İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Ermənistan sülhü belə qurulur

Cənubi Qafqazda uzun illər ərzində siyasi proseslərin əsas hakimi, Azərbaycan-Ermənistan qarşıdurmasının isə başlıca vasitəçisi kimi çıxış edən Rusiyanın regiondakı çəkisi getdikcə zəifləyir. Bir vaxtlar Bakı ilə İrəvan arasındakı hər bir mühüm prosesdə adı ilk çəkilən şimal qonşumuz bu gün sülh gündəliyinin əsas aktoru deyil. Əksinə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan son addımlar Kremlin prosesdən kənarda qaldığını göstərən yeni mənzərə formalaşdırır. Xüsusilə 2025-ci ilin avqustunda Vaşinqtonda Prezident İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmalar Cənubi Qafqazın geosiyasi strukturunda ciddi dəyişiklik yaratdı. Azərbaycan-Ermənistan sülh gündəliyinin ABŞ platformasına keçməsi və regionun nəqliyyat xəritəsini dəyişdirə biləcək TRIPP layihəsinin gündəmə gəlməsi Moskvanın uzun illər qoruduğu vasitəçilik və kommunikasiya rıçaqlarına alternativ formalaşdırdı.

Bununla paralel, Ermənistanın xarici siyasətində də ciddi dönüş müşahidə olunur. Paşinyan hökuməti Rusiyadan tam qopmasa da, ölkənin Qərblə münasibətlərini genişləndirir, ABŞ və Avropa ilə əməkdaşlığı dərinləşdirir. İrəvanın Moskvanın təhlükəsizlik təminatçısı roluna əvvəlki kimi güvənməməsi və alternativ tərəfdaşlar axtarması Rusiyanın Ermənistandakı siyasi təsir imkanlarını da zəiflədir. İyun seçkilərindən sonra Paşinyan hakimiyyətinin möhkəmlənməsi bu kursun davam etdirilməsi baxımından əlavə siyasi imkan yaradıb.

Daha maraqlı məqam isə nəqliyyat və iqtisadi əlaqələrdə ortaya çıxır. Uzun illər bağlı qalan Azərbaycan-Ermənistan kommunikasiya xəttinin tədricən açılması artıq Moskvanın nəzarətində olan klassik regional modeldən fərqli mənzərə yaradır. Hətta Rusiyanın Ermənistana göndərdiyi yüklərin Azərbaycan ərazisindən tranzit keçməsi kimi paradoksal vəziyyət yaranıb. Avqust ayında Rusiyadan Ermənistana növbəti buğda partiyasının Azərbaycan dəmir yolları vasitəsilə göndərilməsi düşmənçilikdən əməkdaşlığa keçidin nə qədər sürətlə dəyişdiyini göstərən simvolik hadisəyə çevrilib.

Başqa sözlə, Moskva artıq regionun nəqliyyat damarlarının yeganə açarı deyil. Əksinə, Azərbaycan üzərindən keçən yeni marşrutlar Rusiyanın özü üçün də alternativlərə ehtiyac yaratmağa başlayıb. Eyni zamanda, TRIPP layihəsinin ABŞ-nin iştirakı ilə reallaşması perspektivi Cənubi Qafqazı Rusiya mərkəzli geosiyasi modeldən daha çox çoxvektorlu və rəqabətli sistemə doğru aparır.

DAHLİZ.jpg (240 KB)

Göründüyü kimi, Moskvanın Azərbaycan-Ermənistan münasibətlərində əvvəllər malik olduğu “son söz sahibi” obrazı aradan qalxır. Əgər əvvəl Kreml həm müharibədən sonrakı nizamın formalaşmasında, həm sülhməramlı missiyada, həm də danışıqlarda əsas aktorlardan biri idisə, indi Bakı ilə İrəvan arasındakı əsas gündəliyin böyük hissəsi birbaşa tərəflərin özləri və Qərb platformaları üzərindən müəyyənləşir. Bu isə Moskvanın regiondakı təsir mexanizmlərinin əvvəlki səviyyədə işləmədiyini göstərir. Bir sözlə, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranır. Azərbaycan regional proseslərdə daha müstəqil mövqe tutur, Ermənistan Moskvanın orbitindən uzaqlaşmağa çalışır, ABŞ isə sülh və kommunikasiya layihələri vasitəsilə regiona daha fəal qayıdır. Rusiya bütün bu prosesləri kənardan izləyən və mövcud təsir imkanlarını qorumağa çalışan aktora çevrilmək təhlükəsi ilə üz-üzədir.

Kreml Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytara biləcəkmi? Azərbaycan-Ermənistan sülh prosesinin Moskvanın iştirakı olmadan irəliləməsi Rusiyanın regiondakı siyasi çəkisini nə qədər azaldacaq? Ermənistanın Qərbə inteqrasiyası Rusiyanın Cənubi Qafqazdakı əsas dayağını sıradan çıxara bilərmi? TRIPP və yeni regional nəqliyyat xətləri Moskvanın illərdir sahib olduğu kommunikasiya rıçaqlarını tamamilə dəyişəcəkmi? 

ORUCOV SON.jpeg (33 KB)

Politoloq Əli Orucov Musavat.com-a deyib ki, Rusiyanın Cənubi Qafqazda zəifləməsi heç də onun regionda mövqelərinin tamamilə itməsi mənasına gəlmir:

“Moskvanın hələ də kifayət qədər ciddi təsir imkanları qalmaqdadır. Rusiya ilə birbaşa sərhəd, uzun illər ərzində formalaşmış siyasi, iqtisadi, ticari və humanitar əlaqələr, eləcə də enerji və nəqliyyat sahəsində mövcud münasibətlər Kremlin regiondakı əsas istinad nöqtələridir. Bu bağları qısa müddətdə qırmaq mümkün deyil və əslində region ölkələrinin də belə bir məqsədi yoxdur. Söhbət Rusiyadan tam təcrid olunmaqdan deyil, Moskva ilə münasibətlərdə daha balanslı, milli maraqlara əsaslanan və qarşılıqlı hörmət prinsipinə söykənən yeni modelin formalaşdırılmasından gedir. Ancaq problemin əsas səbəbi Rusiyanın özünün regiona yanaşmasındadır. Kremlin imperiyapərəst siyasəti, keçmiş sovet məkanına xüsusi təsir zonası kimi baxması və postsovet dövlətlərinin tam müstəqil, suveren və öz xarici siyasətini sərbəst müəyyən edən aktorlar kimi çıxış etməsini qəbul etməkdə çətinlik çəkməsi qonşu ölkələrdə ciddi narahatlıq yaradıb. Moskvanın “təhlükəsizlik” adı altında siyasi təsir imkanlarını qorumağa çalışması isə region dövlətlərini daha ehtiyatlı davranmağa vadar edir. Xüsusilə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə bu narahatlıqları daha da dərinləşdirdi. Ukrayna hadisələri postsovet məkanındakı ölkələrə çox açıq bir mesaj verdi. Rusiya öz təhlükəsizlik maraqları və geosiyasi məqsədləri naminə hərbi gücdən istifadə etməkdən çəkinməyə bilər. Bu isə qonşu dövlətlərdə “növbəti hədəf kim ola bilər?” sualını gündəmə gətirdi. Əvvəllər Moskva ilə münasibətlərə yalnız siyasi və iqtisadi prizmadan yanaşan ölkələr artıq milli təhlükəsizlik və suverenliyin qorunması məsələsinə daha həssas yanaşmağa başladılar. Digər tərəfdən, Rusiyanın Ukraynada uzunmüddətli müharibəyə cəlb olunması Moskvanın əvvəlki qədər geniş geosiyasi resurslara malik olmadığını da nümayiş etdirdi. Kremlin hərbi, iqtisadi və diplomatik imkanlarının böyük hissəsini Ukrayna cəbhəsinə yönəltməsi onun Cənubi Qafqaz da daxil olmaqla digər istiqamətlərdə manevr imkanlarını məhdudlaşdırdı. Bu, region ölkələri üçün yeni imkanlar yaratdı və onların xarici siyasətdə daha müstəqil davranmasına şərait yaratdı”.

Politoloq onu da diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağ məsələsində suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi də bu baxımdan mühüm dönüş nöqtəsi oldu:

“Ermənistanın Rusiya ilə münasibətlərində yaranan soyuqluq, Azərbaycanın isə müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlər qurması Cənubi Qafqazda əvvəlki geosiyasi modelin dəyişdiyini göstərdi. Artıq regionda heç bir böyük gücün əvvəlki kimi təkbaşına “hakim mövqe” tutması asan deyil. Bununla belə, Rusiyanın zəifləməsini onun Cənubi Qafqazdan birdəfəlik çıxması kimi qiymətləndirmək də düzgün olmaz. Moskvanın regionla tarixi əlaqələri, Ermənistan və Gürcüstanla münasibətlərdə qalan imkanları, Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələri, həmçinin İran və Türkiyə faktorları Rusiyanın burada müəyyən təsir imkanlarını qoruyub saxlamasına şərait yaradır. Sadəcə, həmin təsirin xarakteri dəyişir. Əvvəlki kimi dominant və diktəedici modeldən daha çox rəqabət, balans və qarşılıqlı maraqlar üzərində qurulan münasibətlər sistemi formalaşır. Əslində, Kremlin qarşısında duran əsas problem də məhz budur. Cənubi Qafqaz artıq Rusiyanın təkbaşına müəyyən etdiyi siyasi məkan deyil. Türkiyə, Azərbaycan, İran, Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələrinin regiona marağı artır. Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji layihələri və yeni nəqliyyat marşrutları Cənubi Qafqazın strateji əhəmiyyətini daha da yüksəldir. Bu mənada Ukrayna müharibəsində Rusiyanın “ilişib qalması” yalnız Moskvanın hərbi resurslarının tükənməsi məsələsi deyil. Bu, eyni zamanda postsovet məkanında Rusiyanın əvvəlki təsir modelinin sarsılması deməkdir. Region ölkələri artıq öz təhlükəsizliklərinin təminatını yalnız Moskvanın iradəsinə bağlamağın risklərini daha aydın görürlər. Buna görə də Cənubi Qafqazda əsas tendensiya Rusiyanı tamamilə kənarlaşdırmaq yox, onun təsirini digər güc mərkəzləri ilə balanslaşdırmaq və milli suverenliyi daha da möhkəmləndirmək istiqamətində inkişaf edir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR