Onlayn ictimai-siyasi qəzet
Avropanın aparıcı kəşfiyyat xidmətlərinin reytinqi açıqlanıb.
Musavat.com xəbər verir ki, Fransanın L'Express jurnalının hazırladığı reytinq 25 ölkədən kəşfiyyat icmasının 60 nümayəndəsi, o cümlədən hazırkı və sabiq xüsusi xidmət rəhbərləri, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin "Mossad" kəşfiyyat xidmətinin nümayəndələri arasında keçirilən sorğu əsasında tərtib olunub.
Reytinqdə ilk yeri Böyük Britaniyanın MI6 xidməti tutub. İkinci pillədə Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE), üçüncü yerdə isə Niderlandın xüsusi xidmət orqanları qərarlaşıb.
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Baş Kəşfiyyat İdarəsi (GUR) dördüncü yerdə qərarlaşaraq Almaniya, Polşa, Baltik ölkələri və Skandinaviya dövlətlərinin kəşfiyyat xidmətlərini geridə qoyub.

Ekspertlər Ukrayna xüsusi xidmət orqanlarının çevikliyini, mürəkkəb əməliyyatlar keçirmək bacarığını və yüksək risk götürməyə hazır olmasını yüksək qiymətləndiriblər. Avropalı kəşfiyyatçılardan biri SBU və GUR-u "Mossad"la müqayisə edərək, "Hörümçək toru" əməliyyatını və rusiyalı generallara qarşı həyata keçirilən əməliyyatları nümunə göstərib.
Bununla yanaşı, L'Express-ə danışan bəzi mənbələr Ukrayna xüsusi xidmət orqanlarında hələ də Rusiya agentlərinin mövcud ola biləcəyi ilə bağlı narahatlıqların qaldığını bildiriblər.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ