İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan orta güc kimi qəbul edilir – Deputatdan gündəm açıqlamaları - MÜSAHİBƏ

Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev Musavat.com-a geniş müsahibə verib.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, keçirilən yüksək səviyyəli görüşlər, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmələndirilməsini nəzərdə tutan sənədlərin imzalanması, qarşılıqlı olaraq yüksək səviyyədə, ali ordenlərlə mükafatlandırılmalar və digər önəmli məsələlərdən bəhs edən müsahibəmizi təqdim edirik:

XyA270dWM3Qszh7sGBKJWX6zl4CTif75cOasDC1T_1200.jpg (175 KB)

- Rizvan bəy, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanın Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında şəxsən Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarovanın qarşılamaları iki ölkə liderləri və dövlətlərimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir. Reallıq bundan ibarətdir ki, münasibətlərin inkişafı bütövlükdə Mərkəzi Asiya ölkələrini əhatə edir. Son illər Azərbaycan Respublikası ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişafını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Azərbaycan - Mərkəzi Asiya əməkdaşlığı artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilə bilməz. Bu əməkdaşlıq Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasının əsas sütunlarından birinə çevrilməkdədir. Xüsusilə tarixi Qarabağ Zəfərindən sonra əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sürətlə inkişaf etməsi region dövlətlərinin düşünülmüş və uzunmüddətli strateji seçimidir. Bu dinamikanın əsasında dəyişən geosiyasi reallıqlar, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli və Prezident İlham Əliyevin milli maraqlara söykənən, uzaqgörən, balanslaşdırılmış, praqmatik və çoxşaxəli xarici siyasət strategiyası dayanır. 2025-ci ilin noyabrında Daşkənddə keçirilmiş VII Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın platformanın tamhüquqlu iştirakçısı kimi qəbul edilməsi çoxtərəfli formatda əməkdaşlıq üçün keyfiyyətcə və institusional baxımından yeni mərhələnin əsasını qoydu. Bu qərar ölkəmizin Mərkəzi Asiya ilə çoxtərəfli fornatda münasibətlərinin institusional əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirdi və Azərbaycanın regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinin formalaşdırılmasında fəal rolunu təsdiqlədi. Digər mühüm və tarixi hadisə isə iyulun 31-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasıdır. Bununla Azərbaycanın daha əvvəllər müttəqilik münasibətləri qurduğu Mərkəzi Asiya dövlətləri Qazaxıstan və Özbəkistanın sıralarına Qırğızıstanı da daxil etdi. Bu uğur Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasətin praktik nəticəsidir. Azərbaycanın bu platformada tamhüquqlu iştirakı Mərkəzi Asiya - Azərbaycan əməkdaşlığının institusional əsaslarını əhəmiyyətli dərəcədə gücləndirməklə yanaşı, regional əməkdaşlıq formatına yeni strateji məzmun qazandırır. Bu iştirak Xəzər hövzəsi və Orta Dəhliz boyunca siyasi dialoqun dərinləşməsinə, iqtisadi inteqrasiyanın sürətlənməsinə, nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə və qarşılıqlı investisiya imkanlarının artmasına güclü təkan verir. Eyni zamanda, Azərbaycanın platformaya inteqrasiyası Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasında ölkəmizin körpü və əlaqələndirici dövlət kimi rolunu daha da möhkəmləndirir.

lJEdtNKfFUf28u95Ha1ZiVfBC7pziayI1ltrB5b8_1200.jpg (305 KB)

- Azərbaycanın Cənubi Qafqaz - Mərkəzi Asiya regionundakı mövqeyini necə xarakterizə etmək olar?

- Bu gün Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün etibarlı siyasi tərəfdaş, mühüm tranzit qovşağı, cəlbedici investisiya platforması və Türk dünyasında inteqrasiyanı təşviq edən aparıcı aktor kimi qəbul edilir. Bu prosesdə həmçinin dövlət başçıları diplomatiyası xüsusi rol oynayır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin liderləri, o cümlədən Qırğız Respublikasının Prezidenti Sadır Japarovla qarşılıqlı etimada və açıq dialoqa əsaslanan münasibətləri həm ikitərəfli, həm də regional əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm siyasi zəmin yaradır. Prezident Sadır Japarovun Prezident İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı - “Manas” ordeni ilə təltif etməsi, Prezident İlham Əliyevin isə Prezident Sadır Japarovu Azərbaycanın ali dövlət təltifi olan “Heydər Əliyev” Ordeni ilə mükafatlandırması bu yüksək etimadın, strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin bariz göstəricisidir.

- Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin - Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçılarının qeyri-rəsmi görüşü Çolpon-Ata Bəyannaməsinin imzalanması ilə yekunlaşdı. Bu sənədin əhəmiyyəti barədə nə demək olar?

- Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyən mühüm siyasi sənəddir. Bəyannamə təkcə mövcud tərəfdaşlıq münasibətlərinin siyasi təsdiqi deyil, həm də gələcək əməkdaşlığın strateji prioritetlərini və institusional inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsi funksiyasını yerinə yetirir. Sənəddə əks olunan prinsiplər siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat və enerji bağlantılarının genişləndirilməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də humanitar və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün kompleks çərçivə formalaşdırır. Bu baxımdan Bəyannamə Avrasiya məkanında sülhün, sabitliyin və dayanıqlı inkişafın təşviqinə xidmət edən mühüm siyasi platformanın inkişafına ciddi töhfə kimi qiymətləndirilə bilər. Sənədin mühüm cəhətlərindən biri Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yalnız müasir geosiyasi və geoiqtisadi maraqlarla məhdudlaşmadığını, eyni zamanda dərin tarixi, mədəni və sivilizasiya bağlarına söykəndiyini ön plana çıxarmasıdır. Bəyannamədə ortaq tarixi irsin, mədəni yaxınlığın və ümumi mənəvi dəyərlərin xüsusi vurğulanması əməkdaşlığın uzunmüddətli və dayanıqlı xarakter daşıdığını nümayiş etdirir. Bu yanaşma tərəfdaşlığın etibarlı siyasi təməl üzərində qurulduğunu göstərməklə yanaşı, Türk dünyasında inteqrasiyanın dərinləşməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional həmrəyliyin gücləndirilməsi üçün də əlverişli zəmin yaradır.

KİRGİZ.jpg (231 KB)

- Necə bilirsiniz, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın bu qədər sürətlə inkişaf etməsini hansı amillər şərtləndirir?

- Mən bunu bir neçə əsas amillə izah edərdim. Birincisi, Prezident İlham Əliyevin starteji tərəfdaşlarımızın sayının artırılması, mövcud münasibətlərin dərinləşdirilməsini hədəfləyən uzaqgörən xarici siyasət strategiyasıdır. Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu diplomatiyası Mərkəzi Asiyanı xarici siyasətin əsas prioritet istiqamətlərindən birinə çevirib. Son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi də bunu aydın göstərir. Bir faktı vurğulamq istərdim, Azərbaycan Prezidenti son illərdə Mərkəzi Asiya ölkələrinə 15 dövlət, rəsmi və işgüzar səfər həyata keçirib. Beş dövlətin ali rəhbərləri isə analoji dövrdə 23 dəfə Azərbaycanda səfərdə olublar. İkincisi, yeni geosiyasi reallıqlardır. Azərbaycan torpaqlarının işğalına son qoyduqdan, ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra regionda yeni siyasi reallıqlar yarandı. Sülh və sabitlik şəraitində bütün aktorlarla əməkdaşlığın inkişafını və dərinləşdirilməsini hədəfləyən Prezident İlham Əliyevin praqmatik xarici siyasət kursu praktik nəticələrini verir. Azərbaycan orta güc kimi qəbul edilir, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar.

Rusiya - Ukrayna müharibəsi, Yaxın Şərqdəki illərdir davam edən gərgin hərbi-siyasi vəziyyət, eləcə də digər regional, qlobal proseslər regionallaşma, regional güc mərkəzlərinin yaranmasını şərtləndirir. Bu proseslərdə mövqe qazanmaq üçün eyni dəyərləri bölüşən dövlət, Azərbaycan, Mərkəzi Asiya dövlətləri, eləcə də Türkiyə güclərini konsolidasiya edirlər. Üçüncüsü, nəqliyyat diplomatiyasıdır. Yuxarıda sadaladığım proseslər Avrasiyanın nəqliyyat xəritəsinə də ciddi təsir göstərir. Bunun nəticəsində Orta Dəhlizin əhəmiyyəti kəskin artıb və Azərbaycan Mərkəzi Asiyanı Türkiyə və Avropa bazarları ilə birləşdirən əsas tranzit mərkəzinə çevrilməkdədir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, onun Avropaya tranziti təmin edən vacib həlqələri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı – Tiflis - Qars dəmir yolu artıq böyük bir regionun iqtisadi inteqrasiyasının əsas platformalarındandır. Son beş ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin təxminən 1 milyon tondan 4,5 milyon tona yüksəlməsi bunun praktik nəticəsidir. Zəngəzur dəhlizinin açılması, Naxçıvan-İqdır - Qars dəmir yolunun istifadəyə verilməsi ilə bu imkanları daha da genişləndirəcək. 2025-ci il 8 avqustda Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin 3 və 4-cü bəndlərində təsbit olunmuş regionda nəqliyyat -kommunikasiya yollarının açılması, bərpası da bu strategiyanın, yəni Avrasiyanı əlaqələndirən yeni, alternativ nəqliiyat marşrutunun inkişafı strategiyasının tərkib hissəsidir. Digər vacib faktorlar isə enerji, yaşıl enerji və rəqəmsallaşma sahələrində planşdırılan əməkdaşlıqdır. Bu sahədə əməkdaşlıq isə çoxətərfli formatda daha perspektivlidir və Avropa dövlətləri ilə də münasibətlərin inkişafı üçün vacib sahələrdir.

DAHLİZ.jpg (240 KB)

- Enerji və rəqəmsal əməkdaşlıq sahərədində əməkdaşlıq barədə ətraflı nə deyə bilərsiniz?

- Bu gün əməkdaşlığın yeni strateji istiqamətləri yaşıl enerji və rəqəmsal bağlantılardır. Bakıda, 2024-cü ilin noyabrında, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində strateji əməkdaşlıq barədə razılaşma əldə etdilər. Bu təşəbbüslərin praktik icrası üçün “Yaşıl Dəhliz” Birgə Müəssisəsi yaradılıb. Məqsəd Xəzər regionunda vahid enerji sisteminin formalaşdırılması və yaşıl enerjinin Avropaya nəqlidir. Azərbaycan həmçinin, Gürcüstan, Rumıniya və Macarıstanla da yaşıl enerjinin Qara dənizin dibi ilə ixracı barədə Anlaşma Memorandumu imzalayıb. Sonra Bolqarıstan bu layihəyə qoşuldu. Avropa İttifaqı isə onu dəstəkləmək istiqamətinə planlar hazırlayır. Digər mühüm layihə isə Transxəzər Rəqəmsal İpək Yoludur. Bakı - Aktau sualtı, Xəzər fiber - optik kabeli vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında təhlükəsiz rəqəmsal bağlantıların yaradılması nəzərdə tutulur. Bu layihə Azərbaycanın rəqəmsal tranzit mərkəzi kimi rolunu daha da gücləndirəcək.

- Necə bilirsiniz, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün hansı mexanizmlər mövcuddur?

- Son illərdə yaradılmış birgə investisiya fondları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan - Qazaxıstan (300 milyon ABŞ dolları), Azərbaycan - Özbəkistan (500 milyon ABŞ dolları) və Azərbaycan - Qırğızıstan (100 milyon ABŞ dolları) Birgə İnvestisiya Fondları sənaye, logistika, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində birgə layihələrin maliyyələşdirilməsi üçün mühüm platformadır. Bu, münasibətlərin siyasi dialoqla paralel iqtisadi inteqrasiya müstəvisində inkişafını göstərir. Belə ki, bu fondlar iki istejsal müəssisələrinin yaradılması, əlavə dəyər formalaşdırmaq üçün effektiv mexanizmlərdir. Hazırda Azəbaycanın Mərkəzi Asiyanın 5 dövləti ilə illik ümumi ticarət dövriyyəsi 1,8 milyrad ABŞ dollarına yaxındır, bunun 1,5 milyardı Özbəkistan və Qazaxıstanın payına düşür. Qırğızıstanla isə ötən il tocarət dövriyyəmiz 77 milyon ABŞ dollarına çatıb, bu mövcud potensialdan aşağıdır. Prioritet növbəti illərdə Azərbaycan və Mərkəzi Asiay dövlətləri arasında 20 milyard ABŞ dollar həcmində ticarət həcminə çatmaqdır. Bunun üçün potensial və siyasi iradə mövcuddur.

PQ5ewvGvv9fIiGg0zpi7hZjQ3J5w7L5sK2GkW6xp_1200.jpg (147 KB)

- Bəs Türk Dövlətləri Təşkilatının bu prosesdə rolu necədir?

- Türk Dövlətləri Təşkilatı artıq uzun illərdir ki, mədəni əməkdaşlıq platforması çərçivəsini aşıb. Bu gün təşkilat iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsallaşma, investisiyalar və təhlükəsizlik də daxil olmaqla 35-dən çox istiqamətdə əməkdaşlığı əhatə edən strateji çoxtərəfli mexanizmə çevrilib. 2025-ci ildə Qəbələdə keçirilən Zirvə Görüşü də təşkilatın institusional inkişafında, əməkdaşlıq sahələrinin genişləndirilməsi baxımından mühüm mərhələ oldu. Tarixi Qarabağ Zəfərindən sonra ilk dəfə idi ki, TDT Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və digər lidelərin dəstəyi ilə sülh, sabirlik və təhlükəsizlik məsələlərini öz gündəliyinin əsas mövzusu seçib.

WhatsApp Image 2026-07-31 at 14.15.57.jpeg (86 KB)

- Rizvan bəy, yekun olaraq, Azərbaycanın regional rolunu perspektivdə necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, formalaşan yeni regional əməkdaşlıq modelində Azərbaycanın rolu strateji xarakter daşıyır. Ölkəmiz artıq Cənubi Qafqazla Mərkəzi Asiya arasında əsas strateji körpü, Orta Dəhlizin aparıcı iştirakçısı, enerji və rəqəmsal bağlantıların əsas qovşaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan yalnız region dövlətləri ilə münasibətlərini yeni səviyyəyə qaldırmayıb, həm də Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasının formalaşmasında əsas aktorlardan birinə çevrilməkdədir. Bu, həm dövlətimizin artan beynəlxalq nüfuzunun, həm də uzunmüddətli strateji baxışının mühüm göstəricisidir. Xüsusilə tarixi Qarabağ Zəfərindən sonra Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sürətlə inkişaf etməsi region ölkələrinin düşünülmüş və uzunmüddətli strateji kursunun nəticəsidir. Bu dinamikanın əsasında dəyişən geosiyasi reallıqlar, qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modeli və Prezident İlham Əliyevin ardıcıl, praqmatik, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyası dayanır. Bu gün Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün etibarlı siyasi tərəfdaş, mühüm tranzit qovşağı, cəlbedici investisiya platforması və Türk dünyasında inteqrasiyanın dərinləşməsini təşviq edən aparıcı aktor kimi qəbul edilir. Bu prosesdə mühüm rol oynayan amillərdən biri də dövlət başçıları diplomatiyasıdır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin bütün liderləri, o cümlədən Qırğız Respublikasının Prezidenti Sadır Japarovla qarşılıqlı etimada, dostluğa və açıq dialoqa əsaslanan şəxsi münasibətləri regional inteqrasiyanın dərinləşməsi üçün güclü siyasi impuls yaradır.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR