Onlayn ictimai-siyasi qəzet
Ölkə ərazisində, xüsusilə də paytaxt Bakıda küçə itləri ilə bağlı yaranmış təhlükəli durum vətəndaşları narahat edir.
Musavat.com-un əməkdaşı Xətai rayonu ərazisində rastlaşdığı real durumla bağlı foto və videogörüntüləri təqdim edir. Kadrlardan da aydın olur ki, təhlükə yaradan küçə itlərinin sayı nəinki azalmayıb, əksinə, artım prosesi davam etməkdədir.
General Şıxlinski küçəsi istiqamətindəki yamacdakı it sürüsü sakinləri qorxu içərisində saxlayır. Sakinlər deyirlər ki, itlər yeni doğulan balalarına görə bir az da aqressivləşiblər və dəfələrlə ərazidən keçənlərə cumublar. Bir müddət öncə itlərin hücumuna məruz qalan iki xanım yıxılaraq xəsarət alıb, onlardan birinin qolu qırılıb.
Bir neçə günlük küçüklər isə yemək axtarışına çıxıblar. Bəzən sakinlər onlara yemək verir, amma deyirlər ki, bu da təhlükədir.
Vətəndaşlarla söhbət zamanı bildiriblər ki, əvvəllər aidiyyati qurumdan küçə itlərinin yığılması həyata keçirilirdi. Amma son illər bu məsələyə əhəmiyyət verən yoxdur.
Eyni vəziyyət general Mehmandarov, həmçinin İnqilab İsmayılov küçələrində də hökm sürür. Bəzi binaların zirzəmisi küçə itlərinin sığınacağına çevrilib. Qış aylarında özünə yem tapmaqda çətinlik çəkən bu canlılar daha da azğınlaşırlar.
İtlərin kütləvi şəkildə yığışdırılmasını mümkün saymayan, onların güllələnməsinə isə birmənalı şəkildə etiraz edən sakinlər küçə itlərinin peyvənd olunmasını daha məqsədəuyğun hesab edirlər. Əks təqdirdə, quduzluğa yoluxub-yoluxmadığı məlum olmayan bu itlərin hər an onlara, xüsusən də azyaşlı uşaqların həyatına təhlükə yarada biləcəyini deyirlər.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ