İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azadlıq adası”nın blokadası – ABŞ 67 ildən sonra Kubanı götürmək istəyir

Dünyanın başının Yaxın Şərqdə alovlanan raket-dron savaşına qarışdığı vaxtda Kubanın başının üstünü də qara buludlar alıb.

Venesuela prezidenti Nikolas Maduronu gecəylə yatağından götürüb Vaşinqtona aparan və bu misilsiz hərbi əməliyyat uğurundan sonra təbii olaraq “müvəffəqiyyətdən başgicəllənməsi” ovqatına qapılan Tramp administrasiyası keşiş gəlmişkən bölgədə itaət etməyən hər kəsə əcəl duası oxutdurmaq istəyir.

O dövlətlərdən biri, hətta birincisi Kubadır. Kuba düz 67 ildir ki, ABŞ ilə düşməndir və indiyədək ona çox başağrısı verib. ABŞ-nin özünü real dünya ağası saymasının qarşısını alan ölkələrdən biri də məhz Kuba olub. Ötən əsrin ikinci yarısında SSRİ-yə güvənən, ondan hərtərəfli (ideoloji, siyasi, maddi, hərbi) dəstək alan Kuba ABŞ-nin Florida ştatının 150 kilometrliyindədir və o, ABŞ-nin ən böyük və güclü düşməni SSRİ-nin plasdarmı idi.

İndi öz 47 illik düşməni İranla haqq-hesab çəkməkdə olan ABŞ 67 illik düşməni Kubanı rahat-hülqum hesab edir. Çünki Kubanın sərəncamında İrandakı qədər silah-sursat, ballistik raket, böyük ordu və maddi ehtiyat yoxdur.

Hakimiyyətə gələndən bəri 9 müharibəni dayandırmasından qürur duya-duya danışan prezident Trampın İrandan sonra Kubaya qarşı da hərbi əməliyyat başladacağı ehtimalı günbəgün böyüyür. Ancaq belə olmaya da bilər. ABŞ-nin əlində Kubaya qarşı daha bir güclü rıçaq var: embarqolar.

Hazırda isə Kuba ətrafında müəyyən hərəkətlənmələr var.

flor.jpg (40 KB)

Ötən ay, fevralın 25-də Kubanın sərhəd polisi ilə ölkənin ərazi sularında (Villa Klara əyaləti) sürət qayığındakı bir qrup arasında atışma baş verib. Amerika nömrə nişanlı qayıqda (FL7726SH, Florida) olan 10 nəfərin hamısı Kubaya girməyə çalışan kubalı immiqrantlar olub. 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib. Atışmada onlardan dörd nəfər həlak olub, qalanları yaralanıb və əsir götürülüb. Kuba polisinin yaydığı məlumata görə, qrup üzvlərinin bəziləri artıq Kubada təxribat fəaliyyətində iştirak edən şəxslərin siyahısında olub.

Kubada belə bir hadisə "infiltración" adlanır. Bu termin təxribat və terrorizm məqsədilə ölkəyə muzdluların daxil olmasını ifadə edir. 1961-ci ilin aprel ayında analoji hadisə baş verib: ABŞ-nin dəstəklədiyi Kuba mühacirlərinin Playa Giron yaxınlığında “Azadlıq adası”na hücum cəhdi uğursuzluqla nəticələnib və o zamandan bəri bu cür hadisələr adi hala çevrilib. Əksinqilabçı qruplar adanın mərkəzi hissəsindəki Eskambray dağlarında fəaliyyət göstərən hökumət əleyhdarlarını gücləndirmək üçün müntəzəm olaraq Kuba ərazisinə daxil olurlar. Kubanın hüquq-mühafizə orqanları, İnqilabi Müdafiə Komitəsinin üzvləri və xalq milisləri bu qrupları tez bir zamanda müəyyən edib zərərsizləşdirə bilirlər.

Ancaq Maduronun həbs edilməsindən sonra ümumi vəziyyət Kubanın ziyanına dəyişib. Ölkə təcrid olunmuş duruma düşüb. ABŞ 1959-cu ildən bəri adaya hər cür təzyiq edir. Kuba Pekin və Moskvadan kömək gözləyir. Ölkənin xarici işlər naziri Bruno Rodriges Parrilla bir müddət əvvəl hər iki paytaxtı ziyarət edib, kömək istəyib. Ancaq ortada əməli yardım hələ də yoxdur.

SSRİ-nin süqutundan sonra Rusiya Kubanı “öz əlin, öz başın” rejiminə buraxıb, 2000-ci illərin əvvəllərində isə Lurddakı elektron bazasını bağlayıb. Bu yaxınlarda Rusiyanın Kubaya 200.000 barel neft tədarük etməyə hazırlaşdığı barədə yayılan məlumat Kubadakı Rusiya səfirliyi tərəfindən təkzib edilib. Beləcə, Kuba yanacaq çatışmazlığı gürçəkliyi ilə üz-üzə qalıb.

Bu üzdəndir ki, Kubada sosial-iqtisadi vəziyyət kəskinləşməkdədir. Elektrik kəsintiləri getdikcə uzanır, ərzaq və dərman çatışmır. Ölkədə benzin alışına məhdudiyyətlər qoyulub – onsuz da yoxdur. Bir neçə ölkə adada yanacaq doldura bilmədikləri üçün Kubaya uçuşları ləğv edib. Otellərin çoxu elektrik enerjisi olmadığı üçün bağlanıb. Bütün bunlar Kubanın valyuta gəliri mənbəyi kimi etibar etdiyi turizm sektoruna zərbə vurur.

moron.jpg (48 KB)

Bu şəraitdə kubalılar getdikcə depressiyaya düşürlər. Bu, əhalinin müəyyən təbəqələrini əksinqilabi təbliğata sövq edir. Son nəticədə “acın qılınca çapması” hadisəsi baş verə bilər və bunun əlamətləri artıq görünür. Dünən Moron şəhərində nümayişçilər Kommunist Partiyasının binasını yandırıblar.
Bəs Kuba bu cür boğucu şəraitdə nə etməlidir? Moskva və Pekin qərar qəbul etməyə tələsmir.

Kuba narkokartellərin at oynatdığı Venesuela və ya nüvə silahı əldə etmək istəyən İran olmasa da, Tramp administrasiyası bu ölkəni öz “qatı düşmənlər”i siyahısna salıb. Kuba tərəfi hərbi təlimlər keçirdiyini, əhalisini səfərbər etdiyini nümayiş etdirsə də, ölkənin silahlı qüvvələri ABŞ üçün heç bir real təhlükə yaratmır.

Belə görünür ki, ABŞ Kubaya birbaşa hərbi müdaxilə etməsə də, embarqolarla bu ölkəni küncə sıxışdıraraq ram etməyə nail olacaq. Kuba rəhbərliyinin Vaşinqtonla razılaşmaqdan başqa çarəsi yoxdur. Əks təqdirdə ac xalq ayağa qalxaraq kommunist rejimini devirəcək. Söz yox, ABŞ-nin Kubada iqtisadi planda (nikel, turizm sənayesi, 1959-cu il inqilabından sonra müsadirə edilən Amerika əmlakı məsələsi) umacağı da var, amma əsas məsələ odur ki, qulağının dibində düşmən olmasın və Kuba da on illərdir yeni ABŞ ştatı olmaq istəyən Puerto-Riko kimi olsun.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR