda, AÇG-də sərbəst qaz hasilatı ilə yanaşı, ilk qaz hasilatı quyusunda neft halqasının aşkar edilməsi də açıqlanıb. Bu, yatağın hələ də əlavə neft potensialına malik olduğunu göstərirmi?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a deyib ki, bu gün Azərbaycanda neft hasilatı həcmində məlum azalma dinamikası var:
"Lakin bu azalma dinamikası fonunda ölkədə istər "Azəri-Çıraq-Günəşli", istərsə də digər yataqlarda kapital qoyuluşlarının dayandırılması və ya azaldılması doğru olmazdı. Əksinə, heç olmasa neft məhsuldarlığının artırılması, quyuda mövcud ehtiyatların hasil edilməsi üçün bilavasitə kapital qoyuluşlarının bir qədər artırılmasına ehtiyac var. Düşünürəm ki, müvafiq şəxslərin və müvafiq hüquqi şəxslərin bu istiqamətdəki fəaliyyətinin nəticəsidir ki, 2026-cı ilin birinci yarısında məhz "Azəri-Çıraq-Günəşli"də kapital xərcləri 733 milyon dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 32 faizlik artım deməkdir. Yəni bu dövrdə 7 neft quyusu, 2 su vurma quyusu, 2 qaz vurma quyusu qazılıb, müxtəlif işlər, o cümlədən 4D seysmik işlər, sualtı müdaxilə işləri, qaz infrastrukturu üzrə modernləşdirmə və s. kimi fəaliyyətlər bu gün də davam edir. Çünki azalan dinamikanın ən azı stabil saxlanılması üçün bu tip fəaliyyətə böyük ölçüdə ehtiyac var. Düşünmürəm ki, bu proses neftdən qaza keçməkdir. Bu prosesin məntiqi nəticəsi olaraq qaz hasilatı həcmləri bu yataqda artacaq. Çünki bu tip investisiyalar həm də imkan verir ki, qaz hasilatı həcmləri artsın. Onsuz da "Azəri-Çıraq-Günəşli" uzun müddətdir ki, əsas neft mənbəyi olub, amma istənilən neft yatağında təbii qaz da var. Sadəcə müəyyən yataqlarda bu, iqtisadi baxımdan səmərəsiz ola bilər, əksər hallarda isə təbii qazın kommersiya hasilatına başlanılır. Yetəri qədər hasilat olduqda, müəyyən bir mərhələdə qaz hasil edilməyə başlayır. Azərbaycan da bu kontekstdə məsələyə yanaşaraq yataqdan məhz kommersiya qazının hasil olunmasına başlayıb. Bu da Azərbaycan üçün son dərəcə mühümdür".

İqtisadçı qeyd edib ki, istər dövlət büdcəsinin formalaşmasında, istər iqtisadi aktivliyin formalaşmasında, istərsə də böyük ölçüdə valyuta ehtiyatlarının artırılmasında ənənəvi enerji resurslarının, o cümlədən neft və qazın rolu çox böyükdür:
"Növbəti illərdə də ənənəvi enerji resurslarına, yəni neft və qaza yatırılacaq investisiyaların, bu sahəyə kapital qoyuluşlarının həcmində azalmalar olmayacaq. Hesab edirəm ki, həm də olmamalıdır. Çünki bu tip kapital qoyuluşları mümkün qədər yataqların doğru istismarını, mövcud resursların hasilatını təmin edir, eyni zamanda iqtisadi resurs olaraq qaz resursunun iqtisadi dövriyyəyə cəlb edilməsinə şərait yaradır. Ölkənin mövcud qaz və neft infrastrukturu bu hasilatın ixracı üçün yetərlidir. Eyni zamanda, alternativ enerji mənbələri bizim üçün nə qədər prioritet istiqamətlərdən biri olsa da, hələ uzun illər, bəlkə də qarşıdakı yüz il ərzində dünya ənənəvi enerji resurslarına ehtiyac duyacaq".
Afaq Mirayiq,
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ