Onlayn ictimai-siyasi qəzet
Meyer Lanski, mübahisəsiz olaraq, Amerikanın ən şanslı qanqsterlərindən biridir. O, öldürülməyib, həbs olunmayıb və ya sərvətindən məhrum edilməyib. Qanqster 81 yaşında Mayamidə azadlıqda öz əcəli ilə vəfat edib. Onun həyatı pis nümunədir, lakin bu, Hollivud filmi üçün əla əsasdır.
Meyer Lanski, Al Kaponenin özü də daxil olmaqla, bütün cinayətkar sindikatların hörmət etdiyi Amerika mafiyasının əfsanəsidir. Al Kapone jurnalistlər qarşısında “poza” verərkən, o kölgədə pulları sayıb. “Çirkli pullar”ın yuyulmasını kəşf edən Meyer offşor hesabları ilk dəfə dünyaya təqdim edib. Kuba diktatorunun hörmət etdiyi şəxs həbslər başlayan zaman “sudan quru” çıxıb.

Ötən əsrin əvvəllərində Meyer valideynləri ilə birlikdə ABŞ-yə köçüb, Manhettenin cinayətkarlıqla dolu bir hissəsində böyüyüb, dəstə yaradıb və bir neçə il ərzində özünü adi bir qaçaqmalçıdan yüz milyonlarla dollar qazanan beynəlxalq qumar imperiyasının başçısına çevirib. “Əgər qanuni biznesə başlasaydı, “General Motors”un rəhbəri ola bilərdi”, - deyə illərdir onun işi üzərində işləyən, lakin onu həbsxanaya salmaq üçün heç bir səbəb tapmayan FTB agentlərindən biri Lanski haqqında deyib.
Meyer Lanskinin dəqiq doğum tarixi məlum deyil. O, ehtimal ki, 28 avqust 1900-cü ildə o vaxtlar Rusiya imperiyasının tərkibində olan Qrodnoda yəhudi Suxomlyanskinin ailəsində anadan olub. 20-ci əsrin əvvəlləri Rusiya imperiyasındakı yəhudilər üçün çətin bir dövr başlayıb. İcma üzvlərinə qarşı zorakılıqla müşayiət olunan qırğınlar və talanlar şəhər və qəsəbələrdə tez-tez baş verib. Qırğınlar Suxomlyanski ailəsini köçmək barədə düşünməyə məcbur edib. Bu, yaşlı və gənc nəsillər arasında mübahisələrə səbəb olub. Nənə və babalar Fələstinə getmək istəyiblər, ana və atalar isə ABŞ variantını dəstəkləyib.

Meyerin atası Maks 1909-cu ildə təkbaşına ABŞ-yə səyahət edib. Səyahət quru və dəniz yolu ilə bir neçə həftə çəkib. Orada o, fabrikdə fəhlə işi tapıb və iki il ərzində həyat yoldaşını və uşaqlarını özü ilə gətirmək üçün kifayət qədər pul yığıb.
O dövrdə ABŞ-də miqrant uşaqlar üçün heç bir güzəşt olmayıb. İngilis dilində danışmayan Meyer və Yakov dərhal birinci sinfə yazılıblar və orada onlardan amerikalı uşaqlarla eyni səviyyədə bilik və hazırlıq nümayiş etdirmələri gözlənilib. Meyer yeniyetməlik illərində qumara maraq göstərməyə başlayıb. Onun ailəsinin sonradan köçdüyü məhəllədə, Manhetten küçələrində qumar oyunları geniş yayılıb. Meyer uzun müddət oyunçuları izləyib və bütün gizlinləri öyrənib.
Fenomenal yaddaşa, müşahidə qabiliyyətinə və riyazi zəkaya malik Meyer mürəkkəb riyazi məsələləri zehnində həll edə bilib. Ailəsi Manhettenə köçdükdən sonra oxuduğu yeni məktəbdə o, tez bir zamanda ən yaxşı şagirdlərdən birinə çevrilib.

1921-ci ildə 19 yaşlı Meyer və 15 yaşlı Baqsi bir dəstə yaradıbla və hər cür pis əməllər törətməyə başlayıblar: şantaj, döymə, asayişi pozmaq, kiçik qumar müəssisələrini qorumaq, oğurluq və avtomobil qaçırma. Hər ikisi bir neçə dəfə həbs olunsa da, cərimələrlə xilas olublar.
“Böyük depressiya”nın başlamasından sonra Lanski də daxil olmaqla qanqsterlərin mövqeyi güclənib, hətta Al Kapone də hərəkətlərini şəxsən Lanski ilə əlaqələndirməyə məcbur olub. Lanski həmçinin Baham adalarındakı rəsmilərlə əlaqə qurub və oradan konyak və arağı Floridaya göndərib. Daha sonra o, üç milyon dollar rüşvət aldıqdan sonra Baham adalarını qumar məkanına çevirib və ilk eksklüziv otel-kazino açıb.
Onun növbəti kazinoları Çikaqo, Klivlend və Detroytda tikilib. 1937-ci ilə qədər Florida, Yeni Orlean və Kubada qumar evlərinə sahib olub. Lanski həmçinin Las Veqası ABŞ qumar sənayesinin mərkəzinə çevirmək qərarına gəlib. Mafiya tərəfdaşları ilə birlikdə orada kazinolar tikməyə başlayıblar. Eyni zamanda o, bütün tanınan cinayətkarların mühasibi kimi fəaliyyət göstərib.

Onun yaxın dostu Baqsi Siqel Las-Veqas əməliyyatının rəhbəri təyin edilsə də, etimadı doğrultmayıb. Siqelin investorlardan alınan vəsaiti mənimsədiyi aşkar edildikdə, mafiya başçıları ondan yaxa qurtarmaq qərarına gəliblər. Lanski tərəfdaşlarını dayandıra bilməyib. 20 iyun 1947-ci ildə bir qatil Siqeli Los-Ancelesdəki evində güllələyərək öldürüb. Mərhumun əmlakı tikintini başa çatdıran Lanskinin nəzarəti altına keçib və tezliklə Las-Veqasda otelləri olan qumar kompleksi açılıb.
Digər mafiya boslarından fərqli olaraq, Lanski diqqətdən kənarda qalmağa çalışıb. O, jurnalistlərdən və fotoqraflardan qaçıb. Buna baxmayaraq, Federal Tədqiqat Bürosnun direktoru Edqar Huver mütəşəkkil cinayətkarlığa qarşı müharibə elan etdikdə, Lanski də hədəfə alınıb. Agentlər onu izləyib və jurnalistlər onun heç bir hərəkətini gözdən qaçırmayıblar. Amerika mediasında o, tez-tez “Bossların bossu” adlandırılıb. 1970-ci ildə vergidən yayınma ittihamlarından qorxan Lanski ABŞ-dən İsrailə qaçıb.

İsraildə Lanski hər bir yəhudiyə İsrail dövlətinə immiqrasiya etmək hüququ verən “Qayıdış qanunu”ndan yararlanmağa ümid edib. Lakin ölkənin Ali Məhkəməsi onun “ictimaiyyət üçün təhlükə” yaratdığını əsas gətirilərək vətəndaşlıq müraciətinə müsbət cavab verməyib. 1972-ci ildə Lanski müraciət etdiyi bütün ölkələr - İsveçrə, Braziliya, Argentina, Paraqvay, Boliviya, Peru və Panama tərəfindən sığınacaq almaqdan imtina edildikdən sonra ABŞ-yə qayıtmaq məcburiyyətində qalıb. Sonda o, vergidən yayınma ittihamları ilə məhkəmə qarşısına çıxıb. Lakin təqsirləndirilən şəxsin fiziki vəziyyəti pis olduğundan məhkəmə prosesi baş tutmayıb. “New York Times” qəzetinin məlumatına görə, həkimlər onun ürək problemləri, xroniki bronxit, artrit, xora və oynaq iltihabı olduğunu müəyyən ediblər. 15 yanvar 1983-cü ildə ailəsinin əhatəsində ağciyər xərçəngindən vəfat etdi. Onun son sözləri "məni buraxın" olub.
Öldüyü zamanı hesabında 57 min dollar olan Lanskinin 300 milyon dollarlıq sərvətinin olması sonradan məlum olub. 40 il Federal Təhqiqat Bürosu onun işinin araşdırıb, amma cüzi bir səhv tapa bilməyib.
O, ömrü boyu bir devizə əməl edib: “Əsl hakimiyyət o deyil ki, hər kəs səni tanısın, əsl hakimiyyət odur ki, heç kəs səni görməsin”.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ