İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda silahlanma yarışı

Bölgədə klassik mənada tammiqyaslı silahlanma yarışı olmasa da, təhlükəsizlik balansını dəyişməyə yönəlmiş məqsədli hərbiləşmə prosesi gedir

Son illər Cənubi Qafqaz regionunda hərbi fəallığın artması, yeni silah müqavilələri və təhlükəsizlik ritorikasının sərtləşməsi fonunda “silahlanma yarışı” anlayışı daha tez-tez səslənir. Ekspertlərin qiymətləndirmələrinə görə, bölgədə klassik mənada tammiqyaslı silahlanma yarışı olmasa da, təhlükəsizlik balansını dəyişməyə yönəlmiş məqsədli və selektiv hərbiləşmə prosesi gedir.

Müşahidəçilər bildirirlər ki, silahlanma prosesi daha çox qarşıdurmanın yenidən alovlanması ehtimalına qarşı qabaqlayıcı tədbir xarakteri daşıyır və siyasi dialoqun alternativinə çevrilmək riski yaradır. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra hərbi doktrinasında keyfiyyət üstünlüyünün saxlanılmasına xüsusi önəm verir. Müdafiə sahəsində əsas prioritetlər sırasında pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli zərbə vasitələri, müasir hava hücumundan müdafiə sistemləri və rəqəmsal döyüş idarəetməsi dayanır.
Müharibədən sonra ciddi hərbi və psixoloji itkilər yaşayan Ermənistan üçün əsas çağırış ordunun bərpası və müdafiə qabiliyyətinin artırılmasıdır. Son illər İrəvanın silah idxalında diversifikasiya siyasəti diqqət çəkir. Fransa və Hindistanla imzalanan müqavilələr, yeni artilleriya sistemləri və hava hücumundan müdafiə vasitələrinin alınması bu kursun tərkib hissəsi kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, Ermənistanın silahlanması daha çox müdafiə xarakteri daşıyır, lakin regionda balansı dəyişmək potensialı məhduddur.

Gürcüstana gəlincə, regiondakı silahlanma dinamikasında nisbətən kənar mövqedə qalır. Tiflis açıq hərbi yarışdan qaçaraq NATO standartlarına uyğunlaşma, müdafiə institutlarının institusional gücləndirilməsi və minimum təhlükəsizlik səviyyəsinin qorunması xəttini seçib.

Rusiya ilə 2008-ci il müharibəsinin yaratdığı reallıqlar Gürcüstanı ehtiyatlı davranmağa vadar edir. Bu səbəbdən ölkə regionda silahlanma yarışında aktiv iştirakçı sayılmır.
Analitiklərin qənaətinə görə, Cənubi Qafqazda hazırkı mərhələdə klassik, simmetrik silahlanma yarışından daha çox asimmetrik və siyasi risklərə bağlı hərbiləşmə prosesi müşahidə olunur. Əsas təhlükə ondan ibarətdir ki, silahlanma siyasi dialoqun yerini tutaraq yeni eskalasiya risklərini artıra bilər.

Mütəxəssislər vurğulayırlar ki, uzunmüddətli sabitlik yalnız hərbi balansla deyil, hərtərəfli sülh sazişləri, regional əməkdaşlıq mexanizmləri və etimad quruculuğu tədbirləri ilə mümkün ola bilər.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin 70 faizi Azərbaycan Ordusu tərəfindən tamamilə məhv edilib:

“Ermənistan ordusunun silah arsenalı Qarabağda döyüşlərə göndərilmişdi. Azərbaycan Ordusu onların böyük hissəsini məhv etdi və qənimət kimi götürdü. Müharibədən sonra Ermənistan silahlar əldə etmək üçün Hindistan, Fransa və digər dövlətlərlə müqavilələr bağlamağa başladı. Müqavilələrə əsasən silahları əldə etməkdədirlər. Ermənistan sürətli şəkildə həm hücum silahları, həm də müdafiə silahları ilə silahlanır. Bu isə region üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanla hələ sülh müqaviləsi imzalamayıb. Ermənistanın konstitusiyasında qonşu ölkələrə ərazi iddiaları hələ də qalır. Ermənistanda revanaşizm meylləri yenə də mövcuddur. Revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda indi Ermənistanın aldığı silahlar bütün regionu müharibə alovuna bürüyə bilər. Ona görə də belə bir ölkənin silahlanması təbii ki, sülhə xidmət etmir, regionda gərginliyə səbəb olur. İrəvan rəsmi ritorikada silahlanmanı "müdafiə xarakterli" kimi təqdim etsə də, müdafiə və hücum anlayışları müasir müharibələrdə sərhədlərini xeyli itirib. Eyni zamanda Ermənistan faktiki olaraq hücum silahları əldə edir. Ermənistan Fransadan radarlar, hava hücumundan müdafiə (Mistral, GM200), rabitə və müşahidə texnologiyaları, Hindistandan Pinaka YARS, artilleriya sistemləri, raket komponentləri alır. Bu silahlar Ermənistanın hava məkanının qorunmasını gücləndirir, dərinlikdə yerləşən hədəflərə zərbə imkanını artırır, ordunun operativ dözümlülüyünü yüksəldir. Bu silahlanma regionda balansı köklü şəkildə dəyişə bilməsə də lokal səviyyədə qismən dəyişə bilər. Ona görə balansı köklü dəyişə bilməz ki, Azərbaycan Ordusu texnologiya, təlim, əməliyyat təcrübəsi və inteqrasiya baxımından hələ də üstündür və inkişafdadır. Türkiyə ilə hərbi əməkdaşlıq faktiki olaraq Azərbaycanın strateji arxa-dayağıdır, Ermənistanın canlı qüvvə ehtiyatı məhduddur, iqtisadi və sənaye bazası zəifdir. Amma silahlanma Ermənistan tərəfinə “təhlükəsizlik illüziyası” verə bilər ki, bu illüziya isə tarixdən də bəllidir ki, ən təhlükəli faktordur".

Ekspert onu da dedi ki, Cənubi Qafqaz regionunda ümumi silahlanma tendensiyası xarici oyunçuların, məsələn, Fransa, Rusiya, İran kimi ölkələrin, eləcə də Hindistanın öz silahları ilə regionda mövqe qazanmağa çalışmasına gətirib çıxara bilər. Hindistan nümunəsində artıq bunun işartıları var. Eyni zamanda silahlanma sülh prosesini zədələyə bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR