İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BMT-dən çıxır? ŞOK ssenari yenidən GÜNDƏMDƏ

ABŞ-nin BMT-dən çıxmaq ehtimalı beynəlxalq gündəmdə yenidən müzakirə olunmağa başlayan mövzulardan biridir. Bu ideya yeni deyil, lakin xüsusilə son illərdə Vaşinqtonun çoxtərəfli institutlara münasibətindəki dəyişikliklər fonunda daha real və ciddi siyasi diskussiya predmetinə çevrilib. Əslində, ABŞ-nin BMT ilə münasibətlərində gərginlik elementləri uzun müddətdir mövcuddur. Daha öncə də ABŞ siyasi dairələrində təşkilatın səmərəliliyi, maliyyə yükü və qərarvermə mexanizmləri ilə bağlı tənqidlər səslənirdi. Bu tənqidlər zaman-zaman ABŞ-nin BMT-dən çıxması kimi radikal ssenarilərin də gündəmə gətirilməsinə səbəb olub. Son mərhələdə isə bu müzakirələr daha konkret siyasi kontekstdə aktuallaşıb. ABŞ-də güclənən “milli maraqların prioritetliyi” yanaşması, çoxtərəfli əməkdaşlıq mexanizmlərinə skeptik münasibət və bəzi beynəlxalq qurumların Vaşinqton tərəfindən qeyri-effektiv hesab edilməsi bu ehtimalın yenidən səslənməsinə gətirib çıxarıb. ABŞ-nin BMT sisteminə daxil olan ayrı-ayrı qurumlarla əməkdaşlığını məhdudlaşdırması və ya dayandırması da bu tendensiyanı gücləndirən amillərdən biri kimi qiymətləndirilir. Beynəlxalq ekspertlər isə bu ehtimala ehtiyatla yanaşır. Onların fikrincə, ABŞ kimi qlobal gücün BMT-dən uzaqlaşması yalnız təşkilatın özünə deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminə təsir göstərə bilər. Bu, qlobal idarəetmədə boşluqlar yarada, beynəlxalq hüquq və təhlükəsizlik mexanizmlərini zəiflədə bilər.

Bununla yanaşı, bəzi analitiklər ABŞ daxilində bu cür çağırışların daha çox siyasi təzyiq aləti və ya danışıqlarda mövqe gücləndirmək vasitəsi kimi istifadə olunduğunu düşünür. Yəni məsələ hələlik real qərardan çox, strateji diskurs səviyyəsində qalır.

16780966214923617774_1200x630.jpg (243 KB)

Milli Məclisin deputatı Tural Gəncəliyev hesab edir ki, ABŞ-nin BMT-dən çıxmaq ehtimalı yoxdur.

Deputat Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ BMT-nin nəzdində olan bir çox təşkilatdan çıxsa da, təşkilatın özündən çıxmayacaq:

“BMT-nin mənzil qərargahı Nyu-Yorkda yerləşir. Müharibələrin qarşısının alınmasında rolu olmasa da, sülh və təhlükəsizliyin təmin edilməsində zəif rol oynasa da, dünyada ən mütəşəkkil və ən çox ölkəni əhatə edən təşkilat məhz BMT-dir. Bu baxımdan ABŞ-nin təşkilatı tərk edəcəyini düşünmürəm. BMT-nin mənzil qərargahının Nyu-Yorkda yerləşməsi ABŞ-nin dünyaya hegemonluğunun göstəricisidir, yəni hələ ki, dünyanın mərkəzi ABŞ hesab olunur. Digər tərəfdən, Donald Tramp hakimiyyətə “hər şey ABŞ üçün” şüarı ilə gəlmişdi. O, NATO, BMT kimi strukturların ABŞ büdcəsindən həddən artıq maliyyələşməsinə qarşı çıxırdı, ABŞ-nin bu təşkilatları öhdəliyinə götürməyə borclu olmadığını qeyd edirdi, NATO, BMT-dən ianələr toplamağı, büdcənin formalaşmasına töhfə verməyi tələb edirdi. ABŞ BMT-nin bəzi strukturlarından çıxdı. Onu da xatırlatmaq yerinə düşər ki, Tramp USAİD və digər humanitar missiya adı altında mövcud olan bəzi destruktiv təşkilatların fəaliyyətinə də son qoydu”.

Tural Gəncəliyevin fikrincə, ABŞ-nin BMT-yə münasibətdə atacağı addımlar həm də payız aylarında keçiriləcək aralıq seçkiləri ilə bağlıdır:

“Hazırda respublikaçıların reytinqi çox aşağıdır. Onların uduzmaq ehtimalı çox böyükdür. Eyni zamanda Yaxın Şərqdə İranla müharibə gözlənilən nəticəni vermir. Bu isə ABŞ daxilində etirazları daha da kəskinləşdirib. Belə bir çətin vəziyyətdə BMT-dən çıxmaq barədə qərar respublikaçıların vəziyyətini daha da pisləşdirə bilər. Onu da nəzərə almaq lazımdır ki, noyabr seçkilərində demokratlar qələbə qazanarsa, Trampın impiçmenti gündəmə gələcək. Hesab edirəm ki, demokratlar hakimiyyətə gəldikdən sonra nəinki BMT-dən çıxmaq, Trampın hakimiyyəti dövründə ABŞ-nin çıxdığı təşkilatlara geridönüş başlayacaq və NATO, eləcə də BMT-nin büdcəsinə töhfələr artırılacaq”.

Beləliklə, ABŞ-nin BMT-dən çıxmaq ehtimalı hüquqi və siyasi baxımdan mürəkkəb, nəticələri isə qlobal miqyasda hiss oluna biləcək bir ssenari kimi dəyərləndirilir və bu səbəbdən beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR